Planetimizin yaddaşı hesab edilən okeanlar iqlim dəyişikliyinin ağır yükünü hər il daha güclü şəkildə daşıyır. Dünyanın müxtəlif ölkələrindən 50-dən çox alimin iştirakı ilə hazırlanmış yeni araşdırma göstərib ki, okeanların 2025-ci ildə udduğu istilik miqdarı bütün dövrlərin rekordunu qırıb.
Qaynarinfo xəbər verir ki, bu göstərici ilə okeanlar ardıcıl səkkizinci dəfə tarixdə ən isti səviyyəyə çatıb. 1960-cı illərdən etibarən aparılan müntəzəm müşahidələr dərin suların artıq nəhəng istilik anbarına çevrildiyini və bu prosesin geri qaytarılmasının düşünüləndən qat-qat uzun çəkəcəyini ortaya qoyur.
Araşdırmaya görə, okeanlar 2025-ci ildə əvvəlki illə müqayisədə xeyli artımla əlavə olaraq 23 zettajul enerji udub. Bu rəqəm kağız üzərində 21 sıfırlı, təsəvvür edilməsi çətin bir göstəricidir. Tədqiqatın müəlliflərindən biri, professor Con Abraham bu miqyasın ictimaiyyət tərəfindən daha yaxşı anlaşılması üçün diqqətçəkən bir müqayisə aparır: okeanların cəmi bir il ərzində topladığı bu əlavə enerji saniyədə 12 atom bombasının suyun altında partlamasına bərabər gücü ifadə edir. Başqa sözlə, bu istilik miqdarı Yer üzərində yaşayan bütün insanların istifadə etdiyi elektrik enerjisindən 200 dəfədən çoxdur.
Okeanlar atmosferdə ilişib qalan artıq istiliyin 90 faizindən çoxunu udaraq planetin ən böyük soyutma sistemi rolunu oynayır. Lakin bunun son dərəcə ciddi bir yan təsiri mövcuddur. Səth temperaturu El Nino kimi hava hadisələri səbəbindən zaman-zaman dəyişsə də, udulan bu nəhəng enerji okean cərəyanları vasitəsilə tədricən dərinliklərə ötürülür. Alimlər vurğulayırlar ki, səth temperaturu birbaşa bizi təsir edən hava şəraitini müəyyən edir, lakin dərinliklərdəki istilik miqdarı planetin əsl termostatıdır. Quru səthlər tez isinib soyusa da, okeanların dərin qatlarında başlayan bu isinmə prosesi bir dəfə start götürdükdən sonra onun dayandırılması əsrlər tələb edir.
Bu məlumatların toplanması üçün təkcə peyklərdən və ya gəmilərdən istifadə edilmir, texnologiya ilə təbiət birlikdə işləyir. Alimlər 3 mindən çox robotlaşdırılmış üzən platformadan ibarət qlobal şəbəkə ilə yanaşı, buzların altına dala bilən dəniz məməlilərinin üzərinə yerləşdirilmiş sensorlardan da məlumat əldə edirlər. Bu üsullar sayəsində robotların belə çata bilmədiyi dondurucu və qaranlıq bölgələrdəki istilik dəyişiklikləri qeydə alınır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu gün fosil yanacaqların istifadəsi tamamilə dayandırılsa belə, okeanların dərinliklərində toplanmış bu istiliyin yenidən səthə qalxaraq atmosferə qarışması nəsillər boyu davam edəcək. Baş verən bu misilsiz isinmə, təbiətin ödədiyi ağır bədənin hesabını gələcəkdə daha sərt şəkildə qarşımıza çıxara bilər.
Aydın
Şərhlər