Məmməd SÜLEYMANOV
Dünya 10:31 18.07.2020

Bastiliyanın kölgəsi...

Məmməd Süleymanov

Parisdə iyulun 14-də Böyük Fransa İnqilabının başlanmasının növbəti ildöümü yarımçıq formada - seyrçilərsiz keçiriləndə divarlardan birində qraffiti peyda oldu: "Bu Bastiliya günü də boşuna keçdi”.

Bununla anonim müəllif fransızların İnqilab ənənələrini çoxdan unutduğuna eyham vururdu. Həmin gün maaş artımı tələb edən həkimlərin və onlara dəstək olan "sarı jiletlər”in etiraz aksiyası və polislə toqquşması da artıq səhərisi gün unudulan adi insident idi. Heç kəs "Vətəndaşlar, silaha sarılın!” kəlmələrini səsləndirməklə 1789-cu ildə İnqilabın başlanmasına siqnal vermiş Kamil Demulenin rolunu ən xırda miqyasda belə oynaya bilmədi və bilməzdi də.

Bəlkə doğrudan da İnqilab erası 20-ci əsrlə qapanıb və son onillərdə baş verənlər ya parodiya, ya da əksinqilabdır?!.

***

1774-cü ildə Fransada taxt-taca 16-cı Lüdovik və avstriyalı Mariya-Antuanetta yiyələnəndə xalq krala qənaətcil bir lider kimi baxır, gözəl kraliçanı isə sevirdi. 15 il sonra isə bu rəydən əsər-əlamət qalmamışdı. Və 1792-ci ildə 6 aylıq fasilə ilə hər ikisi boyunlarını gilyotinaya qoydu.

1786-cı ildə ölkədə iqtisadi vəziyyət kəskin pisləşir. Üstəgəl Mariya-Antuanettanın dəbdəbəli həyatı, əyləncələrə sərf etdiyi milyonlar fonunda xalq aclıq keçirir. İctimai rəydə kraliça bütün bəlaların səbəbkarı kimi qavranılır.

Mariya-Antuanetta  ard-arda baş maliyyə nəzarətçisini (maliyyə naziri) dəyişirdi. Əvvəl Türqo, sonra Nekker vəzifələrini itirir. Hər ikisi də ona görə ki, kraliçanın illik xərclərini azaltmağa çalışırdı.

1783-cü ildə bu vəzifə Şarl Kalonna tapşırılır. O, vergiləri artırmağı və xaricdən borc götürməyi təklif edir.  1783-cü ildə 100 milyon livr, sonrakı il 125 milyon livr borc götürülür. Bu vaxt Mariya-Antuanettanın təkcə əyləncələrə illik xərci 5 milyon livr idi.

Kalonn illik büdcə kəsirini azaltmağı düşünür, ancaq 1785-ci ilin məhsulsuzluğu bu planları alt-üst edir. Büdcə kəsiri artıb 114 milyon livrə çatır. 

Təcili islahatlar tələb olunur. Bunun üçünsə kraliçanın çoxsaylı favoritlərinə kəsilən maaş və təqaüdlər kəsilməli, məmurların sayı azaldılmalıydı. Ancaq kraliça buna razı olmur. Razı olanda isə artıq gec idi. 

Tezliklə monarxiyanın imicinə böyük zərbə vuran digər hadisə baş verir. O, tarixə "kraliçanın daş-qaşları qalmaqalı” adı ilə daxil olub. Məlum olur ki, kraliça fırıldaq yolu ilə 2 bankirdən 150 milyon livr dəyərində brilyantlar əldə edib. Məsələ böyüyür, məhkəmə olur, vasitəçi madam Lamott fahişələr üçün həbsxanaya salınır, sonra da kraliçanın köməyilə türmədən və ölkədən qaçırılır. Bu fırıldaq Mariya-Antuanettanın olmayan nüfuzunu daha da endirir.

Elə həmin vaxt Şarl Kalonn özündən məsuliyyəti atmaq məqsədilə o dövrlər üçün ağlasığmaz olan addım atır - illik büdcə kəsirini və dövlət borclarının ölçüləri haqda rəqəmləri mətbuatda dərc edir. Rəqəmlər bütün Fransanı sarsıdır. Məlum olur ki, 16-cı Lüdovikin hakimiyyətinin 10 ili ərzində dövlət borcu astronomik rəqəmlə artıb və artıq 1 milyard 250 milyona bərabərdir. Hamı heyrətlənir - bu qədər pulu kim və hara xərcləyib?

Əlbəttə, günahkar kral və kraliçadır. Xüsusən də ikincisi. Və Fransanı, onillərdir susan xalqı bu rəqəmlər hərəkətə gətirir. Kraliçanın köhnə dostlarından Mersi həmin vaxt gündəliyinə yazdı: "Hər şey pis qurtaracaq. Vəziyyəti düzəltmək olmayacaq”.

O cür də olur. Dövlət borcu haqda rəqəmlər susqun kütləni ayağa qaldırır.

...1789-cu ilin 14 iyulunda Bastiliyanın alınmasından bir neçə saat sonra kral öz gündəliyində bircə qeyd dir: "Rien” ("Heç nə”). Yəni, tam sakitlikdir!

Daha bir neçə saat keçir. Parisdən Versala at çaparaq gələn hersoq de Liankur qulluqçuları çətinliklə inandıra bilir ki, kralı yuxudan oyatmaq lazımdır. Yuxulu krala Bastiliyanın alınmasından, komendantın öldürülməsindən və onun başını nizəyə keçirib gəzdirən kütlədən danışır. Kral nələrisə anlamağa başlayır:
- Bu ki qiyamdır!

De Liankur quru səslə dillənir:

- Yox, sir, bu, İnqilabdır...

***

İnqilab türməyə hücumdan başlayır. Çünki, ədliyyə sistemi və məhbəslər həmişə rejimlərin ən qorxu səpən silahları olub. Zəbt edilən türmə - aradan götürülən qorxu kimidir. Qorxuya qalib gələn xalq isə yenilməzdir.

Bastiliya kral hakimiyyətinin simvolu idi. Düzdür, 1789-cu ilin iyulunda onun hücrələrində cəmisi bir neçə məhbus qalmışdı (o cümlədən, markiz de Sad), ancaq Bastiliyanın fəthi misilsiz psixoloji rol daşıyırdı. Bu həbsxanaya düşməkdən heç kəs sığortalanmamışdı - istər əsilzadə olsun, istər burjua, kəndli, "üçüncü təbəqə” - şəhər sənətkarları və yeni formalaşan proletariat. Bununla da, Bastiliya bütün nifrətlərin qovuşduğu bir obyekt idi. 

Nifrətin bütün yolları Bastiliyaya aparırdı.

***

Şər və işgəncə simvolu olan Bastiliya qalasını ələ keçirən xalqın ilk linç hədəflərindən biri kralın məsləhətçisi Fullon olur. Kütlənin nəzərlərində bu şəxs Parisə yaxınlaşan əcnəbi qoşunları ərzaqla təmin edir, paytaxtı isə ac qoyurdu. Kütlə Fullonu axtarır, ancaq 14 iyul günü onu tapa bilmir. Fullon özünü ölmüş elan edir, hətta özü üçün yalançı dəfn mərasimi də düzəltdirir.

Ancaq faydası olmur - 14 iyul hadisələrindən bir neçə gün sonra Fullon sağ-salamat ələ keçirilib öldürülür. O, həqiqətən öləndə heç dəfn mərasimi də gərək olmur - başı payaya keçirilir, bədəni itlərə yem olur. Onun ardınca kürəkəni intendant Bertyenin də başı vurulur.

Məşhur inqilabçı, kommunizmin ilk nəzəriyyəçilərindən biri Qrakx Baböf həmin günlərdə öz qadınına məktubunda həmin edamları bu cür təsvir edir:

"Mən şahidi oldum ki, kütlə necə qayınata Fullonun başını küçələrdə gəzdirirdi. Sonra oraya kürəkəni də gətirdilər. Baraban gurultusu altında hamı onu ələ salır, alçaldırdı. Kütlənin bu sevinci necə də mənim ürəyimi sıxırdı! Mən həm razı, həm də narazı idim... Hakimiyyət nə əkmişdisə, onu da biçirdi. Sonrası daha da pis olacaq. Bu, hələ başlanğıcdır...”

Bir sözlə, xalq uzun illər boyu hakimiyyətdən gördüyü barbar münasibəti indi də onun nümayəndələrinə qaytarırdı. Və çətin ki, Paris kütləsi barbar ekzekusiyalara kədər hissi ilə baxırdı.

Kral və kraliça üçün gilyotina tələb edənlərin başında dayanan Jan-Pol Marat İnqilabdan cəmisi 1 il əvvəl Mariya-Antuanettaya mədhiyyələr yazan ugursuz şair idi...