Xəbər lenti

Zəngilan - Qayıdışın ünvana çevrildiyi Zəfər
Elnarə AKİMOVA
Siyasət09:58 16.10.2026

Zəngilan - Qayıdışın ünvana çevrildiyi Zəfər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zəngilanın taleyində bir xalqın yaddaşı, torpağa bağlılığı və tarixin ən ağır sınaqlarından keçərək gələcəyə inamla addımlamaq iradəsi birləşir. Bu yurdun adı çəkiləndə göz önündə Arazın sahilləri, Həkərinin axarı, əsrlərin yadigarına çevrilmiş tarixi abidələr, doğma evlərindən didərgin düşmüş insanların həsrəti və nəhayət, üçrəngli bayrağımızın azad səmalarda dalğalandığı möhtəşəm Zəfər mənzərəsi canlanır. Zəngilanı anlamaq üçün onun yalnız coğrafiyasına və tarixinə nəzər salmaq kifayət deyil. Bu diyarın taleyində Azərbaycanın üzləşdiyi faciələrin miqyasını da, həmin faciələrə qalib gəlmək qüdrətini də görmək mümkündür. Bu gün Zəngilandan danışmaq keçmişin ağrılarını xatırlamaqla yanaşı, azad edilmiş torpaqlarda həyatın necə yenidən qurulduğunu, yurd həsrətinin necə qayıdış sevincinə çevrildiyini anlatmaqdır.

Zəngilanın taleyi Azərbaycanın ümumi tarixindən ayrı deyil. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati dəyişikliklər bölgənin idarəçilik quruluşuna da təsir göstərmişdi. Zəngəzur qəzası Gəncə quberniyasının tərkibinə daxil edilmiş, sonrakı tarixi-siyasi hadisələr isə bu ərazinin taleyində ağır izlər buraxmışdı. 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra Zəngəzurun böyük hissəsinin Ermənistanın tərkibinə verilməsi bölgənin tarixi və coğrafi bütövlüyünə ciddi təsir göstərdi. Bu hadisələr Cənubi Qafqazın siyasi xəritəsini dəyişdirməklə yanaşı, Azərbaycan xalqının yaddaşında uzun illər davam edən ədalətsizliklərin də əsasını qoydu.

Zəngilanın mənəvi xəritəsi isə onun coğrafi sərhədlərindən daha genişdir. Bu torpaqda əsrlərin sınağından çıxmış dini və memarlıq abidələri xalqımızın zəngin mədəni irsini yaşadırdı. Məmmədbəyli kəndindəki XIV əsrə aid səkkizguşəli türbə, Şərifan abidələri, orta əsrlərə məxsus yaşayış məskənləri, qədim sərdabələr, körpülər, qalalar və digər tarixi tikililər Zəngilanın keçmişinə açılan pəncərələr idi. İmam Hüseyn məscidi və kəndlərdəki qədim ibadət ocaqları isə bölgənin dini-mənəvi həyatının ayrılmaz hissəsini təşkil edirdi. Bu abidələr yalnız daşdan və kərpicdən qurulmuş tikililər deyildi; onlar xalqın yaddaşını, sənətkarlıq ənənələrini, inancını və öz torpağında yaratdığı mədəniyyətin izlərini qoruyurdu.

1993-cü ilin payızında Zəngilanın üzərinə çökən faciə həmin yaddaşı və burada yaşayan insanların həyatını ağır sınaq qarşısında qoydu. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan faktiki mühasirə vəziyyətinə düşdü. Rayonun əhalisi 67 gün ərzində son dərəcə ağır şəraitdə yaşadı, öz torpağını və doğma evlərini qorumaq üçün müqavimət göstərdi. 1993-cü il oktyabrın 25-dən 29-dək davam edən son mərhələdə insanlar ölüm təhlükəsi altında Araz çayını keçərək İran ərazisi vasitəsilə Azərbaycanın digər bölgələrinə üz tutmağa məcbur oldular. Bu ağır günlərdə rayon 235 nəfər şəhid və itkin verdi. Zəngilan sakinləri ölkənin 43 rayonunda müvəqqəti məskunlaşaraq doğma yurddan uzaqda yaşamağın ağrısını öz talelərində daşıdılar.

Bir anda evindən, həyətindən, əkin sahəsindən, uşaqlıq xatirələrindən ayrılmaq insanın yalnız yaşayış yerini itirməsi deyil. Bu, onun həyatının qurulduğu mənəvi mühitdən qopması, illərlə zəhmət çəkdiyi torpaqla arasına ayrılıq məsafəsinin düşməsidir. Zəngilanlılar bu həsrəti uzun illər yaşadılar. Onların qəlbində isə bir ümid heç vaxt sönmədi: bir gün doğma torpağa qayıtmaq, ata-baba ocağını yenidən qurmaq, övladlarını öz yurdlarında böyütmək. Zəngilanın gələcək tarixini müəyyənləşdirən əsas mənəvi qüvvələrdən biri məhz bu qayıdış inamı oldu.

İşğal illərində bölgənin tarixi-mədəni irsinə vurulan zərbə də ağır idi. Qədim məscidlərin, ziyarətgahların və memarlıq abidələrinin dağıdılması, dini məkanların təyinatından kənar istifadə olunması xalqımızın mədəni yaddaşına qarşı vandalizmin təzahürü idi. Zəngilan şəhərindəki XIX əsrə aid tarixi məscidin işğal dövründə tövlə kimi istifadə edilməsi bu münasibətin acı nümunələrindən biridir. Abidənin ilkin görkəminin böyük hissəsinin itirilməsi təkcə bir tikilinin zədələnməsi deyildi; bu, keçmişlə gələcək arasında əlaqəni qırmağa yönəlmiş yanaşmanın nəticəsi idi. Lakin tarixi abidələrə vurulan zərər xalqın yaddaşını silə bilmədi. Bu gün həmin irsin qorunması və bərpası azadlığın mənəvi məzmununu tamamlayan mühüm vəzifəyə çevrilib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın taleyində yeni mərhələ açdı. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində əldə etdiyi uğurlar Zəngilan rayonunun inzibati ərazisinə doğru irəliləmək üçün mühüm şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azadlığı uğrunda əməliyyatlara başlanıldı. Döyüş meydanında Azərbaycan əsgərinin peşəkarlığı, cəsarəti və yüksək döyüş ruhu, xalqımızın birliyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi tarixi nəticəyə aparan yolu müəyyənləşdirdi.

2020-ci il oktyabrın 20-də Prezident İlham Əliyevin xalqa müraciətində Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad olunduğunu elan etməsi Zəfər tariximizin unudulmaz anlarından biri oldu. Həmin gün Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndləri ilə birlikdə Zəngilan şəhəri də azadlığına qovuşdu. Sonrakı döyüşlər nəticəsində rayonun dörd qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Otuz ilə yaxın davam edən həsrət, mübarizə və gözlənti öz tarixi cavabını tapdı. Zəngilanın azad edilməsi Azərbaycan dövlətinin suverenliyinin və ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ olmaqla yanaşı, doğma torpağa qayıdışın da başlanğıcını qoydu.

Bu qələbənin strateji əhəmiyyəti şəhərin və kəndlərin azad olunması ilə məhdudlaşmırdı. Zəngilanın azadlığı ilə Azərbaycan–İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa edildi. Sərhəd boyunca təhlükəsizliyin təmin olunması, müvafiq istehkam və mühafizə tədbirlərinin görülməsi dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından mühüm addım oldu. Zəngilanın coğrafi mövqeyi və regionun nəqliyyat əlaqələrindəki potensialı onun gələcək inkişafını daha geniş strateji müstəvidə nəzərdən keçirməyə imkan verdi. Beləliklə, vaxtilə mühasirə və işğal səbəbindən ağır zərbələr almış bölgə Azərbaycanın regional əlaqələrində yeni imkanlar yaradan məkana çevrilmək yoluna qədəm qoydu.

Zəngilanın azadlığı uğrunda döyüşlərdə göstərilən igidlik dövlət tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 6974 hərbi qulluqçu bu medalla təltif olundu. Bu təltiflər Azərbaycan əsgərinin qəhrəmanlığının, Vətən qarşısındakı borcuna sədaqətinin və tarixi missiyasının dövlət səviyyəsində tanınmasının ifadəsidir. Hər bir medalın arxasında döyüş meydanında göstərilmiş cəsarət, həyatını təhlükəyə atmış bir insanın fədakarlığı və xalqın azadlığı naminə verilmiş müqəddəs qərar dayanır.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 20-nin Zəngilan Şəhəri Günü kimi müəyyənləşdirilməsi bu tarixi hadisənin milli yaddaşımızdakı yerini rəsmiləşdirdi. Bu gün artıq təqvimdəki əlamətdar tarix olmaqdan daha geniş məna daşıyır. O, şəhidlərimizin xatirəsinə ehtiramın, qazilərimizin fədakarlığına minnətdarlığın, Azərbaycan Ordusunun gücünün və xalqımızın doğma torpaqlarına sahib çıxmaq iradəsinin ifadəsidir. Zəngilan Şəhəri Günü bizə xatırladır ki, azadlığın dəyəri yalnız qələbənin sevincində deyil, onun uğrunda ödənilən ağır bədəldə və qazanılmış tarixi nailiyyəti qorumaq məsuliyyətindədir.

Zəngilanın azad edilməsindən sonra qarşıda tamamilə yeni bir vəzifə dayanırdı: uzun illər dağıntılara məruz qalmış ərazini yenidən yaşanılan yurda çevirmək. Müharibənin vurduğu zərərin aradan qaldırılması, minaların təmizlənməsi, mühəndis-kommunikasiya sistemlərinin qurulması, yaşayış məntəqələrinin salınması və insanların təhlükəsiz qayıdışının təmin edilməsi böyük təşkilati və maliyyə imkanları tələb edirdi. Azərbaycan dövləti bu vəzifələri ardıcıl şəkildə həyata keçirməyə başladı. Zəngilanın bərpası təkcə ayrı-ayrı tikinti layihələrinin icrası deyil, bütöv bir bölgənin iqtisadi, sosial və demoqrafik həyatının yenidən formalaşdırılması prosesidir.

Bu prosesin əsas istiqamətlərindən biri şəhərin gələcək inkişafının elmi və planlı şəkildə təşkil edilməsidir. 2023-cü il oktyabrın 30-da Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqləndi. Sənəd şəhərin yaşayış məhəllələrinin, sosial obyektlərinin, yollarının və mühəndis-kommunikasiya şəbəkələrinin inkişafı üçün əsas istiqamətləri müəyyənləşdirir. Məqsəd yalnız dağıdılmış şəhəri əvvəlki görkəminə qaytarmaq deyil, müasir şəhərsalma prinsiplərinə uyğun, rahat yaşayış mühiti və iqtisadi fəaliyyət imkanları olan yeni Zəngilan yaratmaqdır. Bu yanaşma Azərbaycanın azad edilmiş ərazilərin bərpasına müvəqqəti tədbir kimi deyil, gələcək nəsillərin həyatını müəyyənləşdirəcək uzunmüddətli inkişaf strategiyası kimi yanaşdığını göstərir.

Zəngilanın yeni simasının formalaşmasında Ağalı kəndinin xüsusi yeri var. 2022-ci ilin mayında ilk sakinlərinin doğma yurda qayıtdığı Ağalı Azərbaycanda “ağıllı kənd” konsepsiyasının tətbiq olunduğu ilk yaşayış məntəqəsi kimi diqqət çəkir. Burada müasir texnologiyalar, ekoloji yanaşma, enerji səmərəliliyi və sosial xidmətlərin əlçatanlığı vahid sistemdə birləşdirilib. Yaşayış evləri, məktəb, uşaq bağçası, tibb məntəqəsi, məşğulluq imkanları, elektron xidmətlər və digər zəruri infrastruktur kənd həyatının yeni modelini formalaşdırır.

Ağalı layihəsinin əhəmiyyəti onun texniki yenilikləri ilə məhdudlaşmır. Əsas məsələ müasir infrastrukturun insanın gündəlik həyatına, rahatlığına və gələcək perspektivlərinə xidmət etməsidir. Məktəbə gedən uşaqlar, öz peşəsi üzrə çalışan sakinlər, yenidən becərilən torpaq və dirçələn ailə ocaqları bu layihənin həqiqi nəticəsini ortaya qoyur. Ağalı göstərir ki, doğma yurda qayıdış yalnız evlərin açarlarını təhvil almaq deyil, insanın öz gələcəyini yenidən həmin torpaqda qurmasıdır. Bu kəndin təcrübəsi Azərbaycanın azad edilmiş ərazilərdə tətbiq etdiyi yeni inkişaf modelinin mühüm nümunələrindən birinə çevrilib.

Zəngilan şəhərində də quruculuq işləri artıq real yaşayış mühitinin formalaşması mərhələsinə çatıb. Təməli 2022-ci ildə qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı il mayın 10-da keçirilib. İki hektardan artıq ərazini əhatə edən kompleksdə 12 bina inşa olunub. Müxtəlif ölçülü mənzillərdən ibarət yaşayış sahələri şəhərə qayıdan ailələrin məskunlaşması üçün nəzərdə tutulub. Bu hadisə Zəngilanın bərpa tarixində mühüm mərhələdir: şəhərin yenidən qurulması artıq layihələrdə və tikinti meydançalarında deyil, sakinlərin gündəlik həyatında özünü göstərir.

2026-cı il oktyabrın 1-dək Zəngilan şəhərində 84 ailə, ümumilikdə 339 nəfər məskunlaşıb. Ağalı kəndində 234 ailə, 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, 903 nəfər doğma yurduna qayıdıb. Bu göstəricilər Böyük Qayıdışın mərhələli şəkildə davam etdiyini göstərir. Lakin qayıdışın uğuru yalnız məskunlaşan insanların sayı ilə ölçülmür. İnsanların daimi işlə təmin olunması, sosial xidmətlərdən istifadə etməsi, uşaqların təhsil alması və ailələrin sabit həyat qurması da eyni dərəcədə vacibdir. Sakinlərin peşə və bacarıqlarına uyğun olaraq dövlət qurumlarında, tikinti şirkətlərində, ictimai iaşə obyektlərində və digər sahələrdə işlə təmin olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Zəngilanın inkişaf perspektivlərini müəyyənləşdirən mühüm amillərdən biri də onun nəqliyyat və logistika imkanlarıdır. Zəngilan Beynəlxalq Hava Limanı bölgənin regional və beynəlxalq əlaqələrə inteqrasiyası üçün yaradılmış əsas infrastrukturlardan biridir. Bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul etmək imkanına malik hava limanı beynəlxalq aviasiya standartlarına uyğun fəaliyyət üçün nəzərdə tutulub. Onun strateji əhəmiyyəti yalnız sərnişin və yük daşımaları ilə məhdudlaşmır; hava limanı Zəngilanın gələcək iqtisadi inkişafına, turizm imkanlarının genişlənməsinə və bölgənin nəqliyyat əlçatanlığının yüksəlməsinə də xidmət edir.

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu və Horadiz–Zəngilan–Ağbənd dəmir yolu isə bölgənin nəqliyyat xəritəsində xüsusi yer tutur. Uzunluğu 126,3 kilometr olan avtomobil yolu azad edilmiş ərazilər arasında əlaqələrin gücləndirilməsi və yükdaşımaların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dəmir yolu xəttinin inşası da həm insanların hərəkətinə, həm də iqtisadi dövriyyənin artmasına imkan yaradacaq. Bu layihələr Zəngilanın coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirmək, istehsal və ticarət əlaqələrini genişləndirmək üçün mühüm zəmin formalaşdırır. Bölgənin gələcək inkişafı baxımından nəqliyyat infrastrukturunun qurulması yalnız bugünkü ehtiyaclara deyil, uzunmüddətli regional əməkdaşlıq perspektivlərinə də hesablanıb.

İqtisadi dirçəlişin digər istiqaməti kənd təsərrüfatı və istehsal sahələrinin inkişafıdır. Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsi olan “Dost Aqropark” bu baxımdan diqqətəlayiq layihələrdəndir. Burada heyvandarlıq, bitkiçilik və kənd təsərrüfatı məhsullarının istehsalı üçün zəruri infrastruktur yaradılıb, kompleksin mərhələli genişləndirilməsi istiqamətində işlər aparılır. Layihənin tam həyata keçirilməsi ilə minlərlə hektar ərazidə istehsal sahələrinin yaradılması, heyvandarlığın inkişafı, toxumçuluq və şitilçilik fəaliyyətinin genişləndirilməsi, emal və saxlama müəssisələrinin qurulması nəzərdə tutulur. Bu təşəbbüsün əsas üstünlüyü ondan ibarətdir ki, iqtisadi fəaliyyət yeni iş yerlərinin açılmasına, yerli istehsalın artmasına və əhalinin məşğulluğunun təmin edilməsinə xidmət edir.

Zəngilanın iqtisadi gələcəyi yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır. Bölgənin təbii gözəllikləri, çayları, meşəlikləri və əlverişli coğrafi mövqeyi turizmin inkişafı üçün də geniş imkanlar yaradır. 2024-cü il mayın 18-də Ağalı kəndində “Ağalı” hotelinin açılması bu istiqamətdə atılmış addımlardan biridir. Həkəri çayının yaratdığı süni gölün sahilində yerləşən hotel bölgəyə gələn qonaqların istirahəti üçün yeni imkanlar yaradır. Zəngilan şəhərində “Zangilan City Park Hotel” layihəsinin təməlinin 2026-cı il mayın 10-da qoyulması da turizm infrastrukturunun genişləndirilməsinə yönəlmiş təşəbbüslərdəndir. Belə layihələr gələcəkdə bölgənin tanıdılması, xidmət sektorunun inkişafı və yeni məşğulluq imkanlarının yaranması üçün əhəmiyyətli ola bilər.

Bütün bu quruculuq prosesinin mənəvi tərəfi də xüsusi diqqətə layiqdir. Zəngilan şəhərində tarixi məscidin bərpası və onun yanında yeni məscidin inşa edilməsi milli-mədəni irsin qorunması istiqamətində görülən işlərin mühüm nümunəsidir. XIX əsrə aid tarixi məscid işğal illərində ciddi dağıntılara məruz qalmış, ilkin görkəminin böyük hissəsini itirmişdi. Azadlıqdan sonra Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bərpa-tikinti işləri çərçivəsində tarixi abidənin qorunması ilə yanaşı, müasir ibadət məkanı da yaradılıb. İki minarəli yeni məsciddə ibadət zalları, ənənəvi memarlıq elementləri, nəqqaşlıq və ağac üzərində işlənmiş bədii detallar milli memarlıq ənənələrini yaşadır.

Tarixi abidələrin qorunması şəhərin fiziki bərpası qədər vacibdir. Çünki gələcəyin şəhəri öz keçmişindən ayrı təsəvvür edilə bilməz. Yeni yaşayış kompleksləri, müasir yollar və rəqəmsal sistemlər Zəngilanın inkişafını təmin etdiyi kimi, tarixi abidələr də onun kimliyini qoruyur. Bir tərəfdə müasir şəhərsalma, digər tərəfdə əsrlərin yaddaşını yaşadan memarlıq nümunələri dayanır. Bu iki istiqamətin vəhdəti Zəngilanın yalnız yenidən qurulmuş deyil, həm də tarixi köklərinə bağlı şəhər kimi inkişaf etməsinə xidmət edir.

Prezident İlham Əliyevin Zəngilana müntəzəm səfərləri bu inkişafın ardıcıllığını və dövlət səviyyəsində verilən əhəmiyyəti nümayiş etdirir. Dövlət başçısı 2020-ci il dekabrın 23-də şəhərdə Azərbaycan bayrağını ucaltdıqdan sonra bölgənin bərpası ilə bağlı işlərə xüsusi diqqət ayırıb. 2021-ci il aprelin 26-da Ağalıda ağıllı kənd layihəsinin və Zəngilan Beynəlxalq Hava Limanının təməllərinin qoyulması yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Sonrakı səfərlərdə yolların, enerji obyektlərinin, yaşayış komplekslərinin, məktəblərin, məscidin və digər infrastruktur layihələrinin icrası ilə bağlı mühüm addımlar atıldı. Ağalı kəndinin mərhələli şəkildə istifadəyə verilməsi, yeni yaşayış məntəqələrinin salınması, hava limanının və müxtəlif enerji obyektlərinin fəaliyyətə başlaması bu siyasətin konkret nəticələridir.

2025-ci il oktyabrın 28-də Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışı, sakinlərə mənzillərin təqdim olunması qayıdış prosesinin davamlı xarakter daşıdığını göstərdi. 2026-cı ilin mayında isə Zəngilan şəhərində ilk yaşayış kompleksinin açılması və ailələrin yeni mənzillərə köçməsi şəhərin dirçəliş tarixində növbəti mühüm hadisə oldu. Bu ardıcıllıq bir həqiqəti ortaya qoyur: azad edilmiş ərazilərdə quruculuq ayrı-ayrı tədbirlərin məcmusu deyil, yaşayışdan məşğulluğa, nəqliyyatdan təhsilə, enerji təminatından turizmə qədər bir-birini tamamlayan geniş inkişaf prosesidir.

Bu gün Zəngilanın qarşısında yeni imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır. Qurulan infrastrukturun səmərəli istifadəsi, iqtisadi fəaliyyətin genişləndirilməsi, gənclərin bölgədə gələcək görməsi, tarixi irsin qorunması və təbii sərvətlərin davamlı inkişaf prinsipləri əsasında idarə edilməsi uzunmüddətli nəticələrin əsas şərtləridir. Şəhərin həqiqi dirçəlişi burada yalnız evlərin tikilməsi ilə deyil, həyatın bütün sahələrində davamlılığın təmin olunması ilə ölçüləcək. Zəngilanın gələcəyi onun sakinlərinin quruculuq prosesində iştirakı, yeni iqtisadi imkanların yaradılması və doğma torpağa bağlılığın gələcək nəsillərə ötürülməsi ilə daha da möhkəmlənəcək.

20 Oktyabr – Zəngilan Şəhəri Günü bu mənada həm tarixi qələbənin xatırlanması, həm də gələcəyə ünvanlanan məsuliyyətin dərk edilməsidir. Bir vaxtlar doğma evlərini tərk etmək məcburiyyətində qalan insanların bu gün öz yurdlarına qayıtması, uşaqların yenidən doğma torpaqda böyüməsi, məktəblərin, yaşayış məhəllələrinin, yolların və istehsal sahələrinin qurulması Zəfərin gündəlik həyata çevrilən nəticələridir. Şəhərin taleyindəki ən böyük dəyişiklik də məhz budur: bir zamanlar ayrılıq və itki ilə xatırlanan məkan indi qayıdışın, quruculuğun və yeni ümidlərin ünvanına çevrilir.

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru