Yel Universitetinin alimləri müəyyən ediblər ki, spirtli içki istifadəsi qadınların beyin immun sisteminə kişilərə nisbətən daha ağır təsir göstərir.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Biological Psychiatry" (BioPsy) jurnalında dərc olunub.
Beynin immun sistemini xüsusi hüceyrələr – mikrogliya təşkil edir. Bu hüceyrələr neyronların qorunmasında, iltihabın tənzimlənməsində və idrak funksiyalarının dəstəklənməsində əsas rol oynayır. Alimlər spirtin mikrogliyaya təsirini öyrənmək üçün yüngül və orta dərəcəli alkoqol asılılığı olan qadın və kişilərin beynində pozitron-emissiya tomoqrafiyası (PET) aparıblar. Müqayisə üçün alkoqol qəbul etməyən sağlam könüllülərin məlumatları da nəzərdən keçirilib.
Araşdırma göstərib ki, sağlam qadınlarda mikrogliya səviyyəsi kişilərlə müqayisədə daha yüksək olub. Bu, qadınlarda ümumilikdə daha güclü immun reaksiyalar və otoimmün xəstəliklərə meyillə əlaqəli ola bilər. Lakin alkoqol asılılığı olan qadınlarda mikrogliya səviyyəsi kəskin şəkildə azalıb. Eyni miqdarda alkoqol istehlak edən kişilərdə bu cür dəyişiklik müşahidə olunmayıb.
Mikrogliya çatışmazlığı təkcə beyin immun müdafiəsinə deyil, həm də emosional və idrak funksiyalarına mənfi təsir göstərib. Alkoqol asılılığı olan qadınlarda depressiv əlamətlər və yüksək narahatlıq halları daha çox qeydə alınıb. Həmçinin, onlarda planlaşdırma, qərarvermə və özünüidarəetmə kimi icraedici funksiyalar da zəifləyib.
Mikrogliya çatışmazlığı xüsusilə beyincikdə (mojjeçok) özünü göstərib – bu beyin nahiyəsi təkcə hərəkətlərin koordinasiyasına deyil, həm də emosiyaların və idrak proseslərinin tənzimlənməsinə cavabdehdir.
Aydın
Şərhlər