Dünya 11:21 19.04.2023

Cənubi Koreya prezidenti ilk dəfə mövqeyini dəyişdi: Kiyevə silah veriləcək

Ukrayna mülki şəxslərə qarşı irimiqyaslı hücuma məruz qalarsa, Cənubi Koreya Kiyevə dəstəyi indiki humanitar və iqtisadi yardım çərçivəsindən kənara çıxara bilər.
 
Qaynarinfo xəbər verir ki, bunu "Reuters” agentliyinə müsahibəsində ölkə prezidenti Yun Suk Yol ilk dəfə olaraq Ukraynanın silahlanması ilə bağlı mövqeyinin dəyişdiyini bildirərkən deyib.

O vurğulayıb ki, onun hökuməti Ukraynanı qorumaq və bərpa etmək yollarını araşdırır. "Əgər elə bir vəziyyət yaranarsa... məsələn, mülki əhaliyə qarşı genişmiqyaslı hücum, kütləvi qırğın və ya müharibə qanunlarının ciddi şəkildə pozulması, bizim üçün yalnız humanitar və ya maliyyə dəstəyi ilə kifayətlənmək çətin ola bilər”, - deyə o, mövqeyini izah edib. 

Nəşr qeyd edib ki, beləliklə, Seul ilk dəfə olaraq Ukraynaya silah verməyə hazır olduğunu bəyan edib. Baxmayaraq ki, bir ildən çox əvvəl o, ölümcül yardımın göstərilməsini istisna edirdi.

"İnanıram ki, qanunsuz işğal edilmiş bir ölkənin müdafiəsi və yenidən qurulmasına dəstək vermək üçün heç bir məhdudiyyət olmayacaq..." - Yun əlavə edib.

Eyni zamanda Cənubi Koreya prezidenti deyib ki, ən uyğun tədbirlərlə bağlı qərar "müharibədə iştirak edən tərəflərlə münasibətlər nəzərə alınmaqla” qəbul ediləcək.

Alpər