Ekonomiks 18:00 22.05.2023

Bu halda dünya birjalarında neftin qiyməti qalxacaq - İlham Şaban

"ABŞ hökuməti mümkün defolta gedərsə, dünya birjalarında neftin qiyməti  qalxacaq”.
 
Bunu Qaynarinfo-ya Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.
 
O, bildirib ki, bunu həm OPEC, həm də Beynəlxalq Enerji Agentliyi özlərinin 2023-cü illə bağlı proqnozlarına daxil edib:
 
"OPEC deyir ki, indi bazarda qıtlıq var, Beynəlxalq Enerji Agentliyi isə bildirir ki, 2023-cü ilin 4-cü rübündə qıtlıq olacaq. Bu da ondan qaynaqlanır ki, neft sənayesinə 2020-ci ildən, yəni yaşıl enerji ilə bağlı məsələnin geniş vüsət aldığı dövrdən başlayaraq neft sahəsinə investisiyalar az qoyulur və get-gedə də azalır. Zaman gələcək ki, neft bazara az daxil olacaq və bazarın tələbi yüksələndə onun qiyməti də artacaq”. 

İlham Şaban əlavə edib ki, indi neft qiymətinin artması bir faktora bağlıdır:
 
"Həm Çində, həm də Avropada əvvəlki illərlə müqayisədə iqtisadi inkişaf tempi də aşağı düşüb və ona müvafiq olaraq istehlak da azalıb. Buna görə də neftin qiyməti 75 dollardı. Bu tələbat artan kimi qiymətlər 90-100 arasında dəyişə bilər”. 

Bu prosesin Azərbaycan neftinin qiymətlərinə də təsirindən danışan iqtisadçı deyir ki, bu proseslər Azərbaycan neftinə ancaq qiymət məsələsində təsir göstərəcək:"Bizim dünya neft bazarına təsir imkanlarımız yoxdur. Çünki həcmlərimiz kiçikdir və neftimizin qiyməti də birjalarda təyin olunmur. Ona görə də neft bazarında olan stabillik müəyyən müddətdən sonra  yenidən pozulsa və təlatüm yaransa, bu, qiymətin artmasına səbəb olacaq. Qiymətin artması isə neft satan ölkəmizin büdcə və gəlirliərinin formalaşmasında əsas lokomativ kimi rol oynadığına görə, bundan gəlir əldə edə bilərik. Ancaq bütün bunlar uzun müddətli dövr üçün deyil. Çünki yaşanananlar müəyyən hadisələrdən qaynaqlanır. Biz ötən il qiymətlərin necə yüksəldiyini və bundan sonra dünya iqtisadiyyatının əsas istehlakçıları risq dərəcələrini aşağı salmaqla neftin ən yüksək qiymətdə olduğunu gördük. Həmin vaxt bu qiymət 139 dollara qədər yüksəldi, indi 75 dollara qədər düşüb”. 

Ekspert hesab edir ki, mümkün defolt neft qiymətləri ilə bərabər neft hasilatına təsir edə bilər:
 
”Bazara həm leqal, həm də qeyri- leqal neft çıxarılır. Buna görə də dünya bazarında hazırda neft qıtlığı yaşanmır. Digər tərəfdən, ötən ilin 5 dekabrından Rusiya neftinə, bu ilin 5 fevralından isə Rusiya neft məhsullarına tətbiq edilən sanksiyalardan sonra daha ucuz qiymətə satıldığından, digər ölkələr daha çox neft ala bilir. Bu da neftin qiymətinin artımının qarşısını alır. Bunun isə nə qədər davam edəcəyi bilinmir. G7-nin Xerosimada qəbul etdiyi komunitedə qeyd olunub ki, Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq lazımdır. Onların məqsədi bu sanksiyaları sərtləşdirməklə Rusiyanın bazara çıxardığı nefti daha ucuz qiymətə təklif etməyə vadar etməkdir. Çünki bunun nəticəsində Rusiyanın qazancı daha da azalacaq”.

Günay İlqarqızı