İdman 11:38 11.11.2022

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmadı

Erməni idmançı Armen Quşçiyan Polşanın Keltse şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə azərbaycanlı rəqibi ilə döyüşə çıxmaqdan imtina edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Boks Federasiyasından bildirilib.

Məlumata görə, bu səbəbdən təmsilçimiz Məsud Yusifzadə (51 kq) döyüş keçirmədən yarımfinala yüksəlib.

Yusifzadə finala gedən yolda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gələcək. Bu döyüş noyabrın 12-də baş tutacaq.

16 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub.

Millinin uğurlu seriyasını Ümid Rüstəmov (57 kq) da davam etdirib. Təcrübəli boksçumuz 1/4 final mərhələsi çərçivəsində Tirzoman Eysebyu (Rumıniya) ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. O, noyabrın 12-də keçiriləcək yarımfinalda Şon Persellə qüvvəsini sınayacaq.

75 kq çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə (75 kq) isə Bartoş Qolebyevski (Polşa) ilə qarşılaşıb. Rəqib qələbə qazandığından boksçumuz yarışla vidalaşıb.

Qeyd edək ki, yarışın ilk günündə Eldar Quliyev (86 kq) də qələbə qazanıb. Turnirdə final döyüşləri noyabrın 13-də olacaq.