Balakəndə keçmiş iş yerindən müxtəlif alətlər oğurlayan şəxs məsuliyyətə cəlb olunub.
Qaynarinfo xəbər verir ki, təqsirləndirilən şəxs gecə saatlarında Balakən şəhəri M.Əsədov küçəsində yerləşən "Balakən Yaşıllıq Təsərrüfatı Sahəsi" MMC-nin inzibati binasına pəncərədən daxil olub. O, binadakı saxlanc otağından 80 manat dəyərində motorlu kolbiçəni oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Ertəsi gün səhər saatlarında həmin şəxs yenidən eyni üsulla müəssisənin inzibati binasına daxil olaraq saxlanc otağından 125 manat dəyərində motorlu otbiçəni, 100 manat dəyərində motorlu mişarı və iki ədəd əl mişarını gizli şəkildə talayıb.
Nəticədə "Balakən Yaşıllıq Təsərrüfatı Sahəsi" MMC-yə ümumilikdə 317 manat məbləğində maddi ziyan vurulub.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs əvvəllər həmin müəssisədə bağban vəzifəsində çalışıb. O, məhkəmə iclasında özünü təqsirli bilərək ittihamı qəbul edib.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq) ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Seyid
Şərhlər