Ekonomiks 15:36 25.05.2022

Azərbaycanda hansı məhsullar bahalaşacaq? - Ekspert

Dünya üzrə ərzaq məhsullarının qiyməti son 10 ilin maksimum səviyyəsinə çatıb. Lakin bahalaşma təkcə ərzaq məhsulları ilə məhdudlaşmır. Qeyri-ərzaq məhsulların qiymətlərində də eyni tendensiya müşahidə edilir. Qlobal ərzaq və qeyri-ərzaq inflasiyasının yaranmasının bir sıra fundamental səbəbləri var. Onu da vurğulayaq ki, Ukraynadakı müharibənin qlobal ərzaq qiymətlərini sürətlə bahalaşdırması dünyanın bütün ölkələrində inflyasiya təzyiqini artırıb. Artıq bir sıra məhdud resurslu ölkələrdə əhalinin kütləvi etirazları başlayıb. Belə ölkələrdən biri cənub qonşumuz İrandır.
 
Bu ölkədə aprel ayında illik inflyasiya 35,6 faiz, ərzaq inflyasiyası 43,5 faiz təşkil edib. Bir neçə gün əvvəl İran hökuməti əhaliyə bitki yağı, toyuq əti, yumurta və südün qiymətinin 300 faiz artacağına dair xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra əhali kütləvi şəkildə  ərzaq mağazalarına axışıb, oradakı məhsullar tükəndikdən sonra isə geniş etiraz aksiyaları başlayıb. Hazırda İran hakimiyyəti  ölkənin demək olar ki, bütün iri əyalətlərində baş verən etirazları sakitləşdirməyə çalışır.

Qlobal ərzaq və enerji bazarındakı böyük volatillik inkişaf etmiş ölkələrdə də mənfi təsirlərini göstərir. Aprel ayında onların hamısında inflyasiyanın sürətlənməsi qeydə alınıb. Böyük Britaniyada aprel ayında istehlak  qiymətləri keçən ilin eyni dövrü ilə müqayisədə 9 faiz bahalaşıb. Bu, son  40 ildən artıq müddətdə ən yüksək artımdır. Martla müqayisədə  isə bahalaşma 2,5 faiz təşkil edib. Pərakəndə qiymətlər illik ifadədə 11,1 faiz artıb.

Apreldə dünyanın birinci iqtisadiyyatına malik ABŞ-da istehlak qiymətləri indeksi illik ifadədə 8,3 faiz artım nümayiş etdirib. Bu zaman enerjidaşıyıcılarının qiyməti  30,3 faiz, ərzaq məhsulları 9,4 faiz bahalaşıb.  Apreldə mart ayına nisbətən qiymət artımı 0,3 faiz olub.

Göründüyü kimi, bütün dünyada, o cümlədən Azərbaycanın ən mühüm ticarət tərəfdaşları, qonşuları olan ölkələrdə inflyasiya getdikcə sürətlənir. Bu prosesin Azərbaycana açıq təsiri artıq hiss etməkdədir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2022-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-aprel aylarına nisbətən 12,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz bahalaşıb. Cari ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,0 faiz, əvvəlki ilin aprel ayına nisbətən 13,0 faiz artım nümayiş etdirib. Keçən ilin apreli ilə müqayisədə ərzaq məhsulları 19,1 faiz, qeyri-ərzaq məhsulları 7,1 faiz, xidmətlər isə 10,1 faiz bahalaşıb.

Qlobal səviyyədə inflyasiyanın hərəkətverici qüvvəsi kimi hazırda Ukraynadakı müharibəni göstərirlər. Müharibənin uzanması şəraitində bahalaşmanın xüsusilə ərzaq bazarında davam edəcəyi gözlənilir. Hazırda Avropa İttifaqı və ABŞ Ukraynada yığılıb qalan ərzaq məhsullarının, xüsusilə taxılın dünya bazarına çıxarıması üçün tədbirlərə başlayıb. Yaxın həftələrdə bu prosesin qlobal ərzaq bazarındakı bahalaşmanın sürətinin azalmasına gətirəcəyi gözlənilir: buğda çatışmazlığının yaranacağına dair təşvişin bazara mənfi təsirinin qarşısı alınacaq. Bundan əlavə, qlobal qiymətlərə enerji bazarındakı qiymətlərin də təsiri böyükdür.  ABŞ-ın Venesuelaya qarşı neft embarqosunun faktiki aradan qaldırılması bu bazarda yaxın 1-2 ay ərzində təklifin artmasına və qiymətlərin enməsinə gətirəcəyi gözləntiləri böyükdür. Digər müsbət məqam Çində iyundan məhdudiyyətlərin götürülməsi və iqtisadi artımın bərpa olunması gözləntiləridir. Bu proseslərin hamısının qlobal qiymətlərə təsirinin ən yaxşı halda 1-2 aydan sonra hiss olunacağı o deməkdir ki, bu müddətdə inflyasiyanın sürətinin kəskin azalması gözlənilən deyil. Bu amili nəzərə aldıqda, Azərbaycanda əhalinin inflyasiyanın mənfi təsirindən qorunması məqsədilə yeni sosial proqramın həyata keçirilməsinin zəruri olduğunu söyləyə bilərik.

Dünyada gedən bahalaşma Azərbaycana daha ciddi təsir edəcəkmi? Yanacaq, ərzaq və digər məhsulların qiymətində də artım müşahidə edilə bilərmi? Qaynarinfo-ya açıqlamasında "Liberal iqtisadçılar”İctimai Birliyinin rəhbəri Akif Nəsirli bildirib ki, Azərbaycanda müşahidə edilən  bahalaşma əsasən xarici faktorla bağlıdır:
 
”Amma bununla belə, inhisarçılıq, rəqabət mühitinin olmaması da qiymət artımı prosesinə öz təsirini göstərməkdədir”. 

Ekspert onu da vurğulayıb ki, hazırda dünya bazarında Ukrayna böhranı ilə əlaqədar qiymətlər bahalaşır. Ərzaqdan tutmuş yanacağa qədər hər məhsulun qiymətində müəyyən bahalaşmalar baş verib:
 
”Azərbaycan idxaldan asılı ölkədir. Ona görə xaricdə baş verən bahalaşma birbaşa olaraq ölkəmizə də təsir edir. Bununla yanaşı, Azərbaycan daxilində olan bir sıra amillər də qiymət artımına şərait yaradır. Əsas səbəb ölkədə inhisarçılığın hökm sürməsi və rəqabət mühitinin olmamasından qaynaqlanır. Bazar iqtisadiyatında qiymətləri cilovlayan, məhsulun keyfiyyətini yüksəldən yeganə məsələ azad rəqabət mühitinin olmasıdır. Bu olmadığı halda, inhisarlar istədiyi an qiymət artımına gedə bilirlər. Dünya miqyasında qiymətlərin artması bu mənada onlara növbəti bahalaşmaya getmək üçün bir bəhanə verib. İnhisarçılıq  yerli istehsalı da öldürür ki, bunun da nəticəsində məhsul bolluğu yaranmır”.

İqtisadçı bildirir ki, motor yağı, avtomobil ehtiyat hissələri, dizel, benzin və tütünün bahalaşmasına gəldikdə, Azərbaycanda bu məhsullar üzrə qiymət artımı indiki halda gözlənilən deyil: "Çünki bahalaşma üçün iqtisadi əsas olmalıdır. Dünya bazarında xam neftin qiyməti bahalaşsa da, Azərbaycan özü neft çıxarır. Ona görə də  sözügedən məhsulların bahalaşmasının iqtisadi əsası yoxdur. Amma sadalanan məhsullar üzrə qiymət artımı hökumətin qərarından asılıdır. Əgər hökumət belə bir qərar versə, sözsüz ki, bahalaşma olacaq”.

Mövcud situasiyanın sosial partlayışa səbəb olub-olmayacağına gəldikdə, A. Nəsirli yaxın vaxtlarda belə bir gərginliyin baş verəcəyini düşünmür:"Amma son nəticədə bunun şahidi ola bilərik.Çünki getdikcə vəziyyət pisləşir”.

Rüfət Sultan