Avropa İttifaqı yeni viza strategiyasını müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, yeni strategiya vizanın üçüncü ölkələrə qarşı xarici siyasət aləti kimi istifadə olunmasına imkan verəcək.
Belə ki, Avropa İttifaqı xüsusilə geri dönüş və geri qəbul, təhlükəsizlik, qeyri-qanuni miqrasiya və miqrant qaçaqmalçılığı kimi sahələrdə üçüncü ölkələrlə əməkdaşlığın gücləndirilməsi üçün vizanı təsirli mexanizm kimi tətbiq etməyi hədəfləyir.
Yeni strategiya çərçivəsində geri dönüş və geri qəbul məsələlərində əməkdaşlıq etməyən, Aİ-nin təhlükəsizliyinə təhdid xarakterli addımlar atan üçüncü ölkələrə qarşı viza müraciətlərinin dayandırılması və ya məhdudlaşdırılması kimi tədbirlər gündəmə gələ bilər. Bununla yanaşı, bu sahələrdə Aİ ilə effektiv əməkdaşlıq edən ölkələrin vətəndaşları üçün viza müraciət proseslərində asanlaşdırıcı tədbirlər, daha əlverişli prosedurlar və stimullaşdırıcı mexanizmlər tətbiq olunacaq.
Vətəndaşlarına viza azadlığı tətbiq edilən ölkələr isə sistemdən sui-istifadənin qarşısını almaq məqsədilə daha ciddi nəzarətdə saxlanılacaq.
Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner bildirib ki, üçüncü ölkələrin viza azadlığı əldə etməsi üçün obyektiv meyarlara cavab verməsi tələb olunacaq. Onun sözlərinə görə, viza rədd edilmə göstəriciləri aşağı, geri dönüş göstəriciləri isə yüksək olmalıdır.
"Bu strategiya çərçivəsində xüsusilə Türkiyə kimi önə çıxarmaq istədiyiniz konkret ölkələr varmı?” sualına cavab verən Brunner bildirib ki, hamı ilə danışıqlar aparırlır, hələlik konkret olaraq hər hansı bir ölkə yoxdur.
Komissiya eyni zamanda beynəlxalq tələbələri, tədqiqatçıları, yüksək ixtisaslı mütəxəssisləri, sahibkarları və innovativ startap təsisçilərini Aİ-yə cəlb etmək üçün də vizadan alət kimi istifadə etməyi planlaşdırır. Bu məqsədlə uzunmüddətli viza və yaşayış icazələrinin alınması üçün sürətli və sadələşdirilmiş prosedurların tətbiqi nəzərdə tutulur.
Günay
Şərhlər