Xəbər lenti

78-lər: Qoynunda edamla yatanlar...
Məmməd SÜLEYMANOV
Video 11:38 05.03.2020

78-lər: Qoynunda edamla yatanlar...

Məmməd Süleymanov
 
17 sentyabr 1988-ci il, Türkiyə. Kirşehir həbsxanasından 18 dustaq - Dev-Yol üzvləri 118 metrlik tunel qazaraq qaçır.

Onlar qaçışı 12 sentyabra planlaşdırır - Hərbi çevrilişin ildönümünə. Bu, təbliğat məqsədi daşıyacaqdı. Ancaq 5 ay yarım ərzində qazdıqları tunel tam hazır olmadığından, 5 gün gecikirlər.

Sonralar həmin dustaqlardan biri - Sami Türkmen xatırlayacaqdı: "Yalnız bir şeydən narahatdıq - yağış yağar və tunel çökər”.

Təbliğat isə alınır: Dustaqlar məhbəsi tərk etməkdən əvvəl son dəfə geriyə baxaraq foto çəkdirirlər. Və həmin foto bir müddət sonra Türkiyə qəzetlərinin birinci səhifəsini "bəzəyərək” hərbçiləri dəli edir.

Fotoda dustaqlardan üçü yer alır: Sami Türkmen, Adem Kütük və Selman Altınöz. Onlardan ilk ikisi artıq 1 gün sonra yenidən həbs olunur. Azadlıqda vur-tut saatlar keçirirlər.

Aralarında ən təcrübəlisi 28 yaşlı Adem Kütükdür. Bu, onun ikinci qaçışıdır. Birinci dəfə 1980-cı ilin iyununda Adana həbsxanasından tunel qazaraq qaçır. O qaçış zamanı 4 devrimçi öldürülür, 5 nəfər isə azadlığa çıxa bilir. Ancaq tezliklə yenidən həbs.

Üçüncü dəfə isə Adem Kütük azad olunmağına aylar qalanda Malatya həbsxanasında tunel qazır. Bu dəfə qaça bilmir - ələ keçir.

Bu fəaliyyətinə görə ona yoldaşları”Göstəbək” təxəllüsü verir. 20 illik məhbus həyatının az olmayan hissəsi yerin altında yol aramağa həsr olunduğuna görə.

Bu, əvvəldir. Sonda yenidən Adem Kütüyə qayıdacağıq...

***

Türkiyə devrimində 68 nəsli ilə yanaşı bir 78 nəsli də var. İctimai şüurun unutmağa çalışdığı, anlamaq istəmədiyi bir nəsil.

O nəslin övladlarını Kenan Evren dəstə-dəstə həbsə atanda obıvatel rahatlanır: Sakitlik olacaq! Sənət adamları və ziyalılar isə diktatora minnətdarlıq üçün növbəyə durur. 

Onlar işgəncədən keçiriləndə cəmiyyət görməzdən gəlir. Kim ki həbsdən qaça bilir - ya başını götürüb mühacirətə yollanır, ya da obıvatellərin cərgəsinə dönür. Yusuf Hayaloğlu deyəcəkdi: "Meydanlarda boğazımızı yırtandan sonra hərə öz işinə-gücünə qayıtdı”.

68-lərdən, Deniz Gezmiş və Mahir Çayandan, Ulaş Bardaqçıdan və Yılmaz Güneydən, Yusuf Aslandan və İbrahim Kaypakkayadan fərqli olaraq, 78 nəsli ideal və nümunə sayılmır. Onlar haqqında filmlər çəkilmir - çəkiləndə də bu, ya yazıqlıq hissi ilə dolu "Atam və oğlum”, ya çarəsizlik aşılayan "Evə dönüş”, ya da faciəvi-karikatur, bir sözlə qrotesk "Beynəlmiləl”dir.

Onların ildönümündə məzarları başına oğlanlar və qızlar toplaşıb "Tək yol - Devrim” və "Yolunuz - yolumuzdur” söyləmir (Bəlkə də yeganə istisna 16 yaşlı Erdal Erendir).

Onlar 10-15 ildən sonra xəstə, yorğun və ümidsiz halda tanımadıqları ölkədə azadlığa çıxanda da çox cüzi hissəsi yoluna davam edir - Dursun Karataş və Sinan Kükül kimi.

Onlara şairlər şeir həsr etmir. Bu ən nəsibsiz nəslə şeirləri də elə özləri yazırlar - 1980-ın12 sentyabrının yetişdirdiyi məhbus şairlər.

Bu da bir 78-lər fenomenidir - söhbət məhbəsə düşən şairlərdən yox, məhbəsdə şair olanlardan gedir. Nevzat Çelik kimi, Ersin Ergün kimi.

İlk olaraq Nevzat Çelikin kitabı işıq üzü görür. 20 yaşı olanda Dev-Sol davasında edama məhkum olunan Nevzat 16 il həbsdə qalır. Onun şeirinə 1988-ci ildə Ahmet Kaya musiqi bəstələyir, beləliklə "Saçlarına ulduz qonmuş” mahnısı yaranır - Şeir Evrenin "Birini soldan, birini sağdan asın” göstərişindən sonra ilk edam olunan solçu Necdat Adalının xatirəsinə həsr olunur.

Sonra Ersin Ergünün "Bir ovuc şeir” kitabı çıxır. O, "Solçu yuvası” ODTU-da təhsilini yarımçıq qoyarkən bu addımını anasına belə izah etmişdi: "Əgər mən təhsil alsam, aydınlığa çıxacam. Bu, mənim üçün əhəmiyyətli deyil. Hamımızın birlikdə aydınlığa çıxması lazımdır”.

Dev-Sol davası və edam cəzası. Aylarla edamını gözləyir. İlk kitabı İsveç və Kataloniya PEN-klublarının mükafatını alanda Ersin hələ həbsdəydi. Yalnız 1991-ci ildə - 10 il həbsdən sonra azadlığa çıxır.

Ersin Ergünün "Məni tarixlə yarğıla” şeirinə Ahmet Kaya musiqi yazır və ifa edir;

"Sevgili yerinə 
Qoynuma edamlar alır, yataram,
Və sonra səbrlə gözlərəm,
Buludları çəkərsiniz üstümdən,
Günahsızlığımın hakimlərini mühakimə edərsiniz,
Və o gözəl gələcəyi gətirərsiniz mənə...”

Sonra əfsanəvi Fikri Sönməzin (Fatsa Respublikası, dərzi Fikri) xatirəsinə yazdığı "O Sönməz” şeirinə Mehmet Gümüş musiqi bəstələyir:

"Qozasından qurtulan kəpənək kimi,
Yeriməyə başlayan bir bəbək kimi
Sabahları alıb ovcuna
Dırmanırlar Günəşin al bürcünə”

Vəssalam. Nevzat Çelik də, Ersin Ergün də sakit və zahiri səs-küysüz həyatlarını davam etdirir. Onları nə TV ekranlarında, nə qəzet səhifələrində görərsiz.

Sanki 78 nəsli Türkiyə üçün unudulmağa çalışılan dəhşətli və çarəsiz bir travmadır. Onun nümayəndələri isə elə bil qurbanlıqlar yox, günahkarlardır...

***

2012-ci ilin 20 fevral günü Adem Kütüyün ölüm xəbəri yayıldı. 52 yaşında xərçəngə uduzdu.

Qarışıq hisslərlə o günü xatırlayıram. Həm də ona görə ki, həmin 20 fevral gecəsi mənə o günədək bilmədiyim yeni hisslər də yaşatdı.

Həbsdən çıxandan sonra Adem Kütük ailə qurur, iki övlad atası olur, yoxsul həyat keçirir.

Özündən bir müddət əvvəl həyat yoldaşı xərçəngdən vəfat edir. Ademin ölümü ilə yetim uşaqların sayı daha iki nəfər çoxalır.

Onun öldüyü gecə Türkiyə forumlarından birində yoldaşları elan qoyur: Ademin övladlarına kömək üçün.

Rəy bildirənlərin çoxu Adem Kütükdən tamamilə xəbərsizdir. İzah etməyə, bioqrafiyasını yazmağa ehtiyac yaranır. Ancaq bir az sonra forum bazara çevrilir. Yox, bazarda da bu cür olmur.

Demə, həmin vaxt telekanallardan birində bir serial nümayiş olunur, qəhrəmanlardan birinin adı Ademdir.

Və forumda həmin serial personajının müzakirəsi başlayır: o, nə dedi, niyə belə dedi, növbəti seriyada nələr olacaq və ya ola bilər... Analizlər, proqnozlar.

Toplum serialı seçir. Toplum serialı devrimçinin anım səhfəsində seçir.

"O, dünyada yox imiş. Gördüyüm kəs yuxuymuş...”

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->