Xəbər lenti

Azərbaycanla Almaniyadakı futbolun fərqi
Amal Abuşov
İdman 10:24 01.08.2026

Azərbaycanla Almaniyadakı futbolun fərqi

Dünən axşam birdən-birə üç klubumuz azarkeşlərini üzdü. "Zirə” ilə "Neftçi” UEFA Konfrans Liqasında mübarizəni dayandırdı. "Qarabağ” isə qatıldığı Avropa Liqasında uğursuzluqla üzləşdi və Sofiyanın ÇSKA klubunu özündən irəli buraxıb, perestijinə görə qitənin ən zəif turniri sayılan Konfrans Liqasının yolunu tutmalı oldu. Çox təəssüf ki, "köhlən atlar”ı orda da asan rəqib gözləmir. İndi əvvəlki səviyyəsindən xeyli uzaq olsa da, Kiyev "Dinamo”su ilə qarşılaşmaların çox çətin keçəcəyi məlum məsələdir.

Bu aqibətlə niyə üzləşdik? Başlayaq elə "Qarabağ”ın özündən. Birinci təsnifat mərhələsi Qurban Qurbanovun komandası üçün əla keçdi. "Köhlən atlar” həm səfərdə, həm də evdə rəqibini üstələdi, səviyyə fərqini ortaya qoya bildi. Amma elə həmin görüşdə də komandada problemlərin olduğu görünürdü. Heyətdəki dəyişikliklər özünü göstərir, yenilərin "Qarabağ”a tam uyğunlaşmadığı hiss olunurdu. Düşünürdük ki, ÇSKA ilə qarşılaşmaya qədər bu problemlər qismən öz həllini tapar, bolqarları üstələməyi bacararıq. Həm Bakıdakı, həm Sofiyadakı 90 dəqiqəni daha yaxşı keçirən tərəf "Qarabağ” idi. Yəqin ki, bu sözlərimlə kimsə mübahisə etmək fikrinə düşməz. Bizimkilər daha çox qol vəziyyəti yaratdı, di gəl ki, topu tora qovuşdurmaq mümkün olmadı. Görüşə əlavə olunmuş 30 dəqiqədə yorğunluq özünü göstərirdi. Penalti vuruşlarında isə Koxalski ümidlərimizi doğrultmadı.

Topun tora qovuşdurulmasından danışanda "Zirə”nin oyunu bir daha gözümüzün önündə canlanır. Bir komanda 90 dəqiqə ərzində bu qədər qol vəziyyətini boşa verə bilərmi? "Payde”nin qapıçısı Ebrima Jarju bəzi epizodlarda elə fədakarlıq edirdi ki, adamın yadına Kabo-Verde yığmasının üzvü Vozinya düşürdü. Sanki futbol tanrısı, yaxud da pərisi həmin axşam məxsusi olaraq Sumqayıta gəlmişdi ki, Jarjuya kömək etsin. "Zirə”nin futbolçuları cərimə meydançasına qədər hər şeyi çox mükəmməl, dəqiq yerinə yetirirdilər. Amma son nöqtəni qoymaq lazım gələndə futbolçuların ayaqları əsirdi, 3-4 metrdən dəqiq zərbə vurmaq mümkün olmurdu. Bizimkilər topu ya göyə uçururdular, ya da Jarjunun bədəninə çırpırdılar.

"Neftçi” haqqında çox danışmışıq, çox yazmışıq. Yenidən təkrarçılıq etmək istəmirəm. Yuri Vernidubun gəlişindən sonra həqiqətən də komanda yüksəlişə keçdi, dişiylə-dırnağıyla avrokuboklara vəsiqə qazanıldı. Lakin bu vəsiqə çox etinasız şəkildə istifadə edildi, 8 dəqiqəyə iki qol vurduğumuz "Dinamo” cütün qalibi oldu. Bu məğlubiyyətin günahkarı isə rəhbərlikdən üzü futbolçulara qədər hər kəsdir. Adamlar nə Konfrans Liqasına ciddi yanaşdılar, nə də mövsümün hazırlığına. Bunun da nəticəsi elə belə olmalıydı.

Bir sözlə, klublarımızın avrokuboklardakı fiaskosu bizə bir daha yerimizi göstərdi. Mövsüm ərzində bir-birinin ətini yeyib, sümüyünü gəmirən, milyonları havaya sovurub, vaqon-vaqon legioner gətirən klublarımız bir ağızdan avrokuboklara düşmək uğrunda mübarizə apardıqlarını aləmə car çəkirlər. Amma arzuladıqları avrokuboklarda da "Payde”, "Dinamo” kimi klubların qarşısında aciz qalırlar. "Neftçi”ni etinasızlıq yıxdısa, "Zirə” ilə "Qarabağ”ın məğlubiyyətə bərabər heç-heçəylə razılaşmasının səbəbi ələ düşən qol imkanlarından yararlanmağı bacarmamalarıdır. 

İngiltərənin məşhur futbolçusu Qari Lineker tərəfindən deyilən məşhur bir kəlam var: "Futbol sadə oyundur: 22 nəfər 90 dəqiqə top qovur və sonda həmişə almanlar qalib gəlir”. Bu deyimi özümüzə uyğunlaşdırası olsaq, elə almanlarla özümüzün arasındakı fərqi də görərik. Təxminən bu cür deyə bilərik: "22 nəfər 90 dəqiqə top qovur, azərbaycanlılar qol vəziyyətlərini boşa verir, sonda da rəqiblər sevinir”. Ümid edirəm ki, nə vaxtsa qol imkanlarından daha yaxşı istifadə edib, yavaş-yavaş almanlara oxşamağa başlayacağıq.

Amal Abuşov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->