"Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur".
Qaynarinfo xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində qeyd olunub.
Məlumata görə, BDYPİ tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır.
"Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir".
Şərhlər