Ekonomiks 17:27 10.10.2023

Dövlət qurumu ilə şirkət arasında protokol qalmaqalı - 11 min manatlıq cərimə

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə "Vet Fruits” MMC arasında qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, qalmaqala səbəb AQTA-nın şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsi) və 544.2-ci (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməmə) maddələri ilə protokol tərtib etməsidir. 

Şirkət AQTA-nın bu qərarını qanunsuz hesab etdiyindən məhkəməyə şikayət edib. "Vet Fruits” MMC-nin şikayəti Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin icraatındadır. Oktyabrın 19-na iş üzrə məhkəmə baxış iclası təyin edilib.
 
Məlumat üçün deyək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir. 544.2-ci maddədə isə 4000 manatdan 5000  manatadək məbləğdə cərimə nəzərdə tutulur. 

Beləliklə, şirkətin şikayəti təmin olunmasa, onu 11 000 manatadək cərimə gözləyir.

AQTA 1 yanvar 2023-cü il - 31 iyul 2023-cü il tarixləri aralığında ölkəyə idxal olunan sanitar nəzarətə aid olan məhsullarda aşkar edilən uyğunsuzluqlarla bağlı siyahı açıqlayıb. Həmin siyahıda "Vet Fruits” MMC-nin də adına rast gəlinir. Siyahıda qeyd edilib ki, şirkətin İrandan idxal etdiyi albalıda bitkilər üçün zərərli olan həşəratlar və gənələr aşkar edilib. 

"Vet Fruits” MMC 14 mart 2023-cü ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Kərimova Nisə İlqar qızıdır.

Seyid