Ölkə 09:06 26.10.2023

Axtarışda olan şəxs ölkəyə gətirildi

Beynəlxalq axtarışa verilən şəxs Polşadan Azərbaycana gətirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən həmin şəxs Polşadan Azərbaycana gətirilərək məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Belə ki, qabaqcadan bir qrup şəxslə əlbir olaraq oğurluq cinayətinin (AR Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Səxavət Niftalıyevin yeri Polşa Respublikasında müəyyən olunub və o, həbs edilib. Bununla əlaqədar, nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Polşanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan sənədlər təqdim edilərək onun təslim edilməsinə dair razılıq əldə olunub.

Nazirlik əlavə edib ki, təkcə bu ay ərzində üç nəfər şəxs Böyük Britaniyadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan Azərbaycana ekstradisiya edilib.