Xəbər lenti

Budapeşt görüşü baş tutsa, nə olacaq? - Siyasi şərhçi
Dünya 13:15 17.10.2025

Budapeşt görüşü baş tutsa, nə olacaq? - Siyasi şərhçi

Vladimir Putinin Donald Trampla telefon danışığı, Volodimir Zelenskinin Ağ Evə səfərindən əvvəl baş tutması təsadüfi deyildi. Bu, Moskvaya təhlükəli eskalasiya kimi görünən silah tədarükünü önləmək və Donald Trampı yenidən Rusiya düşüncə tərzinə qaytarmaq cəhdi idi. Görünür ki, Putin müəyyən uğura nail olub.

Qaynarinfo xəbər verir ki, bu sözləri "Sky News”un şərhçisi Ayvor Bennet  yazıb.

Bennet qeyd edir ki, Alyaska görüşündən sonra irəliləyişin açıq-aşkar olmamasını nəzərə alsaq, Budapeştdəki görüşün də fərqli olacağına inanmaq çətindir. O bildirir ki, Tramp bu gün Zelenski ilə görüşündə ona lazım olan silahları verə bilər, lakin bu, çox az ehtimal olunur.

"Əgər o bunu etsə, Putin cavab verməyə məcbur qalacaq və Budapeşt görüşü uğursuzluqla nəticələnəcək”, deyə Bennett izah edir.

O vurğulayır ki, bu telefon danışığı və onun nəticələri Tramp və Putin münasibətlərinin tipik modelini nümayiş etdirir:

"Tramp, görünür, Ukraynanı dəstəkləməyə və Rusiyaya təzyiq göstərməyə hazırdır - təkcə sözlə yox, həm də əməl ilə. Lakin Putin nədənsə onu fikrindən daşındıra bilir və heç bir güzəşt və ya kompromis əlaməti olmadan vaxt qazanır".

Bennet qeyd edir ki, Putinin taktikasının mahiyyəti Trampa hansısa "irəliləyiş kimi təqdim oluna biləcək” bir şey təklif etmək və bunu açıq-aşkar tərif axını ilə müşayiət etməkdir.

"Əgər Budapeşt görüşü baş tutarsa, Tramp arzuladığı şeyi əldə edəcək - televiziyalarda nümayiş olunacaq bir "sülh anı”, onun özünü "barışdırıcı prezident” kimi göstərən daha bir epizod. Lakin, bəlkə də, əsas mükafat Putinə çatacaq - çünki o, müharibənin başlanmasından bəri ilk dəfə Avropa İttifaqı ərazisində qəbul olunacaq. Bunu artıq onun təbəssümündən hiss etmək mümkündür”, deyə o yekunlaşdırır.

16 oktyabrda Tramp Putinə Budapeştdə görüşmək barədə razılaşdığını açıqlayıb. Sammitin növbəti iki həftə ərzində baş tutması gözlənilir.

Bu arada "Axios” yazır ki, Ukrayna prezidenti Volodimir Zelenski və onun komandası Trampın bu bəyanatına təəccüblə reaksiya veriblər.

"The Telegraph” isə qeyd edir ki, Budapeştdə keçiriləcək Tramp–Putin görüşü Brüssel üçün alçaldıcı, Macarıstanın baş naziri Viktor Orban üçün isə siyasi triumf olacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->