Xəbər lenti

Məşhur Məmmədov artıq
Ekonomiks 11:58 20.10.2025

Məşhur Məmmədov artıq "Embafinans”da heç bir pay sahibi deyil (YENİLƏNİB)

Qaynarinfo.az saytında 17 oktyabr 2025-ci il tarixində, saat 17.25-də yayımlanmış "Məşhur Məmmədovun "Embafinans"ı borc içində: Rəhbərinə "stop" qoyulub” başlıqlı yazıya adıçəkilən şirkətdən təkzib məktubu daxil olub.

Məktubda bildirilir ki, təqdim edilən məlumatlar həqiqətə uyğun deyildir və ictimaiyyətdə yanlış təəssürat yarada bilər:

"Yazıda adı çəkilən Məşhur Məmmədov "Embafinans” Qapalı Səhmdar Cəmiyyətinin səhmdarı deyil və şirkətdə heç bir paya malik deyildir, yəni şirkətin idarəçiliyi və maliyyə məsələləri ilə bağlı hər hansı hüququ yoxdur.

Yazıda vurğulanan şirkətin dövlətə vergi borcu ilə bağlı iddialar da yanlış təqdim olunmuşdur. Bildiririk ki, dərc edilən borc məbləği də həqiqətə uyğun deyildir. Məlumat üçün bildiririk ki, Qanunvericiliyə əsasən, dövlətə vergi ödənişləri son tarixi cari ilin oktyabr ayın 20-ə kimidir və həmin vaxta qədər həyata keçirilə bilər. BOKT "Embafinans” QSC tərəfindən müvafiq borc ödəniş 17 oktyabr 2025-ci il tarixində tam şəkildə yerinə yetirilmişdir.  Beləliklə, hər hansı gecikmə və ya qanun pozuntusu mövcud deyildir.

Bundan əlavə, yazıda adı hallanan şirkətin qanuni təmsilçisi Nahid Hüseynov haqqında iddialar da əsassızdır. Belə ki, onun ölkədən çıxışı və girişinə heç bir məhdudiyyət qoyulmamışdır. Bildiririk ki, bu kimi əassız məlumatlar BOKT "Embafinans” QSC və onun qanuni təmsilçisi barəsində ictimaiyyətdə yanlış təsəvvür yaradır.

Bu məlumatlar nəzərə alınaraq, "Embafinans” Qapalı Səhmdar Cəmiyyəti rəsmi olaraq bildirir ki, saytınızda yayımlanmış əsassız məlumat mövcud qanunvericiliyə ziddir. Qanunlara uyğun olaraq, Azərbaycan Respublikasının "Kütləvi İnformasiya Vasitələri haqqında” Qanununun 41-ci maddəsi, Mülki Məcəllənin 23-cü maddəsini əsas götürülərək, bu məlumatın dərhal saytdan silinməsi və təkzib mətninin eyni formatda dərc olunması xahiş və tələb olunur".

REDAKSİYADAN:

Qaynatinfo.az saytı olaraq qeyd edək ki, ötən yazımızda "Embafinans” Qapalı Səhmdar Cəmiyyəti vergi borcunun olması və borcun konkret məbləği haqqında məlumat Vergi xidmətinin rəsmi saytından götürülmüşdür. Şirkətin cavab məktubunda da qeyd edildiyi kimi, borc məhz yazının dərc edildiyi gün - 17 oktyabr 2025-ci il tarixində tam ödənilmişdir.
 


Məşhur Məmmədovun "Embafinans" QSC-dəki paylarını 2023-cü ilin ikinci yarısında digər payçıya- Elşad Abbasova tam satması faktı isə diqqətimizdən yayınmışdır.

Həmin tarixdə BOKT-un əsas səhmdarı Elşad Abbasov Məşhur Məmmədovun 35 faizlik payını alaraq, öz payını 86 %-ə çatdırıb.

Səhmlərin yerdə qalan 14 %-i isə əvvəlki qaydada Tamara Polyakovaya məxsusdur.

M.Məmmədov Milli Məclisin VI çağırış deputatı, parlamentin İntizam Komissiyasının üzvüdür.

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.
  
17:25 
 
Bank Olmayan Kredit Təşkilatı "Embafinans" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dövlətə külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun məbləği 371995.4 AZN-dir. 

Bu səbəbdən, şirkətin qanuni təmsilçisi Hüseynov Nahid Şahin oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Qeyd edək ki, 2012-ci ildə yaradılan, nizamnamə kapitalı bir milyon manat olan "Embafinans" QSC-nin əsas payçılarından biri Milli Məclisin deputatı Məşhur Məmmədovdur. 

2021-ci ildə deputat "Embafinans"ın səhmdarları Elşad Abbasov (60%) və Milli Məclisin 6-cı çağırış deputatı Məşhur Məmmədov (40%) paylarının bir hissəsini yeni investora satıblar. Tamara Polyakova BOKT-un səhmlərinin 14%-nə yiyələnib. Bu əməliyyatdan sonra Elşad Abbasovun payı 51%-ə, Məşhur Məmmədovun payı isə 35%-ə düşüb.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->