Vüsal Bağırlı
Ölkə 17:29 13.04.2021

Aprel Bakısı

Vüsal Bağırlı

Şəhərimizin, yaz fəslində nadir rast gəlinən küləksiz, aydın bir aprel səhəri, evdə, qapalı yerlərdə, yuva və dəlmə-deşiklərdə yaşayan bütün canlıları açıq havaya çıxmağa vadar etmişdi. Hər yerdə, hər bucaqda, hər tində həyat qaynayırdı.

Yerə, ayağımış lap yanına konfet qırığı düşmüşdü. Konfet günəşin hərarətindən şişmiş, sulanmış, ləzzətli horraya dönmüş, kiçik həşəratların intensiv yaşayış məskəninə çevrilmişdi. Qarışqalar ərazini tam mühasirəyə alaraq, şirəyə daraşırlar. Uçan-qaçan digər həşəratlar da kənarda qalmayırlar. Böcəklər, arılar, milçəklər, parabüzənlər, hörümçəklər  və digər canlılar qənimətdən dadmağa səy göstərir, xitin qanadlarını gərərək hədəfin üzərini uçuş-eniş zolağına çevirirlər. Qida böyükdür, boldur, hər canlıya çatır. Adama elə gəlir ki, sanki, hər şey, təbiət də, hava da, canlılar da, insanlar da sirli, asudə bir ahəng içərisində,  daimi sülh, əmin-amanlıq şəraitindədirlər.

Azacıq aralıda, üzü rənglənib təzələnmiş "xruşşovka”ların tən ortasında qərar tutmuş uşaq-əyləncə məkanı da, eynilə həşəratlar yuvasını, arı pətəyini xatırladır. Səs-küydən, qara-qışqırıqdan qulaq tutulur. Uşaqlar həyəcanlı, pörtmüş qırmızı yanaqları, bitməz enerjili orqanizmləri, cingiltili gülüşləri ilə qaçır, tullanır, qışqırır,  yıxılır, ağlayır, təkrar qaçırdılar. Analar, nənə-babalar, valideynlər yersiz təlaşla ora-bura qacır, sürüşkənlərin, yellənçəklərin, karusellərin başına fırlanır, nadinc, sözəbaxmaz övladın yerindəcə cəzalandırmağın yollarını arayırdılar.

Analardan biri xüsusilə canfəşanlıq edir, fasilə vermədən qışqırırdı.

Mika idi syuda, tərini silim...
Mika, qaçma yorularsan..
Mika uzaga getmə, oğurlayarlar..
Mika gəl jiletini gey, soyuqlayarsan...

Aşırı nəzarətdən bezmiş kök uşaq isə, əlini yelləyib ətli, pörtmüş yanaqlarını silkələyə-silkələyə aralı qaçır, yaxud, mümkün qədər kənar gəzməyə çalışırdı.

Yan tərəfdəki mini-stadionda ata və onun kiçik yaşlı oğlu futbol oynayırlar. Gülüş, tez-tez alınan nəfəs, top tappıltısı, "qol!” qışqırığı eşidilir. Oğul cır səslə şikayət edir:

Ata bayaqdan mən qapıda daynmışam, sən isə top vurursan. Bu düzgün deyil. İndi də sən gəl qapçı ol, sənin növbəndir. 

Arxa tərəfdəki tikinti meydançası da daimi hərəkətdədir. Burada gərgin iş gedir. Orta yaşlı kişi drellə nəsə deşir, sonra telefonla danışır, sonra yenə drelini dığıldadır. Narıncı əlcəkli fəhlələr sement kisələrini yük avtomobilindən boşaldırlar. Hıqqanırlar, qolları ilə alınlarındakı puçur təri silirlər. Sürücü ağaca söykənib, siqaretini yandırır. Dodaqlarının arasından buraxdığı tüstünün arasından uşaq meydançasına tərəf baxır, nəsə xatırlayır, öz-özünə danışıb, gülümsünür. İki kaskalı fəhlə kranın sallanan qarmağına ağır dəmir parçasl keçirməyə cəhd edir. Cəmisi bir neçə mərtəbəsi ucaldılmış, qapısız, pəncərəsiz, suvaqsız tikintinin içərisində kimsə züm-zümə edir. Segahın ahəstə, hüznlü səsi boş divarların arasında fırlanıb əks-səda verir:

Atəşim var külüm yox,
Bülbül oldum gülüm yox,
Mən bu eşqə düşəni,
Ağlamaqdan günüm yox...

Birdən, əyləncə məkanında oynayan uşaqlardan bir neçəsi gəlib tikinti obyektinin yanına tökülmüş qumun üzərinə dırmaşırlar. Qumu qazırlar, üstündən tullanırlar, əylənirlər. Mühafizəçi başını budkadan çıxarıb onların üzərinə qışqırır: - "Ay uşaq, dağıtmayın qumu, gedin burdan”. Uşaqlar dil çıxarıb, şən halda qaçırlar, dağılışıb ətrafa səpələnirlər.

Orta yaşlı qadın əli belində fəhlələrə yaxınlaşır. Acıqlı səslə ucadan danışmağa başlayır:

Siz kimsiniz axı, mənim uşağımın üzərinə qısqırırsınız. Elə qışqıraram, bağrınız çatlayar. Dığdığınızdan, taqqa- tuqunuzdan burda oturub dincələ bilmirik. Hələ baxın siz, görün başınıza nə oyun açacam.

 Ay bacı, qurban olum, qumu dağıdırlar e, qumu. İşimiz pozulur, sizin nə vecinizə, bir azdan çıxıb gedəcəksiniz, xozeyin gəlib bizim dərimizə saman təpəcək.

Qadın deyinə- deyinə-çıxıb gedir. Mühafizəçi qeyzlə əllərini bir-birinə çırpır:

Pah attonan, oturduğumuz yerdə işə düşmək buna deyirlər e.