Xəbər lenti

Buz mağarasından tapılan qədim bakteriyalar 10 antibiotikə davamlı çıxdı
Dünya 23:38 18.02.2026

Buz mağarasından tapılan qədim bakteriyalar 10 antibiotikə davamlı çıxdı

Alimlər Rumıniyada qədim yeraltı buz mağarasında donmuş vəziyyətdə olan və 10 müasir antibiotikə davamlı bakteriyalar aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, "The Independent” nəşrinin yazdığına görə, buz mağaraları müxtəlif mikroorqanizmlər üçün yaşayış mühitidir. Zaman keçdikcə buzların əriməsi ilə bu bakteriyalar azad ola və antibiotikə davamlılıq problemini daha da dərinləşdirə bilər.

Lakin tədqiqatçılar bildirirlər ki, bu bakteriyalar dərmanların həddindən artıq istifadəsi nəticəsində yaranan antibiotikə davamlılığın qarşısını almaq üçün yeni strategiyaların hazırlanmasına da kömək edə bilər.

Rumıniyadakı mağarada 5 min illik buz qatında tapılan "Psychrobacter SC65A.3” bakteriyası soyuq mühitə uyğunlaşmış orqanizmdir və heyvanlarda, eləcə də insanlarda infeksiyalara səbəb ola bilər.

Oxşar bakteriya ştamları həm risk, həm də perspektiv daşıyır. "Əgər buzların əriməsi bu mikrobları azad edərsə, onların genləri müasir bakteriyalara keçə və qlobal antibiotikə davamlılıq problemini daha da gücləndirə bilər”, deyə tədqiqatın müəllifi, Rumıniya Elmlər Akademiyasının Buxarest Biologiya İnstitutunun baş elmi işçisi doktor Kristina Purkarya bildirib.

Digər tərəfdən, bu bakteriyalar unikal fermentlər və antimikrob birləşmələr istehsal edir ki, bu da yeni antibiotiklərin, sənaye fermentlərinin və digər biotexnoloji innovasiyaların yaradılmasına ilham verə bilər.

"Frontiers in Microbiology” jurnalında dərc olunan araşdırma çərçivəsində alimlər yaşı 13 min ilə çata bilən 25 metrlik buz nüvəsini qazaraq çıxarıblar. Laboratoriyada buz fraqmentləri və müxtəlif bakteriya ştamları öyrənilib, onların genomu ayrılıb. Tədqiqatçılar hansı genlərin aşağı temperaturda yaşamağa, hansılarının isə antimikrob preparatlara davamlılıq və aktivlik göstərməyə imkan verdiyini müəyyən etməyi planlaşdırırlar.

"Psychrobacter SC65A.3” kimi minillik buz çöküntülərindən əldə olunan mikrobların öyrənilməsi göstərir ki, antibiotikə davamlılıq müasir antibiotiklər istifadəyə verilməzdən çox əvvəl təbii mühitdə formalaşıb”, deyə doktor Purkarya qeyd edib.

Alimlər ştamı bakterial infeksiyaların müalicəsində geniş istifadə olunan 10 sinifdən 28 antibiotik üzərində sınaqdan keçiriblər. O cümlədən davamlılıq aşkar edilən antibiotiklər də test edilib. Məlum olub ki, sidik yolları, ağciyər, dəri, qan və reproduktiv sistem infeksiyalarının müalicəsində istifadə olunan bəzi antibiotiklər bu ştama qarşı təsirsizdir. Bu isə soyuq mühitin bakteriyalarda dərman təsirinə qarşı davamlılığı təmin edən spesifik DNT ardıcıllıqlarının formalaşmasına şərait yaratdığını göstərir.

Bakteriyalarda funksiyası hələ məlum olmayan təxminən 600 gen aşkar edilib ki, bu da yeni bioloji mexanizmlərin kəşfi üçün istifadə olunmamış potensial mənbəyə işarə edir. Genom analizi həmçinin digər bakteriyaların, göbələklərin və virusların böyüməsini dayandıra və ya onları məhv edə biləcək potensial 11 gen müəyyən edib.

Tədqiqatçılar bildirirlər ki, bu nəticələr antibiotikə davamlılığın artan qlobal problemə çevrildiyi bir dövrdə xüsusi əhəmiyyət daşıyır. Qədim genomlara qayıdış və onların potensialının araşdırılması təbii mühitin antibiotikə davamlılığın yayılması və təkamülündə mühüm rol oynadığını göstərir.

Xatırladaq ki, bakteriyalar günəş işığı və dəmir tərkibli minerallardan istifadə edərək antibiotikləri zərərsizləşdirə bilir. Onlar dəmir oksidi hissəciklərindən istifadə etməklə təkrar doldurulan kondensator kimi fəaliyyət göstərən bioörtük yaradır. Gün ərzində günəş işığı altında bu bioörtük fotonları udur və elektronlar toplayır. Gecə isə bakteriyalar yığılan enerjidən kimyəvi reaksiyaları işə salmaq üçün istifadə edir.

Aydın
--> -->