Xəbər lenti

Ekonomiks 18:46 26.04.2024

Heç bir gəliri olmayan insanların problemləri: Dövlət, yoxsa icmalar dəstək olmalıdır?

Əyalətdə heç bir gəliri olmayan xeyli sayda insan yaşayır. Onlar gündəlik lazım olan ərzaq məhsullarını almağa belə çətinlik çəkirlər. Həmin insanlar kömək üçün rayon icra hakimiyyətlərinə üz tutub, onlara yardım etməsini istəyirlər. Bəzən icra hakimiyyətinin əməkdaşları onları qəbul etmir, dinləmirlər. Dövlət tərəfindən bu adamlara hər hansı yardım verilə bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bu problemlə bağlı qaydaların olmadığını vurğulayıb. Ekspert bildirib ki, burada həm hüququ, həm də insani məsələlər mövcuddur. Onun sözlərinə görə, hüquqi tərəfdən məsələlərə yanaşılsa, belə insanların sosial müavinət almaq hüququ var:

"Əgər vətəndaş işləmirsə, gəliri yoxdursa, müavinət ala bilər. Sosial müavinət almaq üçün müəyyən şərtlər var. Həmin şərtlərə uyğun gələnlərə dövlət sosial müavinət verə bilər. İndiki qanunvericilikdə belə insanların problemlərini həll etmək üçün təəssüf ki, xüsusi maddələr və yanaşmalar yoxdur".
 


Natiq Cəfərlinin sözlərinə görə, xarici ölkələrin təcrübəsində belə insanlara icmalar dəstək verir:

"Yəni, vətəndaş cəmiyyəti, QHT-lər, icmalar bu təbəqəyə yardım edir. Məsələn, mən ABŞ-da olanda bunun şahidi oldum. İcma öz ərazisində yaşayan tək insanlara yardım edir, onların işlə bağlı problemlərini həll edir, yaxud da işləməyənlərə aylıq ərzaq məhsulları paylayır. Azərbaycanda normal bələdiyyə institutları olsaydı, bu problem asan həllini tapardı. Bunu tək dövlət deyil, müxtəlif icmalar, yaxud da normal bələdiyyələr vasitəsilə həll etmək mümkün olardı. Yeri gəlmişkən, qardaş Türkiyədə bu məsələlərin həllində bələdiyyələr önəmli rol oynayır".
 
Natiq Cəfərli əlavə edib ki, həmin şəxslər indiki qanunvericiliyə görə yalnız Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edə bilərlər:

"Yalnız oradan sosial yardım ala bilərlər. Ona da qanun imkan versə. Başqa cür qanunvercilikdə belə maddə yoxdur. Yaxşı ki, bu məsələyə toxunmusunuz. İctimai müzakirələr açmaq və ictimaiyyəti bu müzakirələrə cəlb etmək lazımdır. İcmaların və yaxud da QHT-lərin işində bu insanlara qayğını bir predmetinə çevirmək mümkündür. Hətta belə bir anlayış da var, biznesin sosal məsuliyyəti. Ola bilər ki, hansısa bir bisnes qurumları onları himayəyə götürsünlər. Bunun üçün onlara müəyyən vergi güzəştləri vermək olar. Dövlət bu istiqamətdə addım ata bilər. Bu problemə kompleks yanaşmaq lazımdır. İnanmıram ki, həmin şəxslərlə bağlı xüsusi qanun qəbul edilsin. Amma ictimai müzakirələrlə bu problemi həll etmək mümkündür".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->