XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Çiçəkləyən şabalıd ağacları" hərraca çıxarılır: Əsərin dəyəri nə qədərdir?
Sənət19:00 03.10.2026

"Çiçəkləyən şabalıd ağacları" hərraca çıxarılır: Əsərin dəyəri nə qədərdir?

Niderlandlı postimpressionist rəssam Vinsent van Qoqun həyatının son iki ayında çəkdiyi “Çiçəkləyən şabalıd ağacları” əsəri ictimaiyyətə nümayiş etdiriləcək. Daha sonra rəsm Nyu-Yorkda “Sotheby’s” hərracında satışa çıxarılacaq. Əsərin 180 milyon dollar dəyərində qiymətləndirildiyi bildirilir. Hərraca onunla yanaşı Pol Sezann və Klod Mone kimi rəssamların daha 11 əsəri də çıxarılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Van Qoq “Çiçəkləyən şabalıd ağacları” əsərini 1890-cı ilin mayında, Fransanın Over-sür-Uaz kəndinə gəldikdən qısa müddət sonra çəkib. Rəssam bir neçə həftə sonra vəfat edib.

Onun həmin dövrdə yaratdığı əsərlərin əksəriyyəti hazırda dünyanın aparıcı muzeylərində saxlanılır. Lakin “Çiçəkləyən şabalıd ağacları” 2020-ci ildə vəfat edən argentinalı kolleksiyaçı Nelli Arrieta de Blakyeyrə məxsus impressionizm və modernizm dövrünə aid 12 rəsm əsərindən biridir.

“Sotheby’s”in impressionist və modern incəsənət üzrə keçmiş direktoru, həmçinin BBC One kanalında yayımlanan “Antiques Roadshow” proqramının daimi eksperti Filip Huk kolleksiyanın alıcılar üçün açılmasını “tarixi məqam” adlandırıb.

“Onilliklər ərzində Blakyer-Arrieta kolleksiyası əfsanə olub: onun haqqında pıçıltı ilə danışılır, kolleksiya ictimaiyyətin nəzərindən gizlədilirdi və o, incəsənət dünyasında demək olar ki, mifik status qazanmışdı. Bu, impressionist və postimpressionist incəsənətin son böyük şəxsi kolleksiyalarından biridir. Kolleksiya böyük ustaların əhəmiyyətli əsərlərinin hələ də əldə edilə bildiyi bir dövrdə formalaşdırılıb”, – deyə o bildirib.

“Sotheby’s” hərracında XIX əsrin sonlarında çəkilmiş Pol Sezannın “Harlekin” əsəri də satışa çıxarılacaq. Onun 150 milyon dollar dəyərində qiymətləndirildiyi bildirilir.

Bundan əlavə, Kamil Pissarro, Pyer-Oqyust Renuar, Edgar Deqa, Klod Mone, Pol Qogen, Alfred Sisley, Andre Deren, Anri de Tuluz-Lotrek və Moris de Vlaminkə məxsus daha 10 əhəmiyyətli əsər hərraca təqdim olunacaq.

Ümumilikdə rəsm əsərlərinin 450 milyon dollardan çox gəlir gətirəcəyi gözlənilir. Əsərlərin bir qismi artıq Londondakı “Sotheby’s”də nümayiş etdirilib. Hərracdan əvvəl bir neçə əsər Taybey, Honkonq və Parisdə də nümayiş olunacaq.

Van Qoqun “Çiçəkləyən şabalıd ağacları” əsərini oktyabrın 13-dən 15-dək Honkonqda, oktyabrın 19-dan 23-dək isə Parisdə görmək mümkün olacaq.

Van Qoq Over-sür-Uazda şabalıd ağaclarını təsvir edən ən azı dörd əhəmiyyətli əsər yaradıb. Bu, rəssamın Sen-Remi-de-Provensdəki psixiatriya xəstəxanasından çıxdıqdan sonra nikbinlik və enerjisinin artdığı dövr olub.

Van Qoqun 1890-cı ilin iyulunda ölümündən sonra “Çiçəkləyən şabalıd ağacları” onun qardaşı Teoya keçib. Əsərin sonrakı sahiblərindən biri “Capitol Records”un həmtəsisçisi, amerikalı mahnı müəllifi və kino prodüseri Corc Qard “Baddi” DeSilva olub.

“Çiçəkləyən şabalıd ağacları” Van Qoqun Overdə yaratdığı və hazırda şəxsi kolleksiyalarda saxlanılan cəmi səkkiz əsərdən biridir.

Aydın