Dünya 13:50 26.11.2022

Roma Papasının müharibə barədə açıqlaması: Ukrayna-Rusiya danışıqları başlayır?

Roma Papası Fransisk növbəti dəfə Ukrayna-Rusiya müharibəsilə bağlı fikirlər səsləndirib. "Sky News”un yazdığına görə, Papa bildirib ki, Ukrayna rəhbərliyi Rusiya ilə müharibəyə son qoymaq üçün "güzəştlərə getməli” olacaq.

"Liderlər faciəli vaxtlarda ölkəyə rəhbərlik etməyə, sülh və iqtisadi inkişaf üçün uzaqgörən qərarlar qəbul etməyə borcludurlar”, deyə Papa bildirib.

Politoloq Turan Rzayev Qaynarinfo-ya açıqlamasında bildirir ki, Roma Papasının sözləri artıq Kiyevlə Moskva arasında danışıqlar prosesinə start veriləcəyindən xəbər verir:

"Papanın məsələyə yanaşması əslində simvolik xarakter daşıyır. Aydın məsələdir ki, Vatikanın prosesə müdaxilə etmək gücü yoxdur. Papa Fransisk əslində XIX əsrin əvvəlində, Napoleonun Avropaya yürüşləri fonunda öz siyasi qüvvəsini itirib. Bununla belə, Roma Papasının açıqlamasına baş verəcək hadisələrin öncədən qeyd edilməsi kimi baxmaq olar. Papanın dedikləri ABŞ və Qərbin Rusiya-Ukrayna müharibəsində hansısa bir prosesə çalışmasına işarədir. İndiki mərhələdə müharibə öz şiddətilə davam edir. Amma ABŞ prosesin əvvəlki kimi, aktiv olmasını istəmir. Çünki o, müharibədə istəyinə nail olub və indiki mərhələdə prosesin daha da böyüməsində maraqlı deyil. Bunun nəticəsidir ki, İstanbulda ABŞ və Rusiya təmsilçiləri arasında gizli görüşlərin keçirildiyi də qeyd edilir. Türkiyə Prezidentinin son açıqlamaları da deməyə əsas verir ki, müharibənin müəyyən fazası bitib. Artıq gərginlik mərhələsi azalmağa doğru getməlidir. 
 


ABŞ-a bir regionda davamlı münaqişənin olması sərf etmir. Məsələn, Yaxın Şərqdə vaxtaşırı terror hadisələri olsa da, böyük münaqişələrin şahidi olmuruq. Bu qayda Ukrayna müharibəsi üçün də keçərlidir. Vaşinqton bu müharibədə istəyinə nail olub. Rusiya iqtisadiyyatı faktiki olaraq böyük zərbəyə məruz qalıb. Rusiyanın imici kəskin şəkildə aşağı düşüb. Artıq dünya Rusiyaya qorxulu güc qismində baxmır. Müharibə göstərdi ki, Ukrayna kimi müharibəyə hazır olmayan ölkə belə Qərbin cüzi dəstəyilə Moskvaya ciddi müqavimət göstərmək gücündədir. ABŞ bu fonda Rusiyanın postsovet məkanı ölkələri üzərindəki nüfuzunu da zədələyib. Rusiya danışıqlara məcburdur və ona gedəcək. Amma Kiyev danışıqlar prosesini uzatmaq istəyəcək. Lakin onun gücü və dəstəyi Qərbdən asılıdır, addımları bu dəstəyə uyğun şəkildə olacaq. Artıq danışıqlar prosesinə start veriləcək”.

Rüfət Sultan