Ötən yazıda böyük siyasətin kimsəyə, o cümlədən də Pəhləvi nəslinə xoşbəxtlik gətirmədiyini yazmışdıq. Odur, şəxsi tale və ailə motivləri bir yana, hətta indinin özündə də düşünürük ki, daha bir cəhd şahzadə Pəhləviyə heç olmasa, uğur gətirəcəkmi?
Hələ ki şahzadə Pəhləviyə etirazçılardan hansısa ciddi jest müşahidə etmirik, əksinə yenə də əksər təhlilçilər iddia etməkdədir ki, etiraz etmiş İran əhli nə Pəhləvinin, nə də ABŞ imperializminin qayıtmasını arzulayır, guya hətta bizim cənublu soydaşlarımızın da passivliyi daha çox bununla bağlıdır.
Amma bir neçə dəfə qeyd etmişik soydaşlarımızın problemi daha çox hamımıza tanış olan psixoloji – bioloji "millətçilik” problemidir: "Bəli, Xameneyi də bizimkidir və fəxrimizdir!..”
Problem bundadır. Necə ki, özümüzün də yaxın keçmişimizdə bəzilərimiz hətta Əbdürrəhman Vəzirov haqqında eyni sözləri deyirdi: "Kişi Pakistanda səfir olub, fəxrimizdir!”
Bir deyən yox idi ki, kişinin qafası azərbaycanlı - türk qafası, hətta müsəlman beyni də deyil! Eyni sözləri Seyid Əli Xameneyi haqqında da yazmışıq: Xameneyi də nəinki irançı, hətta qatı anti-türküçüdür.
Belədəsə, etirazlar hələ də davam edir. Pəhləvi hələ də aktiv fiqurlardandır. İran əhlini bilmirik, amma deyəsən, xarici ölkələrdəki çoxsaylı İran diasporaları Pəhləviyə dəstək verməkdədir. Bu günlərdə hamımızın sevimlisi müğənni Faiqə xanım (məşhur Ququş) da prezident Trampa müraciət etdi ki, İran xalqına və şahzadə Pəhləviyə dəstək olsun.
Təbriz hələ tərəddüd edir. Fəallıq edənlər deyilənə görə, farslar və digər millətlərin insanlarıdır. Həm fars, həm də türk kökənli Pəhləvi əslində İran dövlətçiliyini hifz edəcək simvol kimi maraqlı olmalıdır. Elə bizim qardaşlar üçün də Pəhləvi ən azı "bacıoğlu” kimi məqbul ola bilər: adam Seyid Əli Xameneyidən pis olacaqmı cənublu türk qardaşlarımız üçün?
Şahzadə siyasi planlarını hələ açıqlamır. Amma az qala, ABŞ-da böyümüş bir insandır, hər halda, bunun da adamın dünyagörüşünə təsiri olur. Başa düşürəm, Kim Çen In da Avropada təhsil alıb, Bəşər Əsəd də orada oxuyub oftalmoloq olmuşdu.
Bir dəfə tamam təsadüfən bir nəfər iranlı diplomatın bioqrafiyasını oxumuşdum. Adam bütün təhsilini, elmi dərəcələrini Avropada almışdı, böyük iniversitetlərdə oxumuşdu! Amma qolubağlı bir qul kimi molla rejiminə xidmət edirdi və o vaxtlar bundan bir yazı da yazmışdım: bəli, hətta təhsil də hələ hər şey demək deyil.
Odur ki, kimsə şahzadə Pəhləvinin də gizlinlərini bilmir, bəlkə də adamın ağlında daha çox bir şey var: mən şah oğluyam və bəlkə də bu, mənim də, ailəmin də sonuncu şansıdır!
Amma şahzadə Pəhləvi üçün İran anlayışının da mövcudluğu şübhəsizdir, yoxsa adam İraqla müharibə vaxtı zabit kimi döyüşlərdə iştirak etmək arzusunda olmazdı. Əsl şahlarda, hətta şahzadələrdə, şah oğullarında bəzən adi avtoritar liderlərdə olmayan hisslər olur ki, bunu yalnız əsl şahzadələr, əsl şah nəslindən olanlar bilir, daha qəzzafilər, əsədlər, mübarəklər, səddamlar, daha nə bilim, kimlər yox...
Ümidlərimizi itirmədiyimiz daha bir lider var İranda - prezident Pezeşkian. Bizim cənublu türkümüz, həqiqəqətən də türk qafalı bir insan! Doktor bu yaxınlarda etirazçılarla görüşdü, özü hakimiyyətə dəstəkçilərin yürüşünə qatıldı, hətta xalqa müraciət etdi! Amma bizim Doktor hələ tərəddüd edir, ya da başqa bir səbəbi var! Bir siyasi təhlilçi kimi deyirik ki, onun Pəhləvi ilə də kontakt yaratmağa cəhd etməsi tamam məntiqli görünə bilərdi, çünki şahzadə Pəhləvi etiraz müstəvisində indi demək olar ki, yeganə fiqurdur, özü də elə-belə fiqur deyil, əlaqələri, kanalları, imkanı olan fiqurdur!
Belə kontaktdan yalnız İranı idarə edən ayətullahlar qəzəblənərdi. Cəhənnəmə ki! Pezeşkian nəhayət ki, bir gün onlara qarşı demraş etməlidir, ya yox? Nə olur, olsun! Böyük siyasət risk tələb etmirmi, adam anlamırmı ki, bu yolda mükafat da olar, böyük və hətta acı uğursuzluqlar da!
Pəhləvinin Pezeşkiandan fərqi bilirsinizmi, nədir? Şahzadə düşmənini çoxdan müəyyən edib, Doktor isə hələ də tərədüd edir, düşünür-daşınır! Zamansa gözləmir və artıq bəziləri belə xəbər verir ki, guya Tehranla Vaşinqton arasındakı gizli danışıqlar başa çatmaqdadır, guya razılıq da var ortada və Vaşinqtonda artıq qərar belə olub ki, guya İranda inqilab üçün şərait hələ də yetişməyib!
Bizdə bu xəbərlər təəccüb yaratmadı. Birincisi, diplomatlar hətta müharibələr zamanı boş dayanmırlar. İkincisi, ABŞ İranla bağlı (özü də tək İranla bağlımı?) həmişə ikibaşlı siyasət aparıb, onları teokratiya-filan narahat etmir. Məgər Səudiyyə teokratik monarxiya deyilmi? Məgər bir neçə il əvvəl həmin amerikalılar prezident R.T. Ərdoğanın da yerində bir "molla”nı oturtmaq istəmirdilərmi?
Bilmirəm, deyəsən, vaxt az qalıb. O dəfələrdə də yazmışdıq ki, inqilab özü də emosioanal posesdir, çox şey an içində həll olur! İrandasa proses hələ "acı bağırsaq” kimidir: uzanır, uzanır və bir də gördün, tamam söndü; böyük "siyasət tacirləri” bu səhifəni də çevirib mollalarla təzə səhifədən başladılar! Bu, onlar üçün problem deyil, neçə bu cür səhifələr çevirib, hətta cırıb atıblar...
Bunları yazanda xəbər gəldi ki, İranda hərbi vəziyyət elan olunub. Maraqlıdır, ruhani rejimi vəziyyətin təhlükəli həddə çatdığını hiss edərək belə qərara gəlib, yoxsa Vaşinqtonla "bazarlaşandan” sonra neçə həftədir davam edən "özbaşınalıqlar”a son vermək üçün qəti hücuma start vermək istəyir? Hələ bilmirik, amma çox çəkməz, bunu da bilərik...
Hüseynbala Səlimov
Şərhlər