Siyasət 18:52 26.11.2022

Qriqoryanın Avropa səfəri nəyə hesablanıb: Paris Ermənistanı müharibəyə hazırlayır?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa və Almaniyaya səfər edəcək. Səfərin dəqiq tarixi hələlik bəlli olmasa da, Qriqoryanın Paris və Berlində işgüzar görüşlər keçirəcəyi bildirilib. TŞ katibi bundan əvvəl də Hindistanda səfərdə olub.

Politoloq Tural İsmayılov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Qriqoryanın Almaniya səfərindən ciddi nəticə gözləmir: 

"Ermənistanın Fransa ilə münasibətləri kifayət qədər dərinləşib. Paris Ermənistanın demək olar ki, iştirakçı olduğu bütün proseslərdə iştirak etməyə çalışır. Ona görə də erməni nazirlərin tez-tez Fransaya səfərlərinin şahidi oluruq. Fransa regionumuzda özünə yer etmək üçün İrəvanı Rusiyanın orbitindən tamamlə çıxarmağa çalışır. Paşinyanın son dövrlər verdiyi açıqlamalar, KTMT əleyhinə həyata keçirdiyi fəaliyyətlər Moskvanın ciddi narazılığına səbəb olub. KTMT-nin son İrəvan iclasında gördük ki, Belarus və Rusiya rəhbərləri Paşinyana qarşı kifayət qədər aqressiv mövqe sərgilədilər. 



Almaniyaya gəlincə, bu ölkə Fransadan fərqli olaraq birmənalı şəkildə Ermənsitanın yanında yer almır. Berlinin Ankara ilə yaxşı münasibətləri var. Bu mənada Qriqoryanın Almaniya səfərinin Parisdən gələn direktivlərdən qaynaqlandığını düşünürəm. Fransanın tapşırığı əsasında İrəvan Almaniya istiqamətində də addımlar atmağa çalışır. Paris özünün İrəvanla olan yüksək münasibətinin Almaniya-Ermənistan münasibətinə də sirayət etməsini istəyir. Amma Almaniyada vəziyyət fərqlidir. Burada erməni deyil, türk diasporu güclüdür. Bu mənada Qriqoryanın Berlin səfərindən ciddi nəticələr gözləmirəm”.  

Qriqoryanın Fransaya olacaq səfərinə gəlinvı, ekspert hesab edir ki, Paris Ermənistanı müharibəyə hazırlayır:

"Qriqoryanın Fransa səfərindən sonra regionda cərəyan edəcək hadisələri diqqətlə təhlil etmək lazımdır. Çünki hər dəfə Ermənistan rəsmilərinin Fransaya səfərindən sonra Azərbaycanla sərhəddə təxribatlar törədilir. Onu da qeyd edim ki, Ermənistan müharibəyə hazırlaşır. Hər gün Azərbaycanla sərhəddə atəşkəsi pozur, sülh danışıqlarından da imtina ediblər. Fransa Ermənistanı müharibəyə hazırlayır. Bu mənada növbəti Azərbaycan-Ermənistan müharibəsi İrəvan üçün nə qədər dağıdıcı olacaqsa, Fransanın özü üçün də bir o qədər ciddi məğlubiyyətlə nəticələnəcək. Nəticədə Fransanın regiondakı siyasi hədəfləri tamamilə sıradan çıxacaq”.

Rüfət Sultan