"Apple” şirkəti süni intellektə əsaslanan axtarış platforması "Perplexity AI”ni almaq imkanını ilkin mərhələdə müzakirə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu müzakirələrin təşəbbüskarı "Apple”ın birləşmə və satınalmalar üzrə rəhbəri Adriyan Perika olub. Müzakirələrə həmçinin şirkətin internet xidmətləri üzrə baş vitse-prezidenti Eddi Kyu və süni intellekt sahəsində aparıcı mütəxəssislər də cəlb olunub.
Əsas diqqət "Perplexity” texnologiyalarının "Safari” brauzerinə inteqrasiyası üzərində cəmlənib. Bu isə o demək ola bilər ki, "Apple” hazırda "Safari”də standart olaraq istifadə edilən "Google” axtarış sistemi ilə tərəfdaşlıq münasibətlərinə yenidən baxa bilər.
Qeyd edək ki, bu müzakirələr ABŞ Ədliyyə Nazirliyinin "Google”a qarşı davam edən antitrest (antiinhisar) araşdırmaları fonunda aparılır. Həmin işlər çərçivəsində cihazlarda standart axtarış sistemlərinin qurulmasına görə "Google”un ödədiyi milyardlarla dollarlıq məbləğlər də mübahisə mövzusu olmuşdu.
"Reuters” jurnalistləri məsələ ilə bağlı "Perplexity AI” şirkətinə müraciət etsələr də, şirkət hazırda heç bir faktiki və ya planlaşdırılan satınalma danışıqları barədə məlumatlarının olmadığını bildirib. "Apple” isə məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Aydın
Şərhlər