Nərmin Həsənli
Ölkə 14:02 27.02.2021

Azadlıq, mən və qızım

Nərmin Həsənli
 
"Sənin azadlığın mənim azadlığımın başladığı yerdə bitir" - ABŞ konstitusiyasının birinci bəndi.

Eşitdiyim ilk gündən ən sevdiyim cümləyə çevrilib. Üsyankar, yenilikçi və dikbaş hər qız uşağı kimi.
 
Kitab oxuyan insanlar 3 tipə bölünür: 

1. Kitabı başdan sona oxuyub başqa bir kitaba keçənlər; 
2. Oxuduğu kitabdan seçdiklərini öz həyatında tətbiq etməyə çalışanlar; 
3. Kitabı bitirib ilhamlanaraq yeni fikirlər, davranışlar kəşf edənlər. 

Bax, bu üçüncü tipin yeri bizim cəmiyyət deyil. Hər şeyə bunu dərk edərək başlamaq lazımdır. Yox, yox, bunu kinayə ilə demirəm. Belə kinayəli cümlələri 20-22 yaşımda qururdum. Onda elə bilirdim mən cəmiyyəti, ətrafımı dəyişəcək gücdəyəm. Axı onlar səhv idi. Axı valideynlərim evə 8-9-dan gec gələ bilməyəcəyimi deyirdi. Axı məni dostlarımla rayonlara, uzaq yerlərə istirahətə getməyə qoymurdular. Axı mənim AZADLIĞIMI pozurdular. 

O yaşlarda yuxarıda dediyim 3-cü tip oxucuların hamısı kimi idim. Çılğın, cəsarətli, güclü, əzmli və "-lı, -li, -lu, -lü”... 

Sadəcə hər olmaq istədiyin insan ola bilməzsən. Hər ağlından keçəni həyatına tətbiq edə bilməzsən. İndi anlayıram. Azadlıq bunlar deyil. Azadlığın pozulması 20-li yaşlarda hisslərinin idarə etdiyi ağlının istədiyi hər şeyi edə bilmək deyil. Azadlıq ata-ananın verdiyi xərcliklə gecəyə kimi gəzmək deyil. Azadlıq evə gəlib, otağına girib internetdə yazışmaq, danışmaq, baxışmaq üçün şəraitinin olması deyil. Vallah deyil, billah deyil. 

Bu gün balaca bir qızın anasıyam. Anamın "Özün kimi qızın olsun” dediyi qızın anasıyam özü də. Doğulduğu bürc, gülüşü, inadı, üsyanı, hər şeyi ilə özüm olan qızım... Mən anam ola bilərəmmi, bilmirəm. Valideyn olmaq necə çətin imiş. Ona "olmaz”ları necə öyrədək ki, səhv etməsin, canı yanmasın. Bəlkə seçimi ona buraxaq? Səhv edərək öyrənsin. Axı buna kənardan izləyici kimi baxmağa ürəyimiz dözməyəcək. Müdaxilə də etsək, onun azadlığını pozduğumuzu düşünəcək. Məsələn, bu dilemmanı necə çözəcəyimizi bilmirik. Məni anlayırsınız?
 
Biz bir tərəfə. Siz daha da ağ edib, valideynlərindən söz haqqı belə görməyən valideynlərimizdən Avropa azadlığı gözləyirsiniz. Elə bilin ki, maska almaq üçün girmək istədiyiniz aptekə maskasız giriş qadağandır. Ən az bu qədər gülməlidir...
 
Sözüm özünü "azad” görmək istəyən gəncliyədir. "Valideyn şiddəti” deyə bir ifadə yoxdur. Valideyn mühazfizəkarlığı var. Düzdü, bizim cəmiyyətdə bu bəzən cəhalətlə birləşə bilir. Onda fəlakət olur. Haqlısınız. Bu halda çıxış yolu yenə də üsyan, intihar deyil. Sabirin, Cabbarlının, Cavidin, Mirzə Cəlilin bir əsr əvvəl başlatdığı mübarizəni bu gün intihar edərək davam etdirə bilməzsiniz. 

Əslində düşünmürəm ki, onların azadlıq ideyası sizinkiylə eynidir. Onlar bu gün mövcud olan oxuyan, çalışan, mövqeyi olan qadınları görmək istəyirdilər. Bu günə baxa bilsəydilər, görərdilər. 

İstər yaxşı ol, istər pis. Heç kim sənin kimi olmaq məcburiyyətində deyil. Kütlə öz yolunu seçir. Sən isə ya onlarla gedirsən, ya da yolunu dəyişirsən. Çünki "Sənin azadlığın mənim azadlığımın başladığı yerdə bitir”...