XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Təhlükəsizlik böhranı böyüyür, Qərb paytaxtları həyəcan içində - Minlərlə hərbçi niyə çıxarılır?
Dünya10:50 25.09.2026

Təhlükəsizlik böhranı böyüyür, Qərb paytaxtları həyəcan içində - Minlərlə hərbçi niyə çıxarılır?

ABŞ-ın Avropadan 25-40 min hərbçini çıxarmağı planlaşdırması və Moskva ilə aparılan diplomatik təmaslar Qərb paytaxtlarında təhlükəsizlik narahatlıqlarını artırır.

ABŞ bu addımla diqqətini Çinə yönəldir, yoxsa Avropanı müdafiə xərclərini artırmağa məcbur edir? Avropa ABŞ-ın yaratdığı boşluğu təkbaşına doldura bilərmi? Ukrayna müharibəsi beşinci ilinə daxil olarkən Qara dənizdə mühüm rol oynayan Türkiyəni hansı proses gözləyir?

Qaynarinfo xəbər verir ki, İstanbul Aydın Universitetinin müəllimi, doktor Hazar Vural hürriyet.com.tr-yə açıqlamalar verib.

ABŞ administrasiyasının Avropadakı hərbi mövcudluğunu mərhələli şəkildə azaltmağa hazırlaşması, həmçinin Vaşinqtonla Moskva arasındakı diplomatik təmaslar Qərb paytaxtlarında təhlükəsizlik narahatlıqlarını artırır.

Mətbuata əks olunan məlumatlara görə, Vaşinqton daha əvvəl elan etdiyi 5 min nəfərlik qüvvəyə əlavə olaraq Avropadan daha 25 min hərbçini çıxarmağı planlaşdırır. Hətta bu rəqəmin 40 minə çatacağı da iddia olunur.

Ukraynanın Liman xəttində tank bölmələri ilə irəliləyiş əldə etdiyi, Moskvaya qarşı pilotsuz uçuş aparatları ilə hücumların artdığı və Rusiya Prezidenti Vladimir Putinin yüz minlərlə yeni hərbçini orduya cəlb etməyə hazırlaşdığı bir vaxtda bu qərarın qəbul edilməsi strateji qeyri-müəyyənlik yaradır.

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiyanın bu addımdan Moskvanı danışıqlar masasına gətirmək üçün istifadə etdiyi bildirilir. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın baş müşaviri Cared Kuşnerin apardığı təmasların Kremldə “zaman Rusiyanın xeyrinə işləyir” düşüncəsini gücləndirməsindən narahatlıq ifadə olunur.

ABŞ-a nə qədər etibar etmək olar?

ABŞ-ın Avropadan 25-40 minə yaxın hərbçini çıxarmağı müzakirə etməsi yalnız hazırkı administrasiyanın “Öncə Amerika” siyasəti ilə bağlıdır, yoxsa Vaşinqtonun əsas prioritetini Çinə və Sakit okean regionuna yönəltmə strategiyasının bir hissəsidir?

Doktor Hazar Vural ABŞ-ın Avropadan hərbçi çıxarması məsələsini yalnız bir səbəblə izah etməyin yetərli olmadığını və prosesə çoxşaxəli yanaşmaq lazım gəldiyini bildirib.

Qərarın yalnız “Öncə Amerika” siyasəti ilə izah edilə bilməyəcəyini deyən Vural bildirib:

“Vaşinqtonun əsas hədəfi olan Çinlə apardığı hegemonluq mübarizəsini birinci sıraya qoysaq, digər istiqamətləri tənzimləyərək qlobal balans yaratmaq cəhdi içində olduğunu görürük. Lakin son iki ilə nəzər saldıqda ABŞ-ın açıqlamaları ilə addımlarının üst-üstə düşmədiyi məqamlar var. Rusiya-Ukrayna müharibəsini təcili şəkildə başa çatdırmaq və ya İranı istənilən şərtlərlə danışıqlar masasına gətirmək barədə açıqlamalar reallaşmadı. Bu vəziyyət ABŞ-ın nüfuzuna mənfi təsir göstərməklə yanaşı, müttəfiqləri arasında ‘Amerikaya nə qədər etibar etmək olar?’ sualını doğurdu”.

“Tramp Avropanı təzyiq və təşviq siyasəti ilə öz xəttinə gətirir”

“Avropadan hərbçi çıxarma strategiyasının arxasında Putini danışıqlar masasına gətirmək üçün sövdələşmə taktikası dayanırmı?” sualını cavablandıran Hazar Vural ABŞ-ın bu planı Moskva qarşısında danışıqlar vasitəsindən daha çox təzyiq aləti kimi qurduğunu bildirib.

Doktor Vural deyib: “Bu məsələni yalnız Putinə qarşı tətbiq edilən sövdələşmə taktikası kimi oxumaq olmaz. Müharibənin ən qızğın dövrlərində belə, Alyaska görüşlərində olduğu kimi, Vaşinqton və Moskva liderlər səviyyəsində təmas qura bilirdi. Trampın düşüncəsində müttəfiqlərlə xərcləri bölüşmək var. O deyir ki, "Avropanın təhlükəsizliyindən danışırıqsa, avropalı liderlər də məsuliyyət götürməlidir". Tramp bir tərəfdən silah satışları ilə xəzinəsini doldurarkən, digər tərəfdən 5 faizlik müdafiə xərcləri tələbi ilə Avropaya təzyiq göstərməyə çalışır. Yəni prosesi Moskvadan daha çox təzyiq və təşviq siyasəti kimi qiymətləndirmək lazımdır”.

“Avropa ABŞ-ın yaratdığı boşluğu qısa müddətdə doldura bilməz”

ABŞ-ın hərbçilərini çıxarması NATO-nun 5-ci maddəsində yer alan “birimizə edilən hücum hamımıza edilmiş sayılır” prinsipini zəiflədə bilərmi? Avropa müdafiəyə daha çox vəsait ayırmaqla ABŞ-ın yaratdığı boşluğu doldura bilərmi?

NATO-nun 5-ci maddəsinin tarixdə yalnız bir dəfə tətbiq edildiyini və belə qərarların asan qəbul olunmadığını bildirən doktor Vural deyib:

“Avropa Trampın ikinci prezidentlik dövründə bunu başa düşdü: ötən əsrdə qurmadığı müdafiə siyasətlərini bu gündən sabaha sıfırdan yarada bilməz. Polşanın və ya Almaniyanın təhdid qavrayışı Portuqaliya və ya İspaniyanınkı ilə eyni deyil. Bu da qərar qəbul etmə sürətinə mənfi təsir göstərir. Avropa dövlətlərinin qısa müddətdə ABŞ-dan asılı olmadan texnoloji, hərbi və demoqrafik çatışmazlıqları aradan qaldıracaq resursları yoxdur. Artırılması lazım olan maliyyə resurslarını da bərabər şəkildə yaratmaları asan görünmür. Buna görə hazırda NATO-ya möhtac bir Avropa mənzərəsi ilə qarşı-qarşıyayıq”.

“ABŞ bir tərəfdən Avropaya təzyiq göstərir, digər tərəfdən Rusiyanı zəiflədir”

Müharibənin davam etməsinin qlobal aktorlar baxımından fərqli balanslar yaratdığını bildirən doktor Vural ABŞ-ın strateji qazancına da toxunub.

“Yeni nəsil müharibələr dövründə artıq müharibələri başa çatdırmaq başlatmaq qədər asan deyil”, - deyən Hazar Vural sözlərini belə davam etdirib:

“Rusiya-Ukrayna müharibəsinin davam etməsi bir tərəfdən ABŞ-ın Avropaya təzyiq göstərdiyi və silah sataraq xəzinəsini doldurduğu bir sahə yaradır. Digər tərəfdən isə Rusiyanın davamlı olaraq resurs, pul və hərbçi itirməsinə səbəb olaraq Moskvanı hegemonluq mübarizəsində məşğul edən və dayandıran amil rolunu oynayır”.

Türkiyə və Qara dəniz regionu hansı rolu oynayacaq?

ABŞ-ın Avropadan çıxması İkinci Dünya müharibəsindən sonra qurulan dünya düzəninin sonu deməkdir? Yaranacaq yeni təhlükəsizlik şəraitində Türkiyə və Qara dəniz regionu hansı rolu oynayacaq?

Ukraynada davamlı sülhün yaxın perspektivdə mümkün görünmədiyini vurğulayan doktor Vural Türkiyənin işarə etdiyi diplomatik kanalın əhəmiyyətinə diqqət çəkib.

Vural İkinci Dünya müharibəsindən sonra qurulan düzənin ciddi transformasiyadan keçdiyini bildirərək deyib:

“Xüsusilə Türkiyənin də daim işarə etdiyi kimi, birbaşa danışıqların canlandırılması və Qara dənizdə sülh şəraitinin bərqərar olması lazımdır”.

O əlavə edib: “Həm yeni nəsil texnoloji silahların sınaqdan keçirildiyi, həm də risklərin əhəmiyyətli dərəcədə artdığı bir dövrdəyik. Məsələ artıq yalnız Avropanın təhlükəsizliyi və ya Ukraynanın ərazi bütövlüyü deyil. Məsələ regionun bütövlükdə müxtəlif aspektlərdən bu prosesdən təsirlənməsidir. Buna görə də Ukraynanın oyun meydanına çevrilmiş bu vəziyyətdən mümkün qədər tez tam və davamlı atəşkəs, eləcə də diplomatiyadan istifadə etməklə çıxmaq lazımdır. Lakin müharibə beşinci ilini geridə qoyarkən tərəflərin də geri addım atmadığı bir şəraitdə bunun yaxın perspektivdə həllə çevrilməsi hazırda çox mümkün görünmür”.

Aydın