Ölkə 12:10 24.12.2022

Şəfiqə Məmmədovanın qurumunda yeni qalmaqal: Qurultaysız sədr seçilib

Xalq artisti Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçiməsinə aydınlıq gətirib.

Sədr Qaynarinfo-ya açıqlamsında bildirib ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədrinin seçilməsi qurultay keçirməklə müəyyən olunmur:

"Bizdə qurultay deyl. Nizamnaməmiz bütün qurumların nizamnaməsindən fərqlidir. Nizamnaməyə görə, təsisçilərin iştirakı ilə yığıncaq çağırıla bilər. Həmin yığıncağımız da bir neçə gün öncə olub və bununla bağlı dövlət xəbər agentliyi də məlumat yayıb. Vəssalam, bundan əlavə heç nə deməyəcəm”.

Əməkdar İncəsənət xadimi Ayaz Salayev də Qaynarinfo-ya açıqlamasında həmin yığıncaqda iştırak etdiyini açıqlayıb:

"Şəfiqə xanım iclasda deməyib ki, "mən sədr seçilmişəm”. Bu işləri Cəmil Quliyev bilir, mən prosesləri o qədər də bilmirəm. Oradan maaş almıram. Amma mən Şəfiqə xanımı dəstəkləyirəm. Ondan başqa rəhbərlikdə heç kimi görmürəm”.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudovbəyov üzvü olduğu qurumun qurultay keçirməsindən xəbərsiz olduğunu açıqlayıb:

"Şəfiqə Məmmədova ilin sonunda hesabat adı ilə İdarə Heyətini çağırıb, seçki edərək özünü sədr seçdirib. Həmçinin, mətbuat xidməti idarəsinin xəbəri olmadan mediaya deyib ki, qurultay keçirildi və mən sədr seçildim. Hansı qurultay? Harada keçirildi?”.

Bahar Rüstəmli