Video 22:27 27.02.2024

Direktor rüşvət üstündə işdən çıxarıldı, daha iki məktəblə bağlı araşdırma aparılır (VİDEO)

Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, işdən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov açıqlamasında bildirib ki, təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlanılıb.

Agentlik direktoru həmçinin Səbail rayon 6 nömrəli və  Abşeron rayonu  9 nömrəli məktəbdə baş verənlərlə bağlı araşdırmaların davam etdiyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.