"Azərbaycanda dövlət-özəl tərəfdaşlığı (PPP) sahəsində yeni institutların yaradılması nəzərdən keçirilir".
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparatında Layihələrin idarə olunması şöbəsinin Dövlət-Özəl Tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət Bakıda keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda PPP hələ inkişafın ilkin mərhələsindədir və bəzi dövlət qurumlarının nümayəndələri, eləcə də özəl tərəflər və investorlar bu mexanizm barədə kifayət qədər məlumatlı deyil: "İqtisadiyyat Nazirliyi bu sahədə Asiya İnkişaf Bankı (ADB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə sıx əməkdaşlıq edir. Bu təşkilatların təcrübəsindən yararlanmaq bizim üçün böyük üstünlükdür. Azərbaycanda artıq xüsusi PPP bölməsi mövcuddur və gələcəkdə bu sahədə daha təsirli institutların yaradılması nəzərdən keçirilə bilər".
T.Vüsət əlavə edib ki, son üç ildə əsas diqqət maarifləndirmə işlərinə yönəlib: "PPP çox faydalı alətdir, lakin onu düzgün idarə etməyi bacarmaq vacibdir. Əks halda, fayda gətirmək əvəzinə zərər verə bilər. Bu səbəbdən dövlət qurumlarının bu sahəni yaxşı bilən mütəxəssislərlə işləməsi mühüm əhəmiyyət daşıyır".
Şərhlər