Siyasət 18:10 26.12.2022

Ermənistan MDB və KTMT-dən imtina edir? – Ekspert

"Paşinyan Rusiyaya qarşı belə demarşlarla əslində Qərbdən ona ünvanlanan "ev tapşırığını” yerinə yetirir”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ermənistan baş naziri Paşinyanın yanvarın 10-dək Laçın dəhlizi açılmadığı təqdirdə İrəvanın KTMT və MDB-dən çıxmaqla bağlı prosesə başlayacağı barədə təhdidinə münasibət bildirərkən deyib:
 
"Qərbin dəstəyilə hakimiyyətə gələn Paşinyan əvvəldən Rusiya ilə münasibətlərdən razı qalmayıb. Bu mənada onun Rusiyaya yönəlik açıqlamaları hər zaman özünü göstərib. ABŞ Nümayəndələr Palatasının əvvəlki spikeri Nensi Pelosi İrəvana səfəri fonunda Paşinyana bildirmişdi ki, Ermənistan Qərbin çətiri altına keçmək istəyirsə, Rusiyadan üz döndərməli, KTMT-dən çıxmalıdır. Bu fonda  Paşinyan ara-sıra mövcud vəziyyətdən istifadə edərək Rusiyaya qarşı çıxmaqla əslində Qərbdən ona ünvanlanan "ev tapşırığını” yerinə yetirir. Onun Moskva qarşısında Laçın dəhlizinin açılması şərtini qoymasına gəldikdə, bu dəhliz onsuz da bağlı deyil. Oradan humanitar məqsədlər üçün istifadə olunur. Bakı sadəcə olaraq, Azərbaycanın suverenliyi çərçivəsində öz ərazisində sərvətlərin talan olunmasının qarşısını almaq üçün orada humanitar aksiya keçirir”. 
 
 

Həmsöhbətimiz düşünür ki, Paşinyan Laçın dəhlizi məsələsindən sadəcə olaraq, Moskvadan qopmağa əsas yaratmaq üçün bəhanə kimi istifadə edir:"Belə addımları ilə Paşinyan çalışır ki, Qərbdən açıq dəstək alsın. Bu kimi  fikirləri gündəmə atmaqla Paşinyan həm də münaqişə ətrafında Qərbin hesabına beynəlxalq mexanizmin yaranmasına nail olmaq istəyir. Ancaq Azərbaycan heç bir  halda həmin şansı tanımayacaq. Qarabağ mövzusunda  heç bir geosiyasi oyunçu Bakı ilə söhbət apara bilməz”.
 
Ekspertə görə, Paşinyanın həmin məqamı vurğulaması həm də onu göstərir ki, o, sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. 
Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, Nikol Paşinyan Laçın dəhlizi ilə bağlı Kreml qarşısında şərt qoyub. Paşinyan qeyd edib ki, yanvarın 10-na kimi Laçın dəhlizi məsələsi həll edilməsə, Ermənistan 2023-cü ilin sonuna qədər KTMT və MDB üzvlüyündən çıxa bilər.

Rüfət Sultan