Üslubun sadəliyi
Görkəmli yazıçımız, sadəliyin yorulmaz təbliğatçısı Seymur Baycanın bədii zövqünün sadəlikdən bəsitliyə doğru yuvarlandığı bu günlərdə Çezare Pavezenin gündəliklərini və "Ay və tonqallar” romanını təkrar oxudum. Çezare Paveze ədəbiyyatda üslub sadəliyinin gözəlliyini görmək istəyənlər üçün yaxşı nümunədir. Amma bu sadəlik qətiyyən bəsitlik deyil. Sadəliyə çata bilmək böyük uğurdur. Sadəlik yalnız sənətkarlığın başqa elementləri ilə birlikdə sənət əsərinə çevrilə bilər. Əks halda, bəsitliyə çevrilmə təhlükəsi böyükdür. Yaradıcı insan isə bəsitlikdən yeddi ağac uzaq qaçmalıdır. Herman Hesse bəsitliklərə, sənətdə hər şeyi bəsitləşdirənlərə ("grands simplificateurs”) nifrət etdiyini cığallıqdan söyləmirdi.
Uca ölümün pıçıltıları
Obyektiv və subyektiv səbəblərdən gündəlik janrının səmimiliyinə hərdən şübhə ilə yanaşmaq lazımdır. Amma böyük sənətkarların gündəlikləri onlar haqqında bizə xeyli məlumat verir. Həm də yaradıcılığın mətbəxi ilə birbaşa, vasitəsiz tanış oluruq. Pavezenin bioqrafiyası ilə maraqlananlar bilirlər, çox depressiv adam olub. Əsərləri də depressivdir. Sonda da amerikalı aktrisa Konstans Daulinqə olan sevgisi cavabsız qaldığı üçün qırx iki yaşında intihar edir. On beş-on altı il əvvəl bu məlumatı oxuyanda özünü həqiqətən də sevgi söhbətinə görə öldürdüyünə inanmışdım ("Bu boyda yazıçının hərəkətinə bax!”). Amma romanlarını və gündəliklərini oxuyandan, özüm də həyatla azdan-çoxdan tanış olandan sonra sevgi məsələsinin bu intiharın ən sonuncu səbəblərindən biri olduğunu, hətta heç səbəbi olmadığını anladım. Oxşar yanlış qənaətə Yukio Mişimanın intihar səbəblərini oxuyanda gəlmişdim.
"Yaşamaq sənəti” ("Il mestiere di vivere: Diario 1935–1950”) adlı gündəliklərində Çezare Pavezenin gəncliyindən etibarən intihar və ölüm düşüncəsi ilə həşir-nəşir olduğunu görürsən. 1935-ci ildə, yəni iyirmi yeddi yaşında yazdığı bir qeyddə "uca ölümün pıçıltıları”ndan danışır. "İntihar edənlər” adlı hekayəsi də var. Yaxud 1936-cı ilə aid başqa bir qeyddə yazır:
"Özü-özünü məhv etmək dəliliyini, çılğınlığını hiss etmək lazımdır. İntihardan danışmıram. Bizim kimi insanlar söhbəti intihara qədər aparıb çıxara bilmirlər. İntihar nağılvari igidlik davranışıdır, dastanlardakı kimi alın yazısı qarşısında insanın ucalığını, gücünü göstərən hərəkətlərdən biridir.”
Başqa qeydlərində də dəfələrlə intihar məsələsinə toxunur. Düşdüyü hər çətinlikdə ağlına ilk gələn şey intihardır. Amma tez də həmin fikirdən uzaqlaşmağa çalışır. Yaşamaq eşqi hələ var. İntiharı özündən uzaqlaşdırmaq üçün səbəblər fikirləşir:
"Bir məqamı unutma: intihar indiki dövrdə gizlənmə vasitəsidir. Qorxaraq, səssiz-səmirsiz həyata keçirilir və sonda tamamilə uğursuzluğa düçar olur. İntihar artıq hərəkət deyil, təslimiyyətdir.”
Şəxsi həyatındakı uğursuzluqlar artdıqca, əhvali-ruhiyyəsi daha da bədbinləşdikcə artıq intihardan qaçma arqumentləri tərsinə çevrilir. İntihardan başqa xilas olmadığını özünə təlqin etməyə başlayır:
"Yazmaqla bədbin ruhdan xilas olmaq, yəni, bir növ, iztirablardan ədəbiyyat vasitəsilə arınmaq intiharı əvəz edə bilmir. Uçurumdan xilas olmağın yeganə yolu o uçurumdan aşağı baxmaq, dərinliyin ölçüsünü təxmin etmək və özünü həmin boşluğa buraxmaqdır.” Və ya başqa bir qeydi: "Ağır xəstəlik, yaxud avtomobil altında qalmaq qorxusu ilə intiharı düşünmək. Həyat yaşamağa dəymir artıq”.
1950-ci ilin əvvəllərində siyasi hadisələr də ruhi müvazinətinə ciddi təsir edir. İtaliyada hər an vətəndaş müharibəsi başlaya bilər; deyirlər, beş il öncə atılmış atom bombasının təsirləri indi yayılır; sanki baş verən hər şey sevdiyi qadının Romaya gələn yollarını bağlamaq və onların münasibətini məhv etmək üçündür.
1950-ci ilin mart ayıdır. Konstans Daulinqə yazdığı məktublarına cavab yoxdur. Məktub dalınca məktub göndərir. Ümidinin kəsilməsinə az qalmış bir cavab gəlir: Konstans iki aydan sonra Romaya gələcək. İki ay ümidlə yaşamağa səbəb var. Amma iki aydan sonra da nəticə yoxdur.
27 may tarixli qeyd: "1948-49-cu illərdə yaşadığım xoşbəxtliyin əvəzini indi ödəyirəm. Ovaxtkı xoşbəxtliyimin səbəbi gücsüzlüyüm və heç nəyə bağlanmamağım idi. Amma indi artıq girdabın içindəyəm. Gücsüzlüyümü kənardan seyr edirəm, dərindən duyuram, iliyimə işləyir. Siyasi məsuliyyətin gətirdiyi yükün altında əzilirəm. Yeganə çarə: intihar.”
17 avqust qeydlərindəki əhvalı: tamam ümidsizlik, çarəsizlik, hər şeydən küskünlük.
18 avqust: "Lazım olan bir şey var: azca cəsarət. Ağrılar, iztirablar nə qədər üzə çıxıb özünü aşkar hiss etdirirsə, yaşamaq instinkti də o qədər artır və intihar qərarı zəifləyir. İlk dəfə düşünəndə mənə çox asan gəlmişdi. Sən demə, intihar təvazökarlıq istəyirmiş, təkəbbür yox. Sözlərə ehtiyac yoxdur, hərəkətə keçmək lazımdır. Artıq yazmayacağam”.
27 avqustda intihar edir.
Tanrısız protestantlıq
Metafizik inancların yoxdursa, bəzi hissləri izah etmək çətindir. Axtarıb elmi izahlar tapmaq olar, amma bu izahlar adamı qane etmir. O hissləri keçirdiyin anda heç elmi izah haqqında da düşünə bilmirsən. Bəzən ən çətin anlarda ətrafını qəribə bir ilahi hava bürüyür. Və ya dərin ümidsizlik vaxtı insana qəfil coşqunluq gəlir. Təbiətdə bunları daha çox hiss etmək olur. Təbiətlə təmasda bəzən duyğular elə coşur ki, bu duyğuların mütləq ilahi kökdən çıxdığını zənn edirsən. Yaxud yaradıcılıqda qəribə, izaholunmaz ilham məsələsi.
Çezare Paveze ateist yazıçılardan sayılır, amma gündəliklərində tanrı inancının gah gücləndiyini, gah zəiflədiyini, gah da tamamilə yoxa çıxdığını görürük. Tanrının varlığı-yoxluğu problemi son günlərinə qədər zehnini məşğul edir. Hər bir halda, metafizik meyilləri olmadığına görə keçirdiyi qəribə hisslərə, təbiətin izaholunmaz təsirlərinə tanrıdan kənarda ad qoymağa çalışır. Bunu "tanrısız protestantlıq” adlandırır. Yaxşı tapıntıdır. İlahi duyğuların metafizik, təbiətin özündən kənarda olduğuna inanmır, amma həm də o qədər canında hiss edir ki, ilahiliyini inkar edə bilmir. İnsan bir yarpağın titrəməsindən, meşədə ağacların xışıltısından niyə bu qədər ruhani ovqata girsin? Hə, bu da bir növ ruhanilikdir, amma tanrısız.
Qəhrəmanın səyahəti
İndiyədək həyat elə gətirib ki, hansısa məkana bağlı qala bilməmişəm. Evdən evə, şəhərdən şəhərə, ölkədən ölkəyə mütəmadi köç vəziyyəti buna imkan verməyib. On yeddi yaşıma qədər yaşadığım məkanda başqa yerlərə nisbətən daha çox xatirələrim var. Amma zaman keçdikcə ora da daxil olmaqla heç bir məkanda doğmalıq hissi qalmayıb. Bütün yerdəyişmələrdən sonra əldə qalan sadəcə "doğma məkan” axtarışıdır. Yəqin ki, o doğma məkanı da heç vaxt tapmaq olmur. Beləcə, hər kəs özünün səyahətini yaşayır. Hamı bu və ya digər formada fərdi olaraq "qəhrəmanın səyahəti”ndən keçir. Amma bu, çox vaxt uğursuz səyahətdir. Daha əfsanələrdəki kimi böyük-böyük zəfərlərdən sonra geriyə - vətənə qayıtmaq alınmır. Qayıdandan sonra da axtardığını tapmadığını dərhal anlayırsan və yenidən çıxıb getmək arzusu başlayır. Gedəndə qayıtmaq, qayıdanda getmək istəyi. Sağkən bitməyən səyahət.
Çezare Paveze heç bir yerdə qərar tuta bilməyən, heç vaxt rahatlıq tapmayan insan kimi "Ay və tonqallar” romanında qəhrəmanın uğursuz səyahətinin ağrılarını gözəl təsvir edir. Doğulduğu yer olmasa da, böyüdüyü məkanı tərk edib Amerikaya gedir. Amma gedib çatdığı ilk gün ağlına gələn fikir geri qayıtmaqdır. "Bir yerdə qərar tutmamaqdan əvvəl-axır bezirsən, istəyirsən haradasa kök salasan, kəndinə-torpağına qarışasan, həyatının bir mənası olsun və növbəti baharın gəlişinə qədər unudulmayasan”. İndisə geri qayıdıb və çoxdan tərk etdiyi məkanda keçmişi xatırlayır. Tərk etdiyi yerlərin dəyişdiyi, bir zamanlar ətrafında olan insanların artıq olmadığı həqiqətini dərin kədərlə qarşılayır. "Məgər qoz ağaclarını yerində tapa bilməyəcəyimi heç ağlımın ucundan keçirmişdimmi? Əgər onlar yerində yoxdursa, deməli, hər şeyin sonudur. Bu fikir məni o qədər məyus etdi ki, heç kəsi çağırmadım, hətta sakitcə axan suya belə nəzər salmadım.”
Səyahətdən geri dönən qəhrəmanın tipik problemidir: həm keçmişin qoxularını, dadlarını, məkanın keçmiş ruhunu yenidən hiss etmək, həm də hər şeyin artıq dəyişdiyini anlamaq. Və bu ziddiyyətdən doğan kədər.
Paveze gündəliklərində dahiliyə belə tərif verirdi: "Dahilik özündən kənarda mövzu tapıb onu ustalıqla işləmək deyil. Dahilik öz həyat təcrübəmizə, yaşadıqlarımıza, öz bədənimizə, bununla da öz ritmimizə sahib olduqdan sonra yazdığımız əsərlərin mövzularının və hadisələrinin sərhədlərindən kənarda dayanıb həmin ritmi əsərdə hiss etdirə bilməkdir”. Özü bu cür sənətkarlardandı. Biz onun yazdıqlarının, əsərlərindəki hadisələrin nə qədər gerçək, nə qədər uydurma olduğunu dəqiq bilmirik. Amma öz yaşadıqlarını hər cümləsində hiss edə bilirik.
Rəşad Səfər
Şərhlər