Dünya 13:35 25.04.2023

Aİ və Yaponiya ABŞ-ın Rusiya ilə bağlı sərt təklifinə qarşı çıxdı

Aİ və Yaponiya ABŞ-ın dövlət liderlərinin sammiti ərəfəsində danışıqlar çərçivəsində G7 ölkələrinin Rusiyaya bütün ixracatını qadağan etmək təklifinə qarşı çıxıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” yazır.

Gələn ay Xirosimada keçiriləcək görüş üçün G7 liderlərindən Rusiyaya qarşı mövcud sektoral sanksiyalar rejimini bir neçə istisna olmaqla, ümumi ixrac qadağası ilə əvəz etmək vədini özündə əks etdirən bəyanat hazırlayırlar. Bunu Financial Times-ın nəzərdən keçirdiyi sənədlər sübut edir.

Ümumi ixrac qadağasına kənd təsərrüfatı, tibbi və digər məhsullar üçün istisnalar daxildir.

İki rəsminin bildirdiyinə görə, ABŞ bu təklifi Rusiyaya Qərb texnologiyalarını hələ də idxal etməyə imkan verən boşluqlarla dolu mövcud sanksiyalar sistemindən məyusluq fonunda irəli sürüb.

Lakin Yaponiya və Aİ nümayəndələri keçən həftə keçirilən hazırlıq iclasında belə bir hərəkətin həyata keçirilə bilməyəcəyini bildiriblər.

"Bizim nöqteyi-nəzərimizə görə, bu, sadəcə olaraq mümkün deyil", - deyə adının çəkilməsini istəməyən bir məmur bildirib.

Aİ 2022-ci ilin fevral ayından etibarən Rusiyaya qarşı 10 sanksiya paketini razılaşdırılıb, lakin bunlar üzv ölkələr arasında həftələrlə davam edən mübahisələrdən sonra baş verib. Bəzi üzvlər veto hədəsi ilə sənayeləri üçün istisnalar və güzəştlər əldə ediblər. 

Məmurların fikrincə, mövcud sanksiyalar rejiminin ümumi ixrac qadağası ilə əvəz edilməsi yenidən qızğın müzakirələrə və mövcud tədbirlərin potensial yumşaldılmasına gətirib çıxara bilər. 

Ağ Evin Milli Təhlükəsizlik Şurası G7 tərəfdaşları ilə danışıqları şərh etməkdən imtina edib, lakin ABŞ-ın "Rusiyanı məsuliyyətə cəlb etmək yollarını axtarmağa davam edəcəyini” bildirib.

Sanksiya tətbiqindən sonra Rusiya ilə ticarət həcmini artıran Türkiyə, BƏƏ və Mərkəzi Asiya ölkələri kimi dövlətlərə təzyiqləri artıran ABŞ, Böyük Britaniya, Aİ və digər müttəfiqlərin əsas məqsədi üçüncü dövlətlərin Qərb sanksiyalardan yayınması ilə mübarizədir. 

Xatırladaq ki, mayın 19-da Xirosimada G7 liderlərinin üç günlük zirvə toplantısı başlayacaq. Orada liderlər, Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri, iqtisadi təhlükəsizlik, yaşıl sərmayələr və Hind-Sakit okean hövzəsi məsələlərini müzakirə edəcəklər. 

Nizami Bağırov