ABŞ alimlərinin araşdırmasına görə, 2000–2024-cü illərdə Konqo Demokratik Respublikasından (KDR) rəsmi hesabatlarda göstərilmədən böyük həcmdə uran ixrac edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri yazıb.
ABŞ-ın "University of Wisconsin–Madison" və "Princeton University" alimlərinin tədqiqatına əsasən, son 24 il ərzində KDR-dən 2 000–5 000 ton uran ixrac olunub. Tədqiqat müəllifləri bildiriblər ki, dünyada təbii uranın illik hasilatı təxminən 55 000–65 000 ton təşkil etdiyindən, bu miqyasdakı ixrac ciddi əhəmiyyət daşıyır.
Nəşr xatırladır ki, uran hasil edən ölkələr nüvə silahlarının yayılmaması üzrə beynəlxalq öhdəliklər çərçivəsində bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) məlumat verməli və materialın bütün daşınmalarını bəyan etməlidirlər.
KDR dünyanın aparıcı kobalt istehsalçılarından biridir. Kobalt elektrik avtomobilləri, günəş və külək enerjisi sistemləri üçün vacib komponent hesab olunur və litium-ion batareyalarının katod hissəsində istifadə edilərək onların enerji tutumunu və sabitliyini artırır.
KDR-də yerləşən Mis kəməri (Copperbelt) regionunda kobalt yataqları təbii olaraq uranla birlikdə rast gəlinir.
"Bu bölgədə şirkətlər kobalt filizi çıxararkən, uranı da hasil etmiş olurlar. Xüsusilə əvvəllər uran hasilatı aparılmış ərazilərdə çıxarılan kobalt filizində uranın miqdarı kifayət qədər yüksək ola bilər", – araşdırmanın müəlliflərindən biri, "University of Wisconsin–Madison" və "Princeton University"in tədqiqatçısı Rayan Manzuk bildirib.
Uran hara gedib?
Tədqiqatçılar qeyd ediblər ki, dünyada kobalt emalı müəssisələrinin təxminən 95 faizi Çində yerləşir. Onların qiymətləndirməsinə görə, KDR-dən çıxarılan uranın böyük hissəsi də məhz Çinə göndərilib.
Alimlərin hesablamalarına görə, 2 000–5 000 ton uran nəzəri baxımdan 600–1 500 nüvə döyüş başlığının hazırlanması üçün kifayət edə bilər. Dinc məqsədlərlə istifadə edildiyi halda isə bu həcmdə uran yüngül su reaktorunu 25 ilədək yanacaqla təmin edə bilər.
"Nəzərə alsaq ki, bu uran rəsmi şəkildə bəyan edilməyib və onun hasilatı ilə ayrılması qeydə alınmayıb, son istifadə istiqaməti üzərində heç bir beynəlxalq nəzarət yoxdur", nüvə təhlükəsizliyi üzrə ekspert və "University of Wisconsin–Madison"un dosenti Sebastian Filip deyib.
Araşdırma müəllifləri hesab edirlər ki, bu vəziyyət qəsdən yaradılmayıb. Bununla belə, BAEA-nın nəzarətindən kənarda ixrac olunan uranın həcmi narahatlıq doğurur.
Bundan əlavə, tədqiqatçılar ehtimal edirlər ki, 1 000–4 000 ton uran mədən tullantıları yığınlarında qalıb. Bu isə həm mədən işçilərinin, həm də yataqların yaxınlığında yaşayan əhalinin sağlamlığı üçün risk yarada bilər.
Aydın
Şərhlər