Xəbər lenti

Əvvəl
Hüseynbala Səlimov
Dünya 15:15 16.03.2026

Əvvəl "yaxşı padşah", indi də "yaxşı molla"...

Əgər dünyanın, həyatın özü böyük paradoks olmasaydı bəlkə günümüzdə bu balaca planetdə baş verən dürlü paradosklara təəccüb etmək lazım gələrdi. Amma belə deyil, həyatımız, çevrəmiz, yaxın da, uzaq da paradokslarla doludur: baxırsan, bir yerdə hansısa sərt rejimi çökdürmək üçün böyük cəhdlər edilir, bunun bircə addımlığındasa kimsə yeni bir sərt rejim yaratmaq üçün tədarük görür. 

Həqiqətən insan deyilən məxluq elə doğrudan Tanrının yaratdığı məxluqların ən qəribəsidir. İllər öncənin söhbətidir: "Azadlıq” qəzetində bir gənc şair (əlbəttə, o vaxt üçün!) dostumuz oxumaq üçün bir neçə şeirini vermişdi. Özünə də dedim, biri diqqətimi çox çəkdi. Əzbər yadımda deyil, amma mənası bu idi ki, yerdə dilənçi haradansa əlinə keçmiş porno-jurnalı həvəslə vərəqləyir, Tanrı isə göydən bu mənzərini seyr edərək uğunub gedir...

Bəli, həyat da, ən əsası insan da belədir. Ona görə daha ağıllı insanlar deyirlər ki, tarix bircə onu öyrədir ki, o, heç kimə, heç nəyi öyrətmir, nə də ondan heç kim öyrənmək istəmir.

Odur, dünyada siyasi şoular baş alıb gedir. Tramp Ukraynada bir şey edə bilməyib, Qrenlandiyaya keçdi, bundan sonra Venesuelada Maduronu yatağından götürdü, ardınca İranda bu hoqqanı başladı, indi də deyirlər ki, guya "Kubanın məsələsi”ni həll etməyə çalışır! Uğurlar! Amma belə silsilə, "permanent inqilablar” heç yoldaş Trotskinin də ağlına gəlməzdi, ən azı ona görə ki, Lev Davidoviç, pis-yaxşı, inqilabçı-siyasət adamı idi, şoumen deyildi...

Həm də siyasətdə hər şey nəticəylə ölçülür. Vallah, mənə hələ çatmayıb ki, Venesuelada kim itirdi, kim qazandı? Təsdiq olsa ki, Venesuela insanları həqiqətən azad oldular, uzaqdan-uzağa, mən də onlarla birlikdə sevinərəm! Qrenlandiyanı qismət olub bircə dəfə təyyarədən seyr etmişəm; böyük, ağ və buzlu adadır və o, Trampın hansı cəhətinə görə, hətta "problem”inə görə diqqətini çəkib, öldürün, anlaya bilmirəm, çünki dünyada elə azad ölkələr var ki, onların müstəmləkəsində yaşamaq bəzən hətta hansısa "müstəqil” ölkədə yaşamaqdan qat-qat böyük xoşbəsxtlikdir! Düşünürən, Danimarka da belə ölkələrdəndir, şəxsən mənim təxminlərimə görə, ABŞ-dan qat-qat azad ölkədir, üstəlik, heç geri də deyil, əsrin əvvəlində ona "fizikanın Məkkəsi” deyirdilər və məhz danimarkalı Nils Borun və yetirmələrinin sayəsində ABŞ ilk atom ölkəsi oldu...

Bəs İranda nə baş verir? Hər şey göz önündə olsa da, böyük sual olaraq qalır. Bəzi təhlilçilər deyir ki, Trampın burada hədəfi "molla rejimi”ni çökdürmək idi. Amma şəxsən mənə elə gəlir, Donald müəllimin hədəfi qətiyyən bu, deyildi, onlar İranın hərbi infrastrukturunu tamam məhv etmək, burada da ərəblərdə olduğu kimi, oyuncaq bir dövlət qurmaq istəyirdilər. Bəlkə də yanılıram, məncə, problemi qəlizləşdirən də elə budur ki, nə Trampın, nə də Netanyahu müəllimin bu ölkəylə bağlı hələ də qəti və dəqiq planı yoxdur və böyük ehtimalla məhz elə bu üzdən İran məsələsinin uzanması istisna deyil.

Amerikalılar əvvəllərdə olduğu kim, indi iranlılar üçün "yaxşı padşah” axtarmağa başladılar və əlbəttə, bu, Pəhləvi oldu. Başqalarını bilmirəm, şəxsən mən bu adama qətiyyyən ikrah doğuran siyasət adamı kimi baxmıram: bəli, qəbul oluna, olunmaya bilər, amma Pəhləvi ortada real siyasi "aktor”lardan–fiqurlardan biridir. Ondan başqa kim var? Birisi bizim doktor Pezeşkiandır, hansıyla müəyyən ümidlərimiz hələ də qalır. Amma hələ də doktordan qəti, cəsarətli və ciddi addımlar görmürük! Bir də qalır mollakratiya! Başqa siyasi fiqurlar yoxdur...

"Yaxşı padşah məsələsi” nəninki İranın özündə, hətta qoca Qitədə-Avropada da soyuq qarşılandı, təsəvvür edin, bizim daim söydüyümüz, irad bildirmiyimiz avropalı siyasətçilər Pəhləviyə tribuna vermədilər ki, qeyri-etik görünər, insanlar düşünər ki, Avropa İranda monarxiyanı bərpa etmək istəyir! Bəli, bunun özü də bir daha göstərdi ki, Avropada da heç də hər şey pulla həll olunmur, zənnimcə, Pəhləvinin pul problemi olmamalıdır, hərçənd, böyük diktatorların topladıqları sərvət, öz millətlərindən oğurladıqları heç onların övladlarına da qismət olmur! Amma xaricdəki iranlılar arasında Pəhləvinin həqiqətən də dəstəyi var...

O ki qaldı daxildəki iranlılara, bəli, onlar amerikalılara da, israillilərə də bir az soyuqdurlar. Düşünürəm, bu, təkcə İranın keçmişilə bağlı deyil, hərçənd, onlar üçün indi SEPAH problem olduğu kimi vaxtilə SAVAK da problem idi və hamı ən azı bunu unutmamalıdır: Təxminən yarım əsr bundan əvvəl iranlılar SAVAK-ı qovdular, İnşallah, bir gün SEPAH da qovulacaq! Əslində İran böyük inqilabın astanasındaydı və şəxsən mənə elə gəlir ki, Tramp özünün kobud müdaxiləsilə işləri korladı, necə deyərlər, İranın "ağrıyan dişini” dülgər kəlbətinilə çəkmək qərarına gəldi...

Adam Tehranın gələcəyinə baxışda hələ də müəyyənləşməyib, indi də deyəsən, iranlılar üçün "yaxşı molla” axtarır, amma iranlılar "yaxşı padşah” da görüblər, "yaxşı molla” da! Yetmədimi arxaik, hətta ekzotik senariləri bu biçarə müsəlmanların başında təcrübədən keçirmək?..
 
Ən gülməlisi budur ki, İranda məsələni bitirməmiş Kubanı həll etmək eşqinə düşdü! Amma Venesueladakı Kubada alınarmı? Gözləyək, görək, nə olur? Hələlik yalnız bircə müstəvidə nisbi aydınlıq var – o, da bizim Ukraynadır, burada insanlar həqiqətən azadlıq uğrunda vuruşur, amma bu ölkənin lideri də dəfələrlə deyib ki, Tramp Moskvadan daha çox bizə təzyiq edir! Ona görə Ukraynada nə baş verir–çoxumuza aydındıe! Amma Trampın orada əsl məramı nədir? Bax, bunu hələ heç kim əminliklə deyə bilmir: eləcə də İranda, Kubada və uzaq buzlu Qrenlandiyada...
 
Hüseynbala Səlimov
--> -->