"Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın başladığı prosesdə mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsinə təsir edəcək”.
Bunu Qaynarinfo-ya politoloq Cümşüd Nuriyev Türkiyə prezidenti Ərdoğanın BMT Baş Assambleyasında Azərbaycana dəstək verən çıxışını şərh edərkən deyib.
Cümşüd Nuriyev buna görə də Azərbaycanın Ərdoğana minnətdar olduğunu bildirib:
"Bu günə qədər Azərbaycanın sözünü Azərbaycan Prezidenti deyirdi. Bu addım uğurla həyata keçirilsə də, dünyada hər hansı bir ölkə nümayəndəsi öz dövlətinin problemlərini qabardanda, adətən ona bir qədər başqa müstəvidə baxırlar. Bu mənada Ərdoğanın BMT Baş Assambleyasında Azərbaycana dəstəyini ciddi məsələ hesab etmək olar. Türkiyə hazırda G20-yə daxil olan nüfuzlu ölkələrdəndir. Digər tərəfdən, Türkiyənin sərgilədiyi mövqe dünya tərəfindən güc olaraq qəbul edilir".
Politoloq deyir ki, əvvəllər Türkiyəni NATO üzvü olaraq güclü dövlət kimi tanısaq da, hadisələrin gedişi, xüsusilə son illər Ərdoğanın göstərdiyi siyasi fəaliyyət birmənalı şəkildə qardaş ölkənin gücünü ortaya qoyur:
"Ərdoğan hakimiyyətdə olduğu illərdə çoxsaylı nailiyyətlər əldə edib. Dünya siyasi arxitekturasında oynadığı rola görə, türk və müsəlman dünyasının lideri kimi Ərdoğan böyük nüfuz sahibdir. Ərdoğan əldə etdiyi nailiyyətləri həm də Azərbaycanın maraqları üçün edib. Bu mənada Ərdoğanın BMT-dəki çıxışı çox önəmlidir. Türkiyə Prezidentinin bu çıxışı təkcə əsl dostluq və qardaşlıq deyil, həm də Azərbaycan deməkdir. Türkiyə Azərbaycanla nəfəs alır. Azərbaycanın maraqları artıq Türkiyənin maraqları ilə tam uyğunlaşıb. Buna görə də Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın başladığı prosesdə mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsinə təsir göstərəcək çıxışdır”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü qoruması istiqamətində atdığı addımları dəstəklədiyini bildirib:
"Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik. Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa bir statusun zorla qəbul etdirilməsi əsla qəbul olunmayacaq. Ermənilər daxil hər kəsin Azərbaycan torpaqlarında sülh içərisində birlikdə yaşaması prioritet hədəfimiz olmalıdır. "Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində atılan addımları dəstəkləyirik".
Rüfət Sultan
Şərhlər