Siyasət 17:21 21.06.2022

Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü: Türk birliyi istiqamətində mühüm addım atıldı - Politoloq

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfərə gedib.  Prezidenti Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıb.

Qaynarinfo-ya açıqlamasında səfəri dəyərləndirən politoloq Turan Rzayevin fikrincə, səfər xüsusilə dünyada baş verən son hadisələr - Rusiya-Ukrayna müharibəsi, dəyişən güc balansı, qida, su, və yanacaq böhranı, eyni zamanda türk birliyi istiqamətində atılacaq addımlar baxımından xüsusi diqqət çəkir:
 
"Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib. Dövlət başçısının Daşkəndə olan səfəri zamanı Heydər Əliyev Meydanının açılışı olacaq. Bu addım da Daşkəndin Bakı ilə münasibətləri inkişaf etdirilməkdə maraqlı olduğunu göstərir. Səfər zamanı 19 sənədin imzalanması nəzərdə tutulur”. 

Bununla belə, həmsöhbətimiz gündəlikdə əsas üç məsələnin olduğunu düşünür:
 
"Birincisi, Özbəkistan və Azərbaycanı bir-birinə yaxınlaşdıran ilk amil şübhəsiz ki, iqtisadi faktorlardır. 2021-ci ilin statistikasına görə, hazırda Özbəkistanın Azərbaycana ixrac etdiyi malların ümumi dəyəri 17 milyon manatdan çoxdur.  Azərbaycan isə Özbəkistana cəmi 3 milyon manatdan çox mal ixrac edib.  İmzalanacaq 19 sənəd arasında iki dövlət arasında idxal-ixrac balansının tənzimlənməsi  və aradakı fərqin azaldılmasına dair sənədlər yer ala bilər. İkincisi, Özbəkistan təbii qaz istehsalına görə dünyada 14-cüdür. Rəsmi Daşkəndin təbii qaz ehtiyatları 1,1 trilyon kubmetrdir. Özbəkistanın təsdiq edilmiş neft ehtiyatları isə 100 milyon tondur. Özbəkistan İqtisadi Araşdırmalar Mərkəzinin (CER)  məlumatına görə, mövcud tendensiyaları və resurs istehlakı həcmlərini qoruyarkən, Özbəkistanda təbii qaz və kömür ehtiyatları yaxın 20-30 il davam edəcək. Daşkəndin zəngin neft və qaz ehtiyatlarına malik olması Bakı ilə Daşkəndi yaxınlaşdırır.  Belə ki, rəsmi Bakı hazırda Avropaya neft və qaz nəqlinin artırılmasında maraqlıdır. Mövcud TANAP və TAP layihələri ilə Avropaya qaz nəql edən Bakı məhsulun həcmini artırmağa çalışır. Bu istiqamətdə isə Özbəkistan və Türkmənistan kimi ölkələrlə əməkdaşlıq önəm kəsb edir. Hesab edirəm səfər zamanı ölkə başçısı ilə Özbəkistan prezidenti arasında Avropaya təbii qazın nəqli və bu istiqamətdə iki ölkə arasında əməkdaşlıq müzakirə edilə bilər”.

Politoloq onu da vurğulayıb ki, Ankara və Bakı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının güclənməsi fonunda ümumi deyil, həm də fərdi inkişafda maraqlıdır:
 
"Hesab edirəm ölkə başçılarının görüşü zamanı bu məsələdə müzakirə ediləcək və Özbəkistanın təşkilata inteqrasiyası məsələsinə, eyni zamanda strateji əməkdaşlığa dair sənədlər imzalana bilər”. 

Rüfət Sultan