Milli Məclisin deputatı Müşfiq Məmmədli xarici ölkələrdən Azərbaycana müalicə məqsədi ilə gələn vətəndaşlardan danışıb. Deputat bu ilin ilk 9 ayı ərzində İsraildən müalicə üçün Azərbaycana gələnlərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 dəfə artaraq 159 nəfərə çatdığını vurğulayıb.
Deputatın sözlərinə görə, təkcə İsrail deyil, hətta Türkiyə vətəndaşları da Azərbaycana müalicə üçün müraciət edirlər: "Azərbaycanda hazırda estetik və plastik cərrahiyyədə uğur qazanmış mütəxəssislər var".
Tibbi ekspert Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında xaricdən Azərbaycana müalicə üçün gələnlərin sayının elə də böyük rəqəm olmadığını vurğulayıb:
"Təxmini deyə bilərəm ki, bu 159 nəfər Azərbaycandan getmiş yəhudi əsilli keçmiş vətəndaşlarımızdır. Onlar da Azərbaycana əsasən diş xəstəlikləri ilə bağlı müalicə və saç əkiminə görə müraciət edirlər. Çünki bu xidmətlər İsraildə və Avropada çox bahadır. Qiymətlər Türkiyədə münasibdir, amma Azərbaycanda ondan da ucuzdur. Bu iki sahə - diş və estetik mərkəzlərində Azərbaycan həkimlərinin işləri kifayət qədər yaxşıdır. Bu ancaq estetiklə bağlı olan statistikadır".
Müşfiq Hüseynov həmin ölkələrdən Azərbaycana başqa xəstəliklərlə bağlı əməliyyat olunmaq üçün müraciət edilməsi ehtimalına inanmadığını xatırladıb:
"Çünki bir çox ölkələrdə saç əkimi və implantların qoyulması və s. tibbi sığortaya daxil deyil. Başqa səbəb yoxdur".
Müşfiq Hüseynov son illərdə Azərbaycanda həkimlərin ciddi uğurlarının olduğunu qeyd edib:
"Plastik və estetik cərrahiyyədə uğur qazanan həkimlərimiz var. İsraildə saç əkmək istəyən şəxs 15 min avrodan keçməlidir. Azərbaycanda isə bu proseduru 2-3 min manata etmək mümkündür".
Bahar Rüstəmli
Şərhlər