Hüseynbala Səlimov
Siyasət 13:34 27.03.2023

Rusiyanın min birinci oyunu...

Ermənistandan separatçı bölgəyə hərbi texnika, silah-sursat daşınır, İrəvandan bu bölgəyə alternativ yollar çəkməyə cəhd edilir, Ermənistan növbəti müharibəyə hazırlaşır!.. 

Prinsipcə, bütün bu sözlərə təəccüblənməmək olardı, əgər bir mühüm detal olmasaydı: bu bəyanatların hamısında Rusiyanın, onun bölgədəki sülhməramlılarının adı hallanır. 

Əslində, heç bu da təəccüblü deyil, çünki münaqişənin otuz illik tarixində bizim Rusiyanı da tanımaq, onun bölgədəki oyunlarından baş şıxarmaq üçün xeyli imkanımız olub. 

Adətən Rusiya haqqında danışanda bu ölkə ilə rus ayısı arasında paralellər aparır və onu rus ayısı ilə assosiasiya edirlər. Həm də Rusiyanın siyasətindən danışanda təhlilçilər qeyd edirlər ki¸Kremlin qülləri çoxdur, bu isə o deməkdir ki, Moskvanın siyasəti çoxüzlü, çoxtərəflidir. Ayı məsələsinə gəldikdə isə belə bir deyim var ki, ayının min oyunu var, o da bir armudun üstündədir. İndiki vəziyyətdə Kremlin oyunu da adı artıq keçmişə qovuşmuş Dağlıq Qarabağın üstündədir...

İkinci Qarabağ savaşından sonra rus sülhməramlıları bölgəyə gələndə yazmışdıq ki, münaqişənin gedişində daha bir çətin mərhələ başlayır. Ona görə ki, şimal qonşumuz öz sülhməramlılarını ora elə-belə, necə deyərlər, məzələnmək üçün gətirmir. Belə də oldu. Bölgədə yerləşdikləri üç il ərzində rus sülhməramlıları az qala, üç min oyundan çıxdılar. 

Biz lap əvvəldən bu oyunların fərqində olmalıydıq. Birincisi, rus sülhməramlılarının bütün əlaqələri Ermənistanladır. Onlar keçmiş Dağlıq Qarabağı Azərbaycanın hissəsi saysaydılar, Azərbaycanla da əlaqələr qurar, Bakıya da gəlib–gedərdilər. 

İkincisi, hazırki şəraitdə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi müzakirə olunan bir vaxtda Moskva min oyundan çıxır. Səbəbi də bəllidi: Kreml Bakı ilə İrəvan arasında sülhün əldə olunmasını istəmir, çünki bu halda Kremlə ehtiyac qalmayacaq...

Qərəz, vəziyyət belə bir çətin duruma gəlib çatıb. Bəs Qərb nə düşünür? Qərb deyəndə hamının ağlına ilk növbədə Fransa gəlir. Paris indiki halda, ölkəni etirazların bürüdüyü bir vaxtda Cənubi Qafqazı da qarışdırmaqda, Ermənistana onun destruktiv əməllərində yardımçı olmaqda davam edir. Amma Qərb deyəndə bu müstəvinin əsas aktoru kimi ABŞ nəzərdə tutulur. Əvvəlcə onu deyək ki, Ermənistan Azərbaycanla ikitərəfli danışıqlar apardığını, nə ABŞ, nə də Rusiya senarisinə müraciət etmədiyini deyir. Qeyd edək ki, belə bir bəyanatla sonuncu dəfə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış etmişdi. O ki qaldı ABŞ-ın mövqeyinə, onun rəsmiləri daim qeyd edir ki, indiki vaxtda, Rusiyanın başının Ukraynadakı müharibəyə qarışdığı bir vaxtda, sülh sazişi imzalamaq üçün əsl fürsətdir. Amma ABŞ özü Rusiya kimi bu fürsətə əngəl olmaqda davam edir: gah Bakını keçmiş Dağlıq Qarabağı blokadaya almaqda ittiham edir, gah da separatçı rejim üçün status əldə etməyə cəhd göstərir. Sonuncu isə Bakının mövqeyilə birbaşa ziddiyyət təşkil edir. Rəsmi Bakı dəfələrlə qeyd edib ki, ermənilər kimi Azərbaycanda onlarla xalq, etnik qrup yaşayır və Bakı ermənilərə yalnız digər xalqların, etnik qrupların malik olduqları haqları və hüquqları verə bilər...

Hiss olunur ki, Vaşinqton bu yanaşma ilə razılaşmaq istəmir. Digər tərəfdən, bu ölkə Bakı və Ankara ilə qeyri-səmimi davranmaqda davam edir. Yaxın günlərdə Vaşinqtonda ikinci demokratiya sammiti baş tutmalıdır. Bu sammitə Ermənistanın dəvət aldığı halda, ora nə Bakını, nə də Ankaranı dəvət ediblər. Bu azmış kimi, ABŞ-ın Azərbaycana cəmi yeddi yüz min dollarlıq hərbi yardımı Konqresdə mübahisələrə səbəb olur, çünki Konqress demək olar ki, ermənipərəst siyasətçilərdən təşkil olunub. Elə demokratiya sammitinə də, necə deyərlər, dəvətnaməni ermənipərəst siyasətçilər paylayır. Amma burada maraqlı bir sual yaranır. Azərbaycan çox gənc dövlətdir və demokratiya ilə bağlı hansısa problemi ola bilər. Bəs Türkiyə necə? Doğrudanmı Türkiyədə hətta Ermənistanda olduğu qədər də demokratiya yoxdur? Deyirlər ki, bəs ABŞ öz maraqlarının diqtəsi ilə oturub-durur. Yenə də maraqlı sual yaranır: söhbət hansı maraqlardan gedir? ABŞ-ın milli maraqlarından, yoxsa başda prezident Cozef Bayden olmaqla Demokratlar Partiyasının maraqlarından?..

Hüseynbala Səlimov