250 milyon ildən sonra Yer tək bir super qitəyə çevrilə bilər
Yer planeti hər nə qədər sabit və dəyişməz görünsə də, əslində onun qabığı milyon illər boyu davam edən tədrici hərəkətlərlə daima dəyişir. Qitələr böyük tektonik plitələr üzərində yerləşir, zamanla bir-birindən ayrılır və sonra yenidən birləşirlər. Bu proses geologiya tarixində "superqita dövranı” kimi tanınır.
Qaynarinfo xəbər verir ki, hazırda yaşadığımız dövr bu dövranın ara mərhələsi hesab olunur. Təxminən 175 milyon il əvvəl parçalanmış Pangea superqitasından sonra qitələr hərəkət etməyə davam edir. Əgər bu geoloji proseslər eyni şəkildə davam edərsə, təxminən 250 milyon il sonra Yer planeti yenidən tək bir superqita formasına qayıda bilər.
Son iki milyard il ərzində Yer ən azı üç böyük superqita formalaşdırıb: Kolumbiya, Rodiniya və Pangea. Bu qitə blokları, tektonik plitələrin bir-biri ilə toqquşması nəticəsində yaranıb və zamanla yenidən parçalanıblar.
Elm adamlarının ehtimalına görə, bu dövranın növbəti mərhələsində "Pangea Proxima” adlı yeni bir superqita meydana gələ bilər. Bu fikir ilk dəfə 1982-ci ildə amerikalı geoloq Kristofer Skotiz tərəfindən irəli sürülüb. Əvvəlcə "Pangea Ultima” adlandırılmış bu nəzəri quruluş sonradan "Pangea Proxima” olaraq yenidən adlandırılıb.
Skotizin modelinə görə, Atlantik okeanının dibi zamanla batar və bu proses nəticəsində Şimali və Cənubi Amerika, Afrika və Avrasiya yaxınlaşaraq birləşər. Avstraliya və Antarktida da bu nəhəng quru kütləsinə yaxın mövqedə yerləşəcək. Yeni superqitanın mərkəzində isə kiçik bir okean hövzəsi formalaşa bilər.
Bütün tədqiqatçılar "Pangea Proxima” modelində həmfikir deyil. Alternativ modellərə görə, gələcəkdə baş verəcək qitə birləşməsi fərqli formalarda ola bilər. Bəzi ssenarilərdə bütün qitələrin qütb ətrafında toplanaraq "Amasiya” adlı superqita yaratması ehtimal olunur. Digər modellərdə isə qitələrin ekvator xətti boyunca birləşərək "Aurika” adlandırılan başqa bir superqita forması yaratması mümkün sayılır.
Bu cür irimiqyaslı geoloji dəyişikliklərin yalnız coğrafiyaya deyil, eyni zamanda Yer kürəsinin iqlim sistemlərinə və bioloji müxtəlifliyə də təsiri olacaq. 2023-cü ildə aparılmış bir araşdırmaya görə, gələcəkdə formalaşacaq superqita, qlobal istilik və rütubət balansını poza, xüsusilə quru məməliləri üçün dözümsüz şərait yarada bilər. Bu isə uzunmüddətli perspektivdə kütləvi yox olma riski deməkdir.
Qitələrin necə və harada birləşəcəyi, külək və okean axınlarını dəyişə bilər ki, bu da planetin iqlim şəraitində radikal fərqliliklər yaradacaq. Beləliklə, superqita yaranması təkcə geoloji deyil, həm də iqlim və ekosistemlər baxımından Yer tarixində dönüş nöqtəsi ola bilər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər