Dünya 12:33 13.11.2023

Bayden Çinlə hərbi əməkdaşlığı bərpa etmək niyyətindədir

ABŞ prezidenti Co Bayden yaxın vaxtlarda Çinlə hərbi əməkdaşlığı bərpa etmək niyyətindədir.

Qaynarinfo "CBS News"a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"Prezident hərbiçilər arasında əlaqələri bərpa etməkdə qərarlıdır. O, hesab edir ki, bu, ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur. Bizə rabitə kanalları lazımdır ki, heç bir səhv, səhv hesablama və ya anlaşılmazlıqlar olmasın", deyə Sallivan bildirib.

Onun sözlərinə görə, hərbçilər arasında əməkdaşlığın bərpası yüksək səviyyəli rəhbərlikdən tutmuş taktiki əməliyyat səviyyəsinə qədər bütün səviyyələrdə, eləcə də "Hind-Sakit okean regionunda suda və havada” baş verə bilər.

ABŞ prezidentinin müşaviri həmçinin qeyd edib ki, Bayden Çin lideri Si Szinpinlə görüş zamanı hərbi əməkdaşlıqla bağlı "topu hərəkət etdirməyə” çalışacaq.

"Çinlilər bu kommunikasiya əlaqələrini demək olar ki, kəsiblər. Prezident Bayden onları bərpa etmək istəyir. Düşünürəm ki, bu, gündəmin əsas məsələsidir", deyə Ağ Ev rəsmisi əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden və Çin lideri Si Szinpin noyabrın 15-də San-Fransiskoda şəxsi görüş keçirəcək. Dövlət başçılarının görüşü münasibətlərin pisləşməsi fonunda baş tutacaq.

Nizami Bağırov