Sənət 14:46 20.06.2022

"Azdrama"da dava: Şəhid atasının qarşısını çomaqla kəsib tamaşaya buraxmadılar (MÜSAHİBƏ)

Akademik Milli Dram Teatrının səhnə arxasında dava düşüb. Teatrın truppa müdiri Elnur Məmmədov iyunun 17-də Evripidin "Medeya” monotamaşasına ictima baxışın olacağı ilə bağlı sosial şəbəkədə elan verib. Tamaşaya baxmaq üçün gələn qonaqların arasında Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur da olub. Aktyor tamaşanın keçiriləcəyi zala daxil olanda Elnur Məmmədov əlindəki ağacla qapını kəsib və onu zala buraxmayıb. Bütün etirazlarına baxmayaraq, Elnur Məmmədov "buranın öz qanunları var” deyərək zalın qapısını şəhid atasının üzünə bağlayıb.

 

Qaynarinfo Xalq artisti Əli Nurla müsahibəni təqdim edir.


- Əli müəllim, bu deyilənlər nə dərəcdə həqiqətdir?


- Ayın 16-da Akademik Milli Dram Teatrının saytında truppa müdiri belə bir elan verib: "Medeya” monotamaşası olacaq və tamaşa Abbas Mirzə Şərifzadə adına zalda keçiriləcək, aktyorlar dəvət olunur. Tamaşada orta nəslin aktyorlarından olan Münəvvər Əliyeva oynayacaq. Tamaşa ayın 17-də keçirilməli idi. Həmin tamaşaya baxmaq üçün dördüncü mərtəbəyə qalxdım. Gördüm ki, zalın qarşısına xeyli adam yığılıb. Nəzarətçilər və teatrın adamları da ordadır. Zala daxil olanda teatrın truppa müdiri Elnur Məmmədov məni saxladı. Bu şəxs zəmanəmizin "qəhrəmanı”dır. Elnur Məmmədov Akademik Milli Dram Teatrının nəyidir? Allah rəhmət eləsin, Mirzə Cəlilə, "Danabaş kəndinin əhvalatları”nda əsrin qəhrəmanı əlində çomaq durub qapının ağzında, Elnur da onun kimi, xeyir olsun, dedi, zala heç kim buraxılmır. Nəyə görə? Dedim, siz elan vermisiz, biz də gəlmişik. Dedi, "qanun belədir”. Dedim, hansı qanun? Dedi, Azər Paşa müəllim belə buyurub, ictimai baxışdır, tamaşaya ancaq onlar baxa bilər. Tamaşaya kim baxır? Bədi Şura...

 

- Bəs, Bədii Şura üzvləri kimdir?

 

- 13 il bundan əvvəl tülkü kimi teatrdan qovulan, Akademik teatrın düşməni İsrafil İsrafilovun seçdiyi Bədii Şura... 13 ildir bu Bədii Şura teatrda formal fəaliyyət göstərir, onun heç bir səlahiyyəti yoxdur. Çünki Bədii Şura 3-5 ildən bir kollektiv tərəfindən seçilməli və Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunmalıdır. 13 il bundan əvvəl şeçilən Bədii Şuranın da təsdiqini edən kimdir? İndi ev dustağı olan Azərbaycan mədəniyyətinin, teatrının anasını ağlar qoyan sabiq nazir Əbülfəz Qarayev. Bu gün "Azdrama”nın Bədii Şurasında görün kimlər var. Niyə bu sovetdə Ramiz Məlik, Nurəddin Mehdixanlı, Firəngiz Mütəllibova, Laləzar Mustafayeva yoxdur? Bəs mən niyə yoxam o Bədii Şurada? Dünya teatrını beş barmağı kimi bilən Əli Nur orada yoxdur. Hər halda mən teatrın bir aparcı aktyoru, dünya mədəniyyətini, teatrını, dünyanın bütün incəsənət janrlarını bilən bir aktyor olaraq gəlmişəm ki, tamaşaya baxam, amma truppa müdiri əlində çomaq məni zala buraxmır. Sanki adam döyəcək.

 

- Sizi nə deyib zala buraxmır?


- Gör kim kimi zala buraxmır? Xalq artisti, Dövlət Mükafatçısı, Prezident Təqaüdçüsü və eyni zamanda canını vətən uğrunda şəhid eləyən, Milli Qəhrəman, şəhid Rövşən Nurzadənin atasını! Bu, sözün bitdiyi yerdir, bu çaqqallıqdır. Prezident çıxışında dəfələrlə deyib ki, şəhid ailələrinin üzünə bütün qapılar açıqdır. Amma dünənki uşaq mənim üzümə qapı bağlayır. Bu bilirsiniz nədir? Dəfələrlə Mədəniyyət nazirinə, onun müavinlərinə və Azər Paşa Nemətova müraciət eləmişəm ki, teatrla, tamaşalarla bağlı müzakirələr açıq olmalıdır. Bu, tarix boyu belə olub, müzakirələr həmişə zalda aparılıb və ictimailəşib. Vaxtiylə müzakirələr olanda akademiklər, teatrşünaslar, alimlər, teatrı sevən adamlar hamısı tamaşaya baxmağa gələrdi. Niyə? Əsərin xeyrinə... Aktyor oyununun xeyrinə danışardılar. Bu, teatrın, rejissorun xeyrinədir. İndi "Azdrama”da qəribə bir oyun gedir. Bu nədir? Xəlvəti tamaşa nümayişi...


- Tamaşanın ictimai baxışının xəlvəti keçirilməsində məqsəd nədir?


- Dəfələrlə kollektivin yanında demişəm ki, Azər müəllim, müzakirələri zalda edin. Müzakirələri zalda eləmək o deməkdir ki, bütün aktyor və aktrisalar, teatrsevərlər orada iştirak etsin. Tamaşanı teatrın kollektivinin yanında niyə müzakirə etmirsən?


- Azər Paşa Nemətov buna səbəb olaraq nəyi göstərir?


- Səbəb ola da bilməz. Deməli, sən qorxursan, sən zəifsən, gözün qıpıqdı. Sən aktyorları teatrdan dağıdırsan. Sən aktyorları bir yerə toplamaqdan, onların birlikdə müzakirəsindən qorxursan. Nəyə görə qorxursan? Hansısa bir teatrşünas, ədəbiyyatçı teatrı tənqid edib gedirsə, bunun qarşısını biz vaxtında ala bilmərik? Bunlar müzakirədə həll olunmalıdır, hər kəs sözünü deməlidir. Biz hər şeyi açıq görürük. Azər Paşa, bu nə xasiyyətdir sən edirsən? Ömrüm boyu mən və Xalq artisti Nurəddin Mehdixanlı teatrın xeyrinə vuruşan adam olmuşuq. Maliyyə naziri Samir müəllimə deyəndə ki, teatr və onun ətrafında daşlar sürüşkəndir. Deyirdi ki, niyə bunu Qarayev demir? Dedim, Qarayev pul yığmaqla məşğuldur, onu teatr maraqlandırmır. Teatrın təmirinə 44 milyon pul ayrıldı, amma teatra köçən kimi yağış yağdı, teatrı su basdı. Səhnədə aktyorların ayağı dizdən aşağı görünmürdü. Onları teatr maraqlandırır? Məmurlarıın heç birini teatr maraqlandırmır. İkinci Qarabağ savaşında bir məmurun balası şəhid olmadı. Niyə? Məmurlar deyir ki, şəhid olublar, onlar cənnətə gediblər. Sənin də balan şəhid olub cənnətə getsin də. Ay nazir, nazirin müavini, millət vəkilləri, icra başçıları, sənin də balan şəhid olsun və mən də deyim ki, onlar vətən uğrunda şəhid olub cənnətə getdilər. Onlar müharibə gedən ərəfədə tülki kimi təyarəyə minib ölkədən qaçıb getdilər, xaricdə gizləndilər. Niyə? Bu vətən onların deyil? Təsəvvür edin ki, teatrda iclasdır, Ərəblinskini, Mehdi Məmmədovu zala buraxmırlar. Bu, nə əxlaqsızlıqdır, bu idarəetmə qanunlarının hansı etikasıdır? Cənab Prezidentə müraciət edəcəm, bir şəhid atası olaraq bu mənə hörmətsizlikdir. Bütün Mədəniyyət Nazirliyini teatra tökəcəm, görüm 13 il bundan əvvəl təsdiq olunmamış Bədii Şura kimdir? Bu, hansı şuradır? Kimdir bu Bədii Şura? Onun üzvlərinin hansı məndən artıqdır? Mənim dırnağım biləni onlar bilmirlər. Azər Paşa, sən bununla nə demək istəyirsən? Sən niyə məni özünə qarşı qaldırırsan? Azərbaycan Prezidenti İlham Əliyev apardığı xarici və daxili siyasətində bütün müzakirələri açıq edir, çıxışları bir başa televiziya ilə canlı yayımlanır. Dünyanın qarşısında diplomat, dövət başçısı kimi Şuşada, Qarabağda da hər şeyi açıq deyir. Bir teatrın rəhbəri isə müzakirəni gizli edir? Niyə? Küçədən keçəni qoymusan qapının ağzına, məni zala buraxmırlar. Mən bəyəm belə aktyoram? Mən bütün dünya ədəbiyyatından dəsr deyən adamam, mənim ora gəlməyim aktrisanın, tamaşanın, teatrın xeyrinədir ki, sabah kimsə gəlib tənqid etməsin, səni bizləməsin. Bu, nə alçaqlıqdır. Kimdir Elnur? Mən buradan mədəniyyət nazirinə müraciət edirəm, Elnur Məmmədov teatrdan getməlidir. O, şəhid atasına, Xalq artistinə hörmətsizlik edib. Vəzifəsi də başqasına təhvil verilməlidir. Orada oyunlar gedir.


- Əli müəllim, "Azdrama”nın o dediyiniz səhnəarxası "oyunlar”ından da məlumat verin.


- Onlar teatrda aktyorları təhqir edirlər. Aktyorları teatrdan uzaqlaşdırırlar, tamaşalara buraxmırlar. Savadsızlıq, özfəaliyyət və dərnək... İstədikləri rolları istədiyi aktyorlara verirlər, yaş-zad bilmirlər. 70 yaşında bir aktrisa "Cülyetta” oynamaq həvəsindədir. Azər Paşa da bunlara imkan yaradır. Utanmırsan? Adamın ayağını yerə qoyub üzünə tüpürərlər. Sən niyə görə cavan aktrisaların haqqına girirsən? Aktrisanın yaşı, boyu, gözəlliyi və ölçüsü var. Bu nə özbaşınalıqdır. Niyə bu teatrın reytinqini salırsınız? Ədil İsgəndərov, Mehdi Məmmədov bu qələti edərdi? Bu nə həyasızlıqdır. Azər Paşa, bu nə hərəkətdir? Niyə sən təkbaşına rejissorluq etməlisən? Niyə talantlı rejissorlar "Azdrama”da işləməməlidir? "Azdrama”nın 60 aktyoru var, vaxtilə onların hər biri oturub teatrda qoyulan bütün tamaşalara baxıb, onu müzakirə edib, ordan da evinə dağılardı. Baş rejissordan əlavə teatrda 2-3 rejissor vardı, paralel işlər gedirdi. Orada qaynar həyat, yaradıcılıq vardı, aktyorlar yığılıb məsələni həll edərdilər. İndi bir rejissor var - o da Azər Paşadır. Azər Paşa bütün rejissorları teatrdan qaçaq salıb. 60 aktyorun hansı ilə işləyəcək? Ona görə də kollektivin teatra gəlməsini istəmir, teatrdan bütün aktyorları didərgin salıblar. Bu, nə vaxta kimi belə olacaq. Elnur sən bilmirsən ki, mən kiməm? Hər şeydən əlavə mən şəhid atasıyam. Sənin kimi oğul itirmişəm. Məni keç, o şəhid oğluma da hörmətin olmadı? Sənin çomağını başına vurarlar. Lotusan? Kimsən? Bura sənin dədənin teatrıdır? Sən kimsən? Sənə bu səlahiyyəti kim verib? Truppa müdirinin səlahiyyəti nədir, aktyorlara nəzarət eləmək. Bir neçə gün öncə şəhər meri Eldar Əzizov məni qəbul edib. Dedim, yadınızdadır, mən Rəfael Dadaşovun dəfinində Qarayevə nə dedim? Qarayev dedi ki, teatrla bağlı müzakirəyə akademikləri yığacam, səni də çağıracam. Dedim, cənab nazir, tək akademikləri yğıma, siz ora erməni, gürcü, rus akademikləri yığın, mən onları bir-bir divara mıxlayım. Mən belə adamam. Tək aktyor deyiləm, həm də tədqiqatçıyam. Mənim bildiyimi düyada heç kəs bilmir və bilə də bilməz. Bu nə həyasızlıqdır? "Azdrama” ulu öndər Heydər Əliyevin teatrıdır. Heydər Əliyev burada bütün tamaşalara baxırdı, müzakirələr edirdi, aktyorlarla görüşürdü, bizim hamımızı tanıyırdı. Heydər Əliyev çıxışında deyirdi: "Bu teatr mənim teatrımdır. Bu teatrın 100-110-120 illiyini etmişəm. 130-150 illiyini də edəcəm. Teatr sahəsində çalışan fədakar insanlardır. Səhnə arxasında onları çox vaxt qayğısız və xoşbəxt kimi görürlər. Amma onların həyatını, səhnə arxasında olanları çoxları bilmir. Çox təəssüfər olsun ki, mən bunların hamısını bilirəm və ona görə də teatr adamlarını cəmiyyətdə yüksək tuturam və onları qiymətləndirirəm”. Bunu Prezident İlham Əliyevin atası ulu öndər Heydər Əliyev deyib.

 

Azərbaycanın sabiq mədəniyyət nazirləri Polad Bülbüloğlu və Qarayev misilsiz teatra ziyanlar vurub. 30 ildə kimi Moskvaya, Leninqarada dövlət hesabına oxumağa göndərdilər? Amma mən vaxtı ilə direktor olanda mərhum Rövşən Almuradlını öz yerimə Moskvaya oxumağa göndərdim. Mehriban Ələkbərzadəni də onun kimi. Bunları mən etmişəm, siz hansı teatrda kimi yetişdirmisiniz, xidmətiniz nə olub? Bunlar tarixdir. Mən teatrın simasıyam, Milli Qəhrəman atasıyam. Mənə qarşı hörmətsizlik sənətimə və ailəmə qarşıdır. Elnur məni təhiqr edib, məsələni belə qoymayacağam. Bir başa Prezidentin qəbuluna gedəcəyəm.

Azər Paşa 50 vəzifə tutmusan, 27 teatrın rəhbərisən. Bəs deyil? Sən kollektivi bir yerə yığmalısan. Yığa bilmirsənsə, çıx get. Bura sənlik deyil. Bu kollektivin ümumi problemini həll edə bilməyən direktor "Azdrama”ya lazım deyil, sən bu teatra düşmənçilik edirsən. Azər Paşa sənə ayıb olsun...


Bahar Rüstəmli