Siyasət 12:07 20.04.2023

Azərbaycan-İsrail münasibətləri: Strateji tərəfdaşlıqdan daha yüksək mərtəbəyə...

"Bakı ilə Təl-Əviv arasında münasibətlər yaxın dönəmdə strateji tərəfdaşlıq səviyyəsindən daha yüksək mərtəbəyə qalxa bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli İsrailin xarici işlər naziri Eli Kohenin Bakıya səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, hər iki tərəf bu istiqamətdə daha yüksək səviyyəyə çatmaq üçün əlindən gələni əsirgəmir:

"İsrail XİN rəhbərinin Bakıya səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər bir daha təsdiq edir ki, Bakı ilə Təl-Əviv arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir, strateji xarakter daşıyır. İki ölkə təkcə hərbi-siyasi sahədə deyil, eyni zamanda, iqtisadi və mədəni sahədə də ciddi əməkdaşlıq yolu tutub. 



İsrail XİN rəhbərinin İranın Azərbaycana qarşı fitnəkarlığının artdığı və sərhədlərimiz yaxınlığında radar sistemləri quraraq, Ermənistana kəşfiyyat məlumatları ötürdüyü bir məqamda ölkəmizə səfəri onu göstərir ki, Bakı ilə Təl-Əviv arasında münasibətlər yaxın zamanlarda strateji tərəfdaşlıq səviyyəsindən daha yüksək səviyyəyə qalxa bilər. Görünən odur ki, hər iki tərəf bu istiqamətdə daha yüksək səviyyəyə çatmaq üçün əlindən gələni əsirgəmir. Bu səfər yeni-yeni əlaqələrlə zənginləşəcək. Hökumət üzvlərinin qarşılıqlı səfərləri daha da intensivləşəcək”. 

Həmsöhbətimizin fikrincə, İsrail XİN rəhbərinin Bakıda Türkmənistana getməsi Təl-Əvivin Orta Asiya regionuna da önəm verdiyinin göstəricisidir:

"Ola bilsin İsrail Türkənistandan karbohidrogen ehtiyatları almaqda maraqlıdır. İsrail Türkmənbaşı şəhərində neft emalı zavodunun yenidən qurulmasına 1,6 milyard dollar sərmayə qoyub. Bu ölkənin şirkətləri həmçinin Türkmənistanda kənd təsərrüfatının inkişafında fəal şəkildə iştirak edir. İsrail bu əlaqələri daha da genişləndirmək niyyətindədir”.

Xəbər verdiyimiz kimi, İsrailin Xarici İşlər Nazirliyinin rəhbəri Eli Kohen iki günlük səfərlə Azərbaycana gəlib.  

Rüfət Sultan