Çingiz Xan 1227-ci ildə vəfat etdikdə arxasında dünya tarixinin ən geniş sərhədlərə malik imperiyalarından birini buraxıb. Onun yaratdığı bu böyük imperiya milyonlarla insanın həyatına təsir etsə də, şəxsi həyatı və xüsusilə də dəfn yeri bu günə qədər sirr olaraq qalır.
Qaynarinfo xəbər verir ki, tarixçilər arasında ölüm səbəbi ilə bağlı müxtəlif iddialar var: yoluxucu xəstəliklər, döyüş yaraları, atdan yıxılma və hətta ildırım vurması kimi fərziyyələr irəli sürülür. Bəzi qeyri-rəsmi əfsanələrdə isə əsir alınmış Tanqut şahzadəsi tərəfindən yaralandığı və qan itkisindən öldüyü iddia olunur.
Qanlı dəfn mərasimi ilə bağlı sirr
Ən geniş yayılmış inanca görə, Çingiz Xanın cənazəsi Monqolustanın şimal-şərqində yerləşən müqəddəs Burhan Xaldun dağına aparılıb. Rəvayətlərə görə, məzarı quran əsgərlər yol boyunca rast gəldikləri hər kəsi öldürüb, iş tamamlandıqdan sonra isə özlərini öldürərək sirrin yayılmasının qarşısını alıblar. Digər bir əfsanə isə məzara toxunulmasının dünyanın sonunu gətirəcəyini iddia edir.
Bəzi alimlər bu rəvayətlərə şübhə ilə yanaşır. Lakin Burhan Xaldun bölgəsi Çingiz Xan ilə əlaqəsinə görə bu gün də Monqolustan hökuməti tərəfindən ciddi şəkildə qorunur və arxeoloji qazıntılara icazə verilmir.
Peyk texnologiyası belə nəticə vermədi
Müasir dövrdə müxtəlif axtarış cəhdlərinə baxmayaraq, dəqiq nəticə əldə olunmayıb. 2014-cü ildə "PLOS One” jurnalında yayımlanan bir araşdırmada minlərlə könüllü peyk görüntülərini analiz etsə də, nəticədə Çingiz Xana aid konkret bir iz tapılmayıb.
Monqol çöllərinin genişliyi, əlverişsiz relyefi və çətin şəraiti bu axtarışları daha da çətinləşdirir. Bəzi tarixçilərə görə isə Çingiz Xanın məzarının gizli qalması onun öz iradəsi ilə bağlıdır və bu sirrin qorunması tarixi bir vəsiyyət kimi qəbul edilir.
Aydın
Şərhlər