Ölkə 01:29 07.01.2024

Aygün Bəylər vəfat etdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Bu barədə Qaynarinfo-ya Azərbaycanın Mədəniyyət Nazirliyindən bildirilib.

"Bir qədər əvvəl Əməkdar artist Aygün Hümbətova (Bəylər) Ankara şəhərində vəfat edib. Mədəniyyət Nazirliyinin kollektivi və mədəniyyət ictimaiyyəti adından sənətkarın vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.

1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirib və Aygün Hümmətova filarmoniyaya qəbul olunub. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edib. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb.

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

 21:32
 
Azərbaycan Respublikasının əməkdar artisti Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

"Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub", - o deyib.
 
 21:02

Əməkdar artist Aygün Bəylər vəfat edib. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, o, bu gün Ankarada müalicə aldığı xəstəxanada dnüyasını dəyişib. 

Xəbəri Axşam.az-a onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib. 

"Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər" deyə, aktyor əlavə edib. 

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.