Xəbər lenti

Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan
Dünya 23:12 30.06.2026

Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı

II Dünya müharibəsinin ən faciəli hadisələrindən biri ilə bağlı mühüm kəşf edilib. Uzun illər yanlış koordinatlar əsasında axtarılan, göyərtəsində minə yaxın müttəfiq hərbi əsir olan Yaponiyaya məxsus "Hofuku Maru" yük gəmisinin qalıqları Filippin sahillərində aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, II Dünya müharibəsi dövründə Yaponiya İmperiyası əsir götürdüyü müttəfiq hərbçiləri ağır sənaye müəssisələrində, mədənlərdə və hərbi tərsanələrdə məcburi əmək qüvvəsi kimi istifadə edirdi. Onların daşınması üçün yük gəmilərindən istifadə olunurdu.



Lakin bu səfərlər tarixə "cəhənnəm gəmiləri" adı ilə düşüb. Əsirlər gəminin yük bölmələrində dözülməz isti, aclıq və sürətlə yayılan yoluxucu xəstəliklər şəraitində yaşamaq uğrunda mübarizə aparırdılar. Bir çoxu limana çatmamış həyatını itirir, sağ qalanları isə quruda məcburi əməyə cəlb olunurdu.

Belə səfərlərdən biri 1944-cü il sentyabrın 21-də faciə ilə nəticələnib. İşğal altındakı Manila limanından yola çıxan "Hōfuku Maru" müttəfiq qüvvələrinin torpedası ilə vurulub. Ağır zərbə alan gəmi cəmi üç dəqiqə ərzində batıb və yük bölmələrində kilidli vəziyyətdə qalan təxminən min britaniyalı və niderlandlı hərbi əsir həlak olub.



Müharibədən sonra uzun illər ərzində gəminin dəqiq yeri müəyyən edilə bilməmişdi. Tədqiqatçılar ABŞ və Yaponiya hərbi arxivlərindəki sənədləri müqayisə edərək müəyyən ediblər ki, gəmi rəsmi sənədlərdə göstərilən nöqtədən təxminən 48 kilometr aralıda batıb.

Xüsusilə Yaponiya konvoy qeydlərində hücum anına dair koordinatlar sualtı axtarış qrupuna düzgün istiqamət verib. Bundan sonra Filippinin Zambales bölgəsi sahillərində sonar vasitəsilə axtarış aparılıb və təxminən 50 metr dərinlikdə əvvəllər xəritələrdə qeyd olunmayan böyük gəmi qalıqları aşkarlanıb.

Dərinlikdə aparılan dalışlar zamanı gəminin qalıqları ilə yanaşı, yük bölmələrində həlak olmuş hərbi əsirlərə aid olduğu ehtimal edilən sümük qalıqları da aşkar edilib.

Dəniz arxeoloqları və sualtı görüntüləmə mütəxəssisləri batığın üçölçülü modelini hazırlayaraq onu gəminin orijinal layihə sənədləri ilə müqayisə ediblər. Gövdənin ölçüləri, torpedanın yaratdığı zədələr və batma şəraiti də daxil olmaqla bir sıra xüsusiyyətlər qalıqların məhz "Hōfuku Maru"ya aid olduğunu təsdiqləyib.

Tarixçilər bildirirlər ki, "cəhənnəm gəmiləri"ndə baş verən faciələr unudulmamalıdır. Gəminin tapılması prosesi və aparılan sualtı ekspedisiyalar barədə yaxın vaxtlarda "Discovery Channel" televiziya kanalında xüsusi sənədli filmin nümayiş etdirilməsi planlaşdırılır.

Aydın
--> -->