Dünya 15:00 10.01.2024

Çin lideri ABŞ-a qarşı çıxmaq üçün rekord sayda ölkə ilə əlaqələri gücləndirir

Çin rəhbəri Si Szinpin ABŞ-ın rəhbərlik etdiyi dünya nizamını yenidən formalaşdırmağa kömək etmək üçün Qlobal cənubu birləşdirməyə çalışarkən 2023-cü ildə rekord sayda ölkə ilə diplomatik əlaqələri yaxşılaşdırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg”in təhlili göstərir.

Qeyd olunur ki, Pekin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olan 17 ölkə ilə münasibətləri yaxşılaşdırıb. Si Szinpinin hakimiyyətdə olduğu ilk onillikdə belə bir temp müşahidə edilməyib. 

"Bloomberg" yazır ki, Vaşinqton əsasən varlı müttəfiqlərindən asılı olan diplomatik strategiya qurarkən, Pekin bunun əksini edir, dünya əhalisinin əksəriyyətini təşkil edən inkişaf etməkdə olan ölkələri ticarət və sərmayə yolu ilə şirnikləndirir.

Stimson mərkəzinin Çin proqramının direktoru Yun Sun bildirib ki, ABŞ ilə strateji rəqabət dərinləşdikcə, Çin getdikcə daha çox, xüsusən də iqtisadi cəhətdən Çindən asılı olan və ya oxşar dünyagörüşünə malik olan ölkələrlə tərəfdaşlıq bazasını gücləndirməyə çalışır.

Son bir ildə Çinlə əlaqələri yaxşılaşdıran ölkələr sırasına qonşu Türkmənistan və Qırğızıstan, Afrikada Zambiya və Efiopiya, Latın Amerikasında isə Venesuela, Uruqvay və Kolumbiya daxildir.

Çin Tayvanla diplomatik əlaqələri kəsərək Pekinə sığınan Solomon adaları və Nikaraqua ilə də əlaqələri gücləndirib.

Çin-Qlobal cənub layihəsinin həmtəsisçisi Erik Olander bu ölkələrin bir çoxunun ABŞ və Qərblə ziddiyyət təşkil etdiyini və Çinə meyl edənlərin "Çin kainatında lövbər salmaq üçün artan diplomatik əlaqələrin səviyyəsi ilə mükafatlandırılacağını" söyləyib.

Materialda Pekinin ikitərəfli münasibətlər üçün müxtəlif adlardan istifadə etdiyi bildirilir. Çin, Pakistan, Belarus və Venesuela üçün müxtəlif şərtlərə baxmayaraq, sınaqdan çıxan və möhkəm qalan dostluğu təsvir etmək üçün "hər cür hava şəraitində strateji tərəfdaşlıq" terminindən istifadə edir. Ölkə Birləşmiş Ştatlarla əlaqələri "böyük güclər arasında yeni tip münasibətlər” kimi təsvir edir və Sinqapurla əlaqələr rəsmi olaraq "hərtərəfli, yüksək keyfiyyətli, gələcəyə hesablanmış tərəfdaşlığa” yüksəldilib.

Bundan əlavə, Si Szinpinin diplomatiya aparma tərzində də dəyişikliklər olub: Çin lideri keçən il beynəlxalq səyahətlərini azaldıb, Çindən kənarda cəmi 12 gün keçirib və dörd ölkəyə səfər edib, bu, hakimiyyətə gəldikdən sonra pandemiya olmayan il üçün ən aşağı göstəricidir.

Lakin Si Szinpin Qlobal cənubdan xarici rəsmiləri öz ölkəsinə dəvət edərək  70-ə yaxın lideri qəbul edib, əsasən də Mərkəzi Asiya ölkələri ilə iki sammit və "Bir kəmər və yol” forumu çərçivəsində.

Nizami Bağırov