Siyasət 17:42 16.08.2022

ABŞ-Çin savaşına real səbəb yaranır: Dünya dağıdıcı fəlakətə yaxınlaşır (ŞƏRH)

Pekinlə Tayvan arasında qalmaqal gərginləşməkdə davam edir. ABŞ-ın Nümayəndələr Palatasının sədri Pelosinin Tayvana səfərilə bağlanan gərginlik hələ də sönməyib. Əksinə, Çin rəsmiləri Taybeyi hədələmək yolunu seçiblər. Belə ki, Pekin Tayvanın müstəqillik tərəfdarlarına çox gec olmadan fikirlərini dəyişmələri barədə xəbərdarlıq edib. Bu barədə çərşənbə axşamı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Tayvan məsələləri üzrə ofisinin rəsmi nümayəndəsi məlumat verib. 

Onun sözlərinə görə, Tayvanın müstəqilliyi tarixin axarına ziddir, dalana dirənir. "Bu gün Tayvanın müstəqilliyinin dikbaş tərəfdarlarının açıqlanan siyahısı tam siyahı deyil. Biz ciddi şəkildə xəbərdarlıq edirik ki, nə qədər gec deyil, Tayvanın müstəqilliyinin dikbaş tərəfdarları yaxşı-yaxşı düşünsünlər, əgər qanuna meydan oxumağa cəsarət edərlərsə, ciddi şəkildə cəzalandırılacaqlar", partiya sözçüsü bildirib. 

O vurğulayıb ki, heç kim Pekinin güclü qətiyyətini, sarsılmaz iradəsini və ölkənin dövlət suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün əhəmiyyətli qabiliyyətini nəzərdən qaçırmamalıdır. "Ümid edirik ki, tayvanlı həmvətənlərin əksəriyyəti müstəqillik tərəfdarı olan az sayda separatçıların Tayvana vurduğu zərərin mahiyyətini başa düşəcək, öz maraqları və rifahının nədən asılı olduğunu dərk edəcək, şüurlu şəkildə Tayvanı dəstəkləyənlərdən aralancaq, separatçılara qarşı qətiyyətlə müqavimət göstərəcək, separatçı fəaliyyətlərə qarşı çıxacaqlar",deyə o, qeyd edib.

Eyni zamanda, o, Tayvan xalqının "Tayvan boğazının iki tərəfi arasında münasibətlərin sülh yolu ilə inkişafına kömək etmək və vətənin birləşdirilməsi prosesini irəli aparmaq üçün materikdəki həmvətənləri ilə birləşəcəyinə" ümid etdiyini bildirib. Pekin çərşənbə axşamı Tayvanlı yeddi siyasətçiyə qarşı "ölkəni parçalamaq və adanın müstəqilliyinə nail olmaq istədikləri üçün" sanksiya tətbiq etdiyini açıqlayıb. Onların arasında Tayvanın ABŞ-dakı nümayəndəsi Xiao Meiqin və Tayvan parlamentinin sədr müavini Cai Qichang da var idi. Sanksiya siyahısında  olan siyasətçilərin Çin, Honq-Konq və Makaoya girişi qadağan edilib, onların özünə və onlara bağlı fond və təşkilatlara Çindəki təşkilatlarla qarşılıqlı əlaqədə olmaq, eləcə də materikdə qazanc əldə etmək qadağan edilib. Sanksiyalar ABŞ-ın yüksək rütbəli rəsmilərindən ibarət ikinci nümayəndə heyətinin bir ay ərzində adaya səfərindən sonra elan edilib. 

Qeyd edək ki, avqustun 2-3-də Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyəti, 14-15 avqustda isə senator Edom Markinin başçılıq etdiyi nümayəndə heyəti Tayvana səfər edib. Çin hökumətinin bu xəbərdarlığı başa düşüləndir. Onlar Tayvanı itirməklərilə barışa bilmirlər. Aydın məsələdir ki, Pekinin həmin xəbərdarlığının arxasında sadəcə olaraq Tayvandakı hökuməti, xüsusən də əhalini qorxutmaq məqsədi durur. Yəni Pekinin bu xəbərdarlığı bir növ təbliğat xarakteri daşıyır. Çin bu kimi xəbərdarlıqla düşünür ki, Tayvanda özünə müvafiq tərəfdarlar əldə edib, onların vasitəsilə həmin ərazidə qarmaqırışıqlıq yarada bilər. Eyni zamanda, bu sayaq hədələyici fikirlərin ortaya atılması gərginləşən vəziyyətin hələ uzun müddət davam edəcəyindən xəbər verir. Eyni zamanda, həmin hədələyici fikirlər Çinin digər müstəvidə Tayvanı ram etməkdə aciz olduğunun göstəricisidir. Gərginlik yaranan ilk dövrlərdə Pekin özünü elə aparırdı ki, sanki Tayvana hücum etməyə hazırlaşır. Lakin göründüyü kimi bu baş vermədi. Buna imkan verməyəcəkləri barədə ABŞ-dan gələn rəsmi açıqlamalar istər-istəməz Çini həmin  avanturadan geri çəkilməyə məcbur etdi. Bu mənada, son xəbərdarlıq da sadəcə  olaraq söz yığnağından başqa bir çey deyil. Pekin indiki anda Tayvanı özünə qatmaq istiqamətində real addımlar atmayacaq. Çünki qarşısında ABŞ-ı görəcək. Çin son illər nə qədər güclənsə də, hələlik ABŞ-ın qarşısında tam gətirmək gücündə deyil. 

Rüfət Sultan