Siyasət 15:02 29.02.2024

"Azərbaycan işğal altında olan 8 kəndi azad edəcək" (ŞƏRH)

"Əslində, Ermənistanda müəyyən dairələr çox yaxşı bilir ki, 8 kəndin verilməməsində israr etmək özlərinin maraqlarına ziddir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Hüseynov bildirib. Ekspert qeyd edib ki, bu kəndlər beynəlxalq aləm tərəfindən Azərbaycanın ərazisi kimi tanınır:

"Azərbaycan onların azad edilməsi üçün hərbi əməliyyat keçirərsə, Avropa da, ABŞ da sadəcə bəyanat verəcəklər. Ermənistanda bir qism dairələr isə revanşist əhvaldadır. Amma onlar itkiləri yeni olan erməni cəmiyyətində dominant deyillər". 

Azər Hüseynov bildirib ki, Azərbaycan və Ermənistanın hərbi texniki təchizatları da müqayisə edilə bilməz:



"Diplomatik müstəvidə Azərbaycan daha realistdir. Çünki region güclərini nəzərə alır. Region güclərindən gələcək xeyir və ya dəyəcək ziyan daha realdır. Şimalda Rusiya var. Bizimlə həmsərhəddir, nüvə dövlətidir. Hərbi sahədə nə qədər qüsurları olsa da, döyüş praktikasını Ukraynada yenilədilər. Ermənistan onun tarixi müttəfiqi və yetirməsi olsa da, bu gün Rusiya ilə problemləri var. Ruslar bunu bir yerə yazıb ki, Paşinyan Qərbə meyil edir. Ona görə ara-sıra sərhəddə həmin o güclər Paşinyanı pat durumuna salırlar. Regionun digər ölkəsi İrandır. Azərbaycanla əlaqələrdə zaman-zaman probleməri olur. Ermənistanla da güclü iqtisadi-siyasi əlaqələri mövcuddur".

Həmsöhbətimiz bildirib ki, İranın Azərbaycanla iqtisadi əlaqələri Ermənistandan daha güclü olub:

"İranda siyasi olaraq üç qüvvə var: mötədillər, sasaniçilər və məzhəbçilər. Son ikisi işə qarışanda nəinki bizimlə və regional olaraq digər dövlətlərlə də problem yaşanır. Amma Azərbaycan birinci qanadla emosional deyil, realist ünsiyyət quraraq münasibətləri normallaşdırıb. Ermənistan isə əksinə, getdikcə Qərbə yaxınlaşmaqla İranda narahatlıq doğurur. Bu da münasibətlərə təsir edir.Türkiyə isə Azərbaycanın qardaşı və müttəfiqidir.  Yeni Turan geosiyasi layihəsinin həmmüəllifləridir. Azərbaycan Türkiyəni dəfələrlə iqtisadi böhrandan qurtarıb, zəlzələ zamanı yanında olub. Türkiyə Azərbaycanın bir nömrəli hərbi təchizatçısıdır. Gürcüstan da Azərbaycana hər zaman ehtiyac duyur. Baxmayaraq ki, bəzən qeyri-adekvat hərəkətlər edir. Belə bir ortamda Azərbaycan 8 kəndi istəsə hərbi yolla azad edər. Amma Azərbaycan sülhlə məsələnin həllini istəyir. Borrel kimilər də ola bilər ki, Ermənistana hücum deyəndə bundan qorxurlar. Təbii ki, qərəzlidirlər. Azərbaycan sadəcə sülh istəyir".

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları fərqli platformalarda davam edir. Amma Ermənistanın işğalda saxladığı Azərbaycanın 8 kəndi ilə bağlı hansısa bir güzəştə getmək ehtimalı azdır. Bu baxımdan, Azərbaycanın yeni anti-terror əməliyyatına başlayacağı ilə bağlı fikirlər səslənir.

Siyasət şöbəsi