Sənət 13:52 08.01.2024

Aygün Bəylər dəfn olundu (FOTO/YENİLƏNİB)

Əməkdar artist Aygün Bəylərlə Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

APA xəbər verir ki, vida mərasimində sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və media mənsubları iştirak edib.

Mərasim bitdikdən sonra cənazə Suraxanı kənd qəbiristanlığına aparılaraq dəfn olunub.

Qeyd edək ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən müğənni yanvarın 7-də Türkiyədə vəfat edib.

13.06
 
Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi başa çatıb.

"Report” xəbər verir ki, Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində təşkil olunan vidaya mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları qatılıblar.

Çıxış edənlər Əməkdar artistlə bağlı xatirələrini bölüşüblər.

Bəstəkar Cavanşir Quliyev A.Bəylərin sənətə gəlməsindən danışıb. O deyib ki, A.Bəylərin ifasını qiymətləndirmək üçün ilk dəfə "Qaragilə" mahnısını oxumağını istəyib: "Biz ilk dəfə görüşəndə dedi ki, mahnı oxumaq istəyirəm. Mən də həmişə müğənniləri "Qaragilə" mahnısı ilə yoxlayıram. Dedim, oxuya bilərsənmi? Cavab verdi ki, sözlərini yaxşı bilmirəm. Sözləri yazıb verdim, oxudu. Elə oxudu ki, dedim sənə kim deyib ki, oxuya bilmirsən? Beləcə Aygünün müğənnilik həyatı başladı".

Xalq artisti Həmidə Ömərova mərhum Əməkdar artistin son konsertində iştirak etdiyini söyləyib: "Aygün Bəylər çox sevincli idi. Elə bil ki, birinci dəfə oxuyurdu. O konserti çox böyük ustalıqla verdi. Biz onu çox sevirdik və hər zaman da sevəcəyik".

Hazırda mərhumun nəşi dəfn edilmək üçün Suraxanı kənd qəbiristanlığına aparılır.

11.05
 
Bu gün Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə Səttar Bəhlulzadə adına mədəniyyət sarayında vida mərasimi keçirilir.  

Mərasimdə xanəndənin ailə üzvləri, yaxınları və bəzi sənət dostları iştirak edirlər. Onlar arasında tanınmış aktyorlar, aparıcılar, Əməkdar və Xalq artistləri də var.

Xatırladaq ki, Aygün Hümmətova bu il yanvarın 6-da gecə saatlarında Türkiyənin paytaxtı Ankarada vəfat edib. Xanəndə 1975-ci ildə avqustun 22-də Bakıda doğulub.

Aygün Bəylər ilk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində alıb. O uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aygün Bəylərdən geriyə Canan adlı azyaşlı övladı qaldı.